General-leytenant Yaşar Aydəmirov: “Biz nəinki Qarabağı, Qərbi Azərbaycanı belə işğaldan azad etməyə tam hazırıq”
Bu gün sosial şəbəkələrin başlıca mövzusu Füzulinin Alxanlı kəndində öz evində düşmən gülləsindən ölən Zəhra və nənəsidir. Azərbaycanın AzTV-lərisə öz işindədir. AzTV-1 “Günün nəbzi”ndə mövzuya toxunub. Yenə hərşeyşünas Elman Nəsirov AzTV ilə birgə öz ampluasındaydı. Gücümüzdən, ordumuzun qüdrətindən, Lazımın gəlməsindən, ali baş komandanın əmrinə hazır olmaqdan, Cocuq Mərcanlıdan, Ermənistanın boşalmasından, Yerevanda qorxu mühitinin günbəgün artmasından, erməni dəyirmanına su tökənlərdən gen-bol danışdılar.
Elman Nəsirov sosial şəbəkələrdən öyrənib ki, 4 iyul təxribatından, Azərbaycanın dinc sakinlərinin evlərində öldürülməsindən sonra Ermənistan xof içərisindədir. “Artıq onlar düşünür ki, Azərbaycanın cavab zərbəsi ağır olacaq. Ona görə gənclər Ermənistandan qaçır”. Adamın işi-gücü yoxdur, bütün gününü sosial şəbəkələrdə keçirir ki, düşmən dövlətdən operativ informasiyalar alsın və AzTV-lər çağıranda deməyə sözü olsun…
Saytlar isə AzTV-lərdən də qabağa gedib. Onlar Füzulidən operativ informasiyalar alıb əhalinin ovqatının yüksək səviyyədə olduğunu tirajlayıblar: ”Kənd sakinləri düşmənin mülki əhalini hədəf alan hərəkətlərini qətiyyətlə pisləyib, cəbhə xəttində baş verən intensivlikdən qorxmadıqlarını Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər…
…Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələri əsasında düşmən təxribatı nəticəsində həlak olan şəxlərin dəfn xərclərini və yaralananın müalicə xərclərinin rayon İcra hakimiyyəti tərəfindən ödəniləcəyini bildirib”. Cümlə qurmağı öyrənməsələr də, yaltaqlığın bütün incəliklərinə yiyələniblər. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələri əsasında düşmən təxribatı nəticəsində həlak olan…” cümlənizi təkrar-təkrar oxuyun, cənablar. Üstəlik, qoyduğunuz başlıqdan utanın “Prezident anasının qucağında qətlə yetirilən 2 yaşlı Zəhra ilə bağlı GÖSTƏRİŞ VERDİ”. Nə tapşırıq, hansı tövsiyə? Yadınızda olsun, tövsiyədə bir “y” var…
***
Son hadisəylə bağlı ən unikal açıqlamanısa general-leytenent Yaşar Aydəmirov verib: “Azərbaycan nəinki bu hadisənin, digər məsələlərin də qisasını almağa hər an hazırdır. Rəsmi açıqlama olmadığına görə mən indi heç nə deyə bilmirəm, ancaq sizi inandırıram ki, bu hadisənin qısası bəlkə də alınıb və alınacaq.
Ali baş komandanımız ötən il də, ondan əvvəlki il də dedi ki, Azərbaycanı iri dövlətlər müharibə etməyə qoymurlar. Siyasi qüvvələr imkan versə ki, Azərbaycan öz məsələsini özü həll eləsin, biz nəinki Qarabağı, Qərbi Azərbaycanı belə işğaldan azad etməyə tam hazırıq. Torpaqlarımızı geri qaytarmaq bizimçün problem deyil”.
Yaxşı ki, bu general ehtiyatdadır, yoxsa sülhdən, birlikdə içməkdən danışıldığı bu günlərdə Aydəmirov vəzifə başında olsaydı, əməllicə biabır olacağdıq…
Ancaq generalların bolluğu və bu tip açıqlamaları yenə ümidi artırır. Yeri gəlmişkən, bu ilin 6 ayında, səhv etmirəmsə, 13 nəfərə general rütbəsi verilib. Onlardan 5-i DTX, 4-ü MN, 4-ü də DİN əməkdaşıdır. DİN şefinin oğlu da onların arasındadır. Təxmini hesablamalara görə, ölkədə general sayı 200-ə yaxındır, ancaq indi onlardan neçəsinin həbsdə olduğu bilinmir…
***
İTV-nin “Aktual”ına çıxarılanların maraqlı mimikası vardı. Hər biri ayrı-ayrılıqda hakimiyyətə yarınırdı, həm də daha çox, qarşısındakından daha çox yaltaqlanmağa, yuxarıdakıların xoşuna gələcək sözlər seçməyə çalışırdı. Hər çıxışda da operator iştirakçıları iri planda göstərirdi, onlar hər biri özlərindən sonrakı çıxışçının seçdiyi sözlərə təəccüblərini gizlədə bilmirdi.
“Azərbaycan prezidentinin qətiyyətli mövqeyi erməniləri və onların havadarlarını qıcıqlandırır. Cocuq Mərcanlıya qayıdış onları narahat edir” – ekrana çıxarılanlardan biri elə beləcə də dedi.
Bir şey anlaşılmadı, hər iki kanalda düşmənçilik ovqatı güclüydü. Bu da aparılan siyasətin tam əksiydi. Düşmənə qarşı bu dərəcədə aqressiv olmaq nə deputata, nə jurnalistə, nə də hansısa dövlət rəsmisinə, lap elə özünü politoloq sayana yaraşan hərəkət deyil.
Çıxışlardan sonuc bu oldu ki, təkcə Ermənistan yox, onların havadarları da Azərbaycanın güclənməsindən, yeni silahlar almasından qorxur. Bu səbəbdən də hücum edir, dinc sakinləri öldürür, Şuşada bayram keçirir, Kəlbəcərin İstisuyuna turist səfərləri təşkil edir. Elə Sərkisyanın Qarabağı su yoluna döndərməsi də qorxunun göstəricisidir…
Sonda həyəcanlanan çıxışçılar şərəf və ləyaqətdən danışmağa başladılar…
Oxunub: 574