Xarici təhdidlər qarşısında dik durmağın tək yolu xalqa söykənməkdən keçir
Rusiya artıq Azərbaycanla tələb dilində danışır. İki gündür ki, Azərbaycan xalqı 2 yaşlı Zəhranın yası içindədir. Zəhranın faciəli ölümü indiyə qədər öz ev-eşiyində öldürülmüş, təhqir edilmiş yüzlərlə digər azərbaycanlı körpələrin də qısa, lakin faciəli həyatlarını yada salır. Neçə illərdir ki, bizim dünyadan xəbərsiz körpələrimiz, analarımız, bacılarımız, atalarımız, oğullarımız bu erməni faşizminin qurbanı olurlar. Bu rəzalət uzun illərdir ki, davam edir. Lakin bu problemin həlli heç vaxt ölkəmizdəki sülalə hakimiyyəti üçün prioritet olmayıb. Onlar torpaqları azad etmək, münaqişəni başa çatdırmaq strategiyası qurmaq əvəzinə hər zaman ailə hakimiyyətini əbədi etmək planları qurublar və biz indi bu səhv siyasətin acılarını yaşayırıq. Ölkəni idarə edən rejimin məsuliyyəti aydındır. Biz onun məsuliyyəti haqda tez-tez danışırıq. Mən bu dәfә diqqətinizi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, münaqişənin həlli üçün üzərinə məsuliyyət götürmüş Rusiyanın son 2 gündəki bəyanatlarına cəlb etmək istəyirəm.
Biz Rusiyanın Qarabağ münaqişəsinin əvvəlindən oynadığı qızışdırıcı rolu, Ermənistanın işğalçı siyasətinə verdiyi dəstəyi unutmamışıq. Ancaq Rusiya rəsmiləri gərək unutmasınlar ki, hazırda ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi onların rəsmi vəzifəsi regionda sülhün bərqərar olmasına yardım etməkdir. Əgər Zəhra nənəsilə birlikdə öz evində, həm də Azərbaycanın işğal olunmuş ərazisindən atılan artilleriya mərmisilə öldürülürsə, bu, həm də beynəlxalq hüququn işləmədiyinin, BMT-nin formal quruma çevrildiyinin, ATƏT-in Minsk Qrupunun vəzifəsinin öhdəsindən gələ bilmədiyinin göstəricisidir.
Məhz belə bir məqamda, rəsmən olmasa da, ölkəmizdə matəm yaşanan son 2 gündə Rusiya XİN-nin ard-arda 2 dəfə Azərbaycana ünvanladığı sərt müraciətlər yumşaq desək, diplomatik etiketin kobud şəkildə pozulmasıdır. Rusiya XİN bu açıqlamalarında “erməniəsilli Rusiya vətəndaşlarının Azərbaycana girişinə yaradılan maneələrdən” bəhs edir. Rusiya XİN-i öz müraciətində olduqca qeyri-diplomatik dildən istifadə edib. Nazirliyin rəsmi sənədində deyilir: “Rusiya Xarici İşlər Nazirliyi iki ölkə arasında dostluq münasibətləri ilə bir araya sığmayan qəzəbləndirici ayrıseçkilik təcrübəsinə son qoymağı tələb edir”. Bəli, bəli, məhz tələb edir. Həm də bir dəfə yox. Sənəddə deyilir: “Biz dəfələrlə, o cümlədən Rusiyanın Bakıdakı səfirliyinin və Rusiya XİN-in rəsmi nota müraciətlərində bu qəzəbləndirici təcrübəyə son qoymağı, araşdırma aparmağı və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında vəzifəli şəxslərin davranışına lazımi qiymət verməyi tələb etmişik”. Sonda da sənədlərinə hədələyici tonda “Vəziyyətdən nəticələr çıxaracağıq” yazıblar.
Göründüyü kimi, Rusiya XİN-i balaca Zəhranın yox, Zəhranın acı taleyini paylaşan, öz evlərində öldürülən çoxsaylı azərbaycanlı körpələrin yox, Ermənistanın girovluğunda olan, Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərovun yox, hansısa şübhəli məqsədlər üçün Bakıya axın edən rusiyalı ermənilərin Azərbaycana səyahət azadlığı narahat edir. Həm də bu narahatlığı olduqca sərt və qəbuledilməz bir dillə – tələb dililə ifadə edir.
Kim, hansı siyasət Rusiya XİN-ə imkan yaratdı ki, bizim müstəqil dövlətlə belə hörmətsiz formada rəftar etsin? Əlbəttə, Azərbaycan hakimiyyəti. Xalqdan mandatı olmayan, seçkiləri saxtalaşdıran, xalqı ilə mütamadi qarşıdurma şəraitində olan, xalqının ən ləyaqətli övladlarını həbsxanalarda məhv edən, ölkədə vətəndaş həmrəyliyinə, normal dövlət institutlarının formalaşmasına imkan verməmiş, ölkəni etibarlı müttəfiqlərdən məhrum etmiş sülalə hakimiyyəti.
Ziyanın yarısından da qayıtmaq faydadır. Görürsünüz, qarşısında əyildikləriniz, xalqımızın sərvətlərini yedirtdikləriniz, güvənərək özünüzə arxa bildikləriniz sizinlə, bütövlükdə dövlətimizlə necə aşağılayıcı formada davranır?! Düşünün, səhv siyasətinizlə ölkəni haraya gətirib çıxarmısınız, dünya miqyasında necә yalqız qoymusunuz. Heç olmasa, indi dayanın. Ölkənin qapılarını Azərbaycanı müdafiə etməyə hazır olan müttəfiqlərə açın. Ermənilərə göstərdiyiniz tolerantlığın, mehribançılığın yarısını sizdən fərqli düşünən, sizi tənqid edən, lakin bu dövlət üçün ölməyə hazır olan azərbaycanlılara göstərin. Siyasi məhbusları azad edin. Sizinlə hər zaman tələb dililə danışan xarici dövlətə arxalanıb, öz xalqınıza zülm etməyin, bu siyasətin sonu yoxdur. Xalqa doğru addım atın, ciddi siyasi və iqtisadi islahatlara gedin. Unutmayın ki, xarici təhdidlər qarşısında dik durmağın tək yolu xalqa söykənməkdən keçir. Ola bilsin ki, bu açılım sizin əbədi hakimiyyət arzunuza tərs gəlsin, ancaq hakimiyyəti də, ölkəni də daha pisindən qorumağın yolu məhz budur.
Oxunub: 2058