Əli Həsənov öz açıqlamasını prezidentlə nə zaman razılaşdırıb – “bizim erdan əvvəl, ya sonra”?
Hacı Cavad məscinin sökülməsini atdılar Yasamalın icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin üstünə. Prezidentin köməkçisi çıxdı, elan elədi ki, icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev məscidin sökülməsinə özbaşına qərar verib və buna görə də prezident hirslənərək onu işdən azad edib.
Bu mübahisəli məscidin söküləcəyini biz, əminliklə proqnozlaşdırmışdıq. Proqnoz nəyə əsaslanırdı ? Bir evin, bir məhəllənin, bir məscidin sökülməsinə qarşı etiraz aksiyalarının heç bir nəticəsinin olmayacağına inamdan qaynaqlardı bu proqnoz. Azərbaycan sökülür və buna qarşı çıxmaq üçün etiuraz aksiyaları təşkil etmək lazımdır. Yalnız o zaman nələrisə xilas eləmək olar və hələ gec deyil. Amma Hacı Cavad məscidinin sökülmə hökmü verilmişdi, elə həm də o köməkçinin prezident tərəfindən verilmişdi
Əli Həsənovun dediyinə görə, guya hökumət istəyirmiş ki, yeni məscid tikiləndən sonra Hacı Cavad məscidi sökülsün, amma İbrahim Meydiyev yaramazlıq edib.
Yeni məscidin tikiləcəyi müəmmalıdır. Hətta həmin yeni məscidin tikilməsi üçün hardasa, nə qədərsə yer ayrılıbsa, həmin yerdə ya bir dükan tikərlər, ya da nəsə başqa bir obyekt. Məsələn, elə bu günlərdə belə bir versiya səsələnə bilər ki, Hacı Cavad məscidinin xələfinin tikilməsi üçün ayrılmış yer, sən demə, hansısa iş adamına məxsus imiş və həmin şəxsin o ərazi ilə bağlı başqa planları varmış və buna görə də gərək başqa yer tapılsın. Məsələn, belə bir variant ola bilər. Hər bir halda, həmin məscidin tikiləcəyi az ehtimal olunan variantdır. İbrahim Mehdiyevin işdən azad edilməsi də başqa bir «variant»dır. Şübhəsiz, bir müddət keçəndən sonra, bəlkə də lap, elə bu ilin sonuna qədər İbrahim Mehdiyev ya başqa bir rayona icra başçısı göndəriləcək, ya da nazir müavini səviyyəsində bir vəzifəyə təyin ediləcək. Bu, «hirslənib işdən qovma» söhbəti isə dövlət səviyyəsində uşaq nağılıdır.
Məscid sökülməmişdən saatlarla əvvəl sosial şəbəkələr həmin məscidin ətrafına yeridilən ağır texnikanın zəhmindən silkələnirdi. Buna görə də, məscidin, guya prezidentdən və onun gündən- günə böyüyən, güclənən, zəhmini artıran aparatından xəbərsiz sökülməsi «inzibati dələduzluq» silsiləsindən olan daha bir xəbərdir.
Hacı Cavad məscidi İlham Əliyevin göstərişi ilə sökülüb. Bu göstərişi İbrahim Mehdiyevə elə həmin Əli Həsənov çatdırıb. İbrahim Mehdiyevin özü də «sən sök, işdən çıxaracağıq, sonra isə daha yaxşı vəzifəyə gedəcəksən» eyhamı necə lazımdır, çatdırılıb. Bakıda hər hansı məscidi, o cümlədən, ətrafında bu qədər qalmaqal yaranan bir məscidi İbrahim Mehdiyev yox, heç Hacıbala Abutalıbov da sökdürə bilməz. «Arğac arıqdan gəlib» məsəlində olduğu kimi, məscidin edam qərarı da prezident aparatından gəlib.
azadliq.info
Oxunub: 1366