“Dünyadan ədalət tələb edəndə, özünüzün yaratdığınız “ədalət”ə də baxın”
Hüquq müdafiəçisi Anar Məmmədli özünün facebook səhifəsində iki son hadisəyə münasibət bildirib. Həmin statusu təqdim edirik:
– İki yaşlı körpənin ölümü ilə bağlı Ermənistan rəhbərliyi, dünya birliyi və müharibəni lənətlədiyimiz son 3 gündə Bakıdan bir az uzaqda yerləşən 2 saylı həbsxanada gənc siyasi məhbus Qiyas İbrahimov işgəncələrə məruz qalıb.
Zəhranın və nənəsinin ölümünü kimisi vətənpərvərlik, kimisi milli duyğuları, kimisi də insanpərvərliyi çərçivəsində pislədi. Olsun, hər kəsin eyni olaya eyni duyğularla yanaşması kimi öhdəliyi yoxdur. Bəs Qiyas İbrahimovun döyülməsi, onun mənəvi-psixoloji təzyiqlərə məruz qalması!? Bu, vətənpərvərlik, millətçilik, yoxsa insanpərvərlikdir? Məsələ burasındadır ki, hər iki olayın arasında əlaqə var.
Məsələn, biz şahidi olduq ki, Füzuli rayonunda mülki əhalinin ölümünə ciddi beynəlxalq reaksiyalar yoxdur. Son 3 gündə Minskdə ATƏT-in Parlament Assambleyasının illik toplantısı keçirildi. Orada Ukrayna nümayəndə heyətinin tələbi ilə Rusiyanın bu ölkəyə aqresiyası ilə bağlı qətnamə qəbul edildi. Ancaq Bakıdan gedən deputatların Füzulidə mülki əhalinin ölümü ilə bağlı belə bir qətnamənin qəbulu üçün Minskdə təşəbbüsdə olması və ya təşəbbüsü olub buna beynəlxalq dəstək almasına dair bilgimiz yoxdur. Hazırda bu olaya ATƏT-in Minsk qrupu təmsilçiləri və AŞPA-nın həmməruzəçiləri istisna olmaqla ciddi beynəlxalq reaksiya yoxdur. Bilirsizmi reaksiya niyə yoxdur? Ona görə ki, Azərbaycan hakimiyyətinin öz vətəndaşlarına qarşı antihumanist davranışları, insan hüquqları və qanunun aliliyi üzrə beynəlxalq öhdəlikləri yerinə yetirməməsi fonunda “humanizm axtarması” ikrahla qarşılanır. Bəlkə də kimin üçünsə zəhralar daha doğmadır, qiyaslar isə yaddır. Amma heç kimin onları öldürməyə, döyməyə və işgəncələrə məruz qoymağa haqqı yoxdur.
Qiyas ona görə həbsdədir ki, Zəhralar şəxsiyyətə pərəstişdən, siyasi ehkamçılıqdan və yaltaqlıqdan uzaq azad ölkədə yaşasınlar. Bəlkə Zəhra yaşasaydı Qiyasın verdiyi illərdən və günlərdən bəhrələnəcəkdi. Bəlkə Zəhra da böyüyüb Qiyas olacaqdı… Bütün hallarda dünya bizi görür və demokratik dünya üçün Zəhraya güllə tuşlayanla Qiyası dəyənəklə döyənin heç bir fərqi yoxdur. Çünki ikisi də insanlığa qarşı cinayətdir. Ona görə də dünyadan ədalət tələb edəndə, özünüzün yaratdığınız “ədalət”ə də baxın.
Oxunub: 614