«Tapa bilməsələr mənə yardım üçün müraciət etsinlər»
Xəbər verdiyimiz kimi, səfir Arif Məmmədov axtarışa verilib. Azərbaycan hökuməti siyasi mülahizələrlə səfirə qarşı cinayət işi qaldırmışdı, amma bu, Arif Məmmədov tutduğu vəzifədən istefa verdikdən dərhal sonra baş vermişdi. Əlbəttə, o zaman da, indi də aydındır ki, cinayət işinin qaldırılması da, axtarış söhbətləri də yalnız və yalnız siyasi mülahizələrə əsaslanır, ortalıqda konkret olaraq heç bir ciddi ittiham yoxdur. Bu axtarış xəbəri ilə bağlı səfir Arif Məmmədova nüraciət etdik. O, «Azadlıq»a belə bir açıqlama verdi:
«Mənim barəmdə axtarış elan edilməsi o qədər qeyri- ciddi hərəkətdir ki, bununla bağlı ciddi reaksiya verməyin nə qədər doğru ola biləcəyini təxmin eləyə bilmirəm. Orada adamların, yəni bu axtarış hoqqasını elan edən adamların beyinlə düşündüklərinə inanmaq mənim üçün çətindir. Yəni, mənim barəmdə axtarış elan edilməsi nə deməkdir ki? Axtarışı elan edənlərin özlərinə soruşsaz, onlar da düz-əməlli bir cavab verə bilməzlər. Buna görə də mən də bu mənasız tədbirlə bağlı tutarlı bir cavab axtarmağa çalışmıram. Görünür, mənim hərəkətlərimi məhdudlaşdırmaq istəyirlər ki, Qərbi Avropa ərazisindən kənara çıxmayım. Ola bilər ki, bu yaxınlarda AND hərəkatının iclasını Tbilisidə keçirmək istədiyimiz barədə xəbərin elan edilməsi də bunları çaşdırıb. Amma hətta bunu nəzərə alıblarsa belə, yenə də mənasız düşüncədir. Buna görə də, bu xəbərin üzərindən yumorla keçməyə üstünlük verirəm, baxmayaraq ki, axtarış qərarı verənlərin yumor hisslərinin olduğuna şübhə edirəm. Əgər axtarış elan ediblərsə, o zaman axtarsınlar. Tapa bilməsələr, mənə xəbər eləsinlər. Bəlkə, bir yardımımız ola bildi».
azadliq.info
Oxunub: 2130