Düşmənin öldürdüyü körpə Zəhranın acısı bütün azərbaycanlıları yandırdı. Belə də olmalı idi. Nəinki vətəndaş, ümumiyyətlə insan olmanın şərti də budur. Ancaq vətəndaş, insan olmanın başqa şərtləri də var. Hökumətin bütpərəstlik siyasətinə qarşı çıxmış “Heykəl məhbusu” Qiyas İbrahimov onsuz da çox sərt cəzalandırılıb. Yazdığı bir şüara görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Girov saxlanıldığı cəzaçəkmə müəssisəsində köməksiz vəziyyətindən istifadə edib, üstəlik ona işgəncə də verirlər. Onun anası Şura xanımın çəkdiklərini təsəvvür edirsiniz? Niyə bu günlərdə hamılıqla Şura xanımla həmrəy ola bilmirik? Niyə Qiyasa qarşı edilən bu anti-insani hərəkətlərə etirazımızı hamılıqla bildirmirik?
Bütün şüurlu həyatını millətinə, dövlətinə xidmətə, ədalət axtarışına həsr etmiş Gözəl Bayramlının müalicəsinə imkan verməməklə hakimiyyət onu həbsxanada tədricən, xəstəliyin əlilə, “təbii şəkildə” öldürmək istəyir. Hamımız bunu bilirik. Lakin yenə də hamılıqla etiraz etmək əvəzinə, xeyli hissəmiz bu insan qatilliyinə susuruq, göz yumuruq.
Mən əlbəttə, Zəhranın müsibətilə təsvir etdiyim digər haqsızlıqları bərabərləşdirmirəm. Zəhra balamızın faciəsi tam fərqlidir. Qisası ağır olmalıdır. Ancaq güclü xalq gərək hər bir vətəndaşına sahib çıxa bilsin, qeyrətli övladlarının namərdlər tərəfindən məhv edilməsinə imkan verməsin. Xalq olaraq güclü və həmrəy olmalıyıq. Rejimin anti-insanı əməllərini durdurmağın da, insanlığa qarşı cinayətlər törədən düşməni məğlub etməyin də yolu xalq olaraq güclü, ləyaqətli, cəsarətli, haqqa dayaq olmaqdan keçir.
Oxunub: 794