“Economist” yazır ki, əslində Səudiyyə Ərəbistanının bir vaxtlar öz dözümsüzlüyü olmasaydı,Əl-Cəzirə bu gün Ərəb dünyasının ən populyar telekanalı da olmazdı.
Hər şey ondan başlanmışdı ki, Səudiyyə Ərəbistanı BBC-nin ərəbdilli telekanalının tənqidi reportajlarından əsəbiləşərək korporasiyanı öz peykindən çıxarmışdı. BBC-nin telekanalı bağlanandan sonra birdən-birə onlarca əməkdaş işsiz qalmışdı. Məhz bu məqamda o vaxta qədər çox da tanınmayan Əl-Cəzirə telekanalı peyda olub onları işə götürmüşdü. Yeni telekanal ilk dəfə 1996-cı ildə efirə çıxmışdı. Əl-Cəzirənin işçiləri məhz buna görə də BBC standartlarını uzun müddət saxlaya bilmişdilər.
İndi isə Səudiyyə Ərəbistanının öz qonşusu, balaca əmirlik Qətərlə mübahisəsində ona verdiyi ultimatumun 13 bəndindən bir də bu telekanalın bağlanmasıdır.
“Economist” yazır ki, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri də daxil bir neçə ərəb ölkəsi bu kiçicik monarxiyanı terrora dəstəkdə və İranla əlaqələrdə ittiham edərək blokadaya salıb.
Lakin məqalə müəllifinin fikrincə, Səudiyyə Ərəbistanının əsas dərdi Əl-Cəzirədir, çünki müəyyən mənada balaca əmirliyin regiondakı böyük nüfuzuna bu telekanal töhfə verib.
İndiyədək onsuz da bir neçə ərəb ölkəsi bu telekanalın yayınlarını qadağan edib. Bu ölkələr Əl-Cəzirə telekanalında nə isə unikal bir xüsusiyyət görürlər. Bütün başqa ərəb kanalları rəsmi dövlət süzgəcindən keçən xəbər və reportajları yayırlar, Əl-Cəzirə isə müstəqil telekanaldır. Hər halda son vaxtlara qədər belə olub.
Yaradılmasının ilk günündən telekanal qızğın diskussiyaları, avtokratlara qarşı təqnidi ilə məşhurlaşıb. Əlbəttə, Qətərin özünü çıxmaq şərtilə…
Bu kanal Səddamı “diktator” adlandırıb və israillilərə efirdə danışmaq imkanı yaradıb. Bu telekanal həm də dissidentlər, islamçılar və panərəb millətçiləri üçün platforma olub. Bir sözlə Əl-Cəzirə özünün də elan etdiyi kimi, “səssizlərin səsinə” çevrilə bilib. Regionun senzorlarına acıq verərək mükafatlar alıb. Bu da deyilməlidir ki, bu telekanal bu və ya digər dərəcədə ayrı-ayrı vaxtlarda regionun bütün ölkələrindən qovulub.
Lakin “Economist” yazır ki, telekanalın ekstremist baxışlara meydan verib təbliğ etdiyi də olub. Bu telekanal Osama bin Ladenin mesajlarını yayımlayıb, Yusuf əl-Qaradaviyə öz zorakı ideyalarını yaymaq imkanı verib. Telekanalın Beyrut bürosunun direktoru dörd israillini öldürmüş yaraqlının ad günündən reportaj verib. Kanalın müharibə reportajlarında qızışdırıcılıq əlamətləri görünür.
“Economist” yazır ki, Qərbdə əl-Cəzirənin yalnız ingilis proqramları ilə tanış olanlardan bəziləri onun qərəzli media olduğunu bilirilər. Lakin Ərəb Körfəz Dövlətləri İnstitutunun təhlilçisi Hüseyn İbiş deyib ki, müqayisədə ərəbcə əl-Cəzirə sanki “narkotiklənmiş Fox News” kanalıdır.
Məqalədə deyilir ki, 2011-ci ildə Ərəb baharı başlananda, Əl-Cəzirə artıq oturuşmuş bir telekanal idi, lakin buna baxmayaraq məhz ərəb inqilabları bu media qurumu üçün dönüş nöqtəsinə çevrildi. Telekanal etirazlardan canlı efirlər təşkil edirdi. Bu kanal etirazçıların və müşahidəçilərin əsas informasiya mənbəyinə çevrilmişdi. Həmin dövrdə Qahirədə bürosunun bağlanmasına baxmayaraq Misir inqilabı zamanı əl-Cəzirənin internet trafiki 2500 faiz artmışdı! Təhrir meydanındakılar “Yaşasın Əl-Cəzirə” şüarları söyləyirdilər.
Bütün bunlar Qətərin yaxın qonşularını o qədər də açmırdı. Onlar qorxurdular ki, kanal ərəb inqilabını Körfəz ölkələrinə də yaya bilər.
Əl-Cəzirənin Misirdə Müsəlman Qardaşlığı təşkilatını dəstəkləməsi isə onu Körfəz ölkələri ilə daha çox üzbəüz qoymuşdu.
2012-ci ildə kanalı tərk etmiş jurnalist Əxtəm Suliman deyirdi ki, Əl-Cəzirənin yayınları jurnalistikanın prioritetlərinə deyil, Qətər Xarici İşlər Nazirliyinin təlimatlarına əsaslanır.
Əl-Cəzirə yenə də hücumdadır. Ötən apreldə Yəməndə 12 Səudiyyə əsgəri öldürüləndə kanal onları “şəhid” adlandırmamaqla Ər-Riyadı daha da hiddətləndirmişdi.
Kanal Müsəlman Qardaşlığının 2013-cü ildə devrilməsini “çevriliş” adlandırmaqla Misir hakimiyyətini də qıcıqlandırır.
Əl-Cəzirə həm də əl-Qaedanın qolu olan Cəbhət ən-Nüsraya rəğbətli mövqe tutub.
Qətərə qarşı blokada elan ediləndən bəri telekanal Yəməndəki müharibəni daha kəskin tənqid edir.
İndi kanal diqqətini daha çox Yəməndə dinc əhalinin bombardmanına və burada yayılan vəba xəstəliyinin fəlakətlərinə yönəldir.
“Economist” yazır ki, əl-Cəzirə çox güman ki, bu böhrandan da salamat çıxacaq, amma ola da bilsin Qətər hökuməti onun tonunu bir qədər almalı olacaq.
Oxunub: 184