Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz etdiyinə görə həbs olunan beş nəfərin məhkəməsi başlayıb.
“İşıq məhbusları” adlandırılan Cəlal Quliyev, Zaur Feyruz, Gülağa Alməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərovun işinə Cəbrayıl Rayon Məhkəməsinin sədri Təranə Hüseynova baxır.
21 zərərçəkən polis var
İyunun 30-da məhkəmənin hazırlıq iclası keçirilib. İclasa yalnız təqsirləndirilən şəxslərin xəsarət yetirdiyi iddia olunan və iş üzrə zərərçəkmiş qismində tanınan polisləri buraxıblar. Zərərçəkən polislərin sayı 21 nəfərdir, amma onların hamısı gəlməyib.
Təqsirləndirilən şəxslərin yaxınları, jurnalistlər və prosesi izləməyə gələn digər şəxslər zalda yer olmaması səbəb göstərilərək, məhkəməyə buraxılmayıb.
Hazırlıq iclasında vəkil Elçin Sadıqov cinayət işinə xitam verilməsi, qanunsuz yolla əldə olunmuş sübutların yolverilməz hesab edilərək, işdən xaric olunması, prosesin audio və video yazısına imkan verilməsi, təqsirləndirilən şəxslərin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətlər qaldırıb.
Təqsirləndirilən şəxslərin yaxınları, hətta məhkəmənin həyətinə də buraxılmayıb. Məhkəmə binasının yaxınlığında gözləyən şəxslərdən bir neçəsinin vəziyyəti pisləşib.
Həbsdəki şəxslərdən Qarabağ əlili Gülağa Hüseynovun anası Firuzə Hüseynova və İlkin İsgəndərovun bacısı Gülnarə İsgəndərova bayılıb. Ətrafdakıların yardımından sonra onların durumu nisbətən yaxşılaşıb.
Məhkəmənin hazırlıq iclası davam edir. (azadliq.org)
Oxunub: 264