(Yasamala icra başçısı təyin ediləcək məmura xəbərdarlıq yazısı)
Hakimiyyəti qoyuram bir qırağa. Dindarlarları, inanclı insanları, dinə meylliləri, onların təsiti altında olanları o biri yana. Müxalifəti də gözə almıram. Ordan başlayıram ki, İbrahim Mehdiyev “qurban” deyil. Yasamal rayonunun keçmiş icra başçısı İbrahim Mehdiyev vəzifədən çıxarılmalıydı, özü də çoxdan. Bir ay sonra göbələk kimi hansısa rayonda başçı kreslosunda bitməsə, nə əla. İşini yoxlatdırıb kvadrat-kvadrat, sot-sot satıb pulunu cibinə qoyduğu torpaqların haqq-hesabını aparan olsa adamın yeri Kürdəxanı “sanatoriya”sıdır.
Bu o İbrahim Mehdiyevdir ki, beş ildir Yeni Yasamalda mənim də yaşadığım həyətin sakinlərinin onlarla şikayət məktubunu bürmələyib zibil qutusuna atıb. Altı və on iki bloklu iki-biri doqquz, o biri on mərtəbə binanın həyətinin düz ortasında qanunsuz iki tikilinin (mağaza və qaraj) sökülməsinə icazə verməyib. Açıqca etiraf edbi; sökdürə bilmərəm, sərəncamım var. Nə sərəncammış ama. Sovetskidə son illər tikilmiş 16 mərtəbəli binanın sərəncamı yoxdumu? Sökürlər. Nəsimi rayonunda Xutor qəsəbəsində sakinləri ayaqaçdı eləmədən çoxmərtəbəli binanı sökdülər; sərəncam yada belə düşmədi. O iki tikili bizim həyətin sakinlərinə göz dağıdır. Mehdiyevin “yadigarı”. Yeni başçı təyin edilsin, birinci işim tikililərin sökülməsi məsələsini qaldırmaq olacaq. Pisdən-yaxşıdan abadlaşmış həyətin düz ortasındakı qaramat tikililər əzəl-axır söküləcək. Axır ağlı başında birisinin ağlı başına gələcək. Adamlarla adam kimi davranmağı biləcək.
İşdən çıxarılan o Mehdiyevdir ki, arıq, çəlimsiz fotorepartyor Fərqanə Mehdiyevaya qarşı kobudluq etmişdi. Xaraktercə kobud adamdı, ona görə. Hacı Cavad məscidinin sökülməsinə görə işdən çıxarılması prezidentin Mehdiyevə lütfüdür. Onu başçılıqdan uzaqlaşdırmaq üçün minlərlə tutarlı səbəb varkən. Məscid eks başçının zibillərini ört-basdır elədi.
Sokülən məscidin yaxınlığında rəfiqəm yaşayır; qulağı səsdə, ürəyi səksəkədə. Evlərinin söküləcəyi günü gözləyirlər. Hərdən baş çəkirəm, tozun-torpağın içində yaşayırlar. Zülm çəkir söküntü gözləyənlər. Onların yolu məscidin yanındandı. O məscid sökülməliydi, ömrünü başa vurmuşdu. Kimsə sözümdən narazı qalmasın; Allahın evi o gündə olmamalıdır. Təzə məscid tikirlər; bina, məkan dəyişəndə bəndənin ürəyindəki Allah sevgisi azalır məgər?
Siz ondan danışın ki, ən böyük, yaraşıqlı Heydər məscidinin qapıları qapalıdır, insanların üzünə bayramdan-bayrama açılır. Namaz otaqlarını çıxsaq məscidi gəzmək üçün ayrıca icazə olmalıdır, yanına da birini qoşmalıdılar. Beş dəqiqəlik ziyarətdən o yanaya qadağa var. Kimsəni ayaqlarını uzadıb dincini almağa qoymurlar. Səbəbini soruşdum, dedilər ətrafda yaşayanlar məscidi çirkləndirirlər, uşaqlarını bura gəzməyə gətirirlər. Azərbaycanın ən böyük məscidi gözəgirmək üçündü. Bir zamanların bəzədilib saxlanan qonaq otaqları vardı ha, elə.
Kiçik bir məscidin sökülməsinə etiraz edən inanclılar o boyda məscidin qapılarının bağlı qalmasına niyə bunca biganədilər, anlamıram. O məscidin bu məsciddən nə əksikliyi var görəsən?!
Fimar
Oxunub: 1116