ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta hesab edir ki, Azərbaycanda insan haqları və demokratiya sahəsində vəziyyətin necə olduğunu bilmək üçün Dövlət Departamentinin hesabatlarına nəzər salmaq kifayətdir. Səfir “Azadlıq”ın ölkədə insan haqlarının durumu ilə bağlı sualına cavab olaraq belə deyib.
“Azərbaycanda insan haqları sahəsində vəziyyətin necə olduğunu bilmək üçün elə hesabatlar özləri göstəricidir. Onu da deyim ki, biz Azərbaycanda bir sıra sahələrdə vəziyyətin yaxşılaşdırılması üçün birgə işləməyə, dəstək verməyə hazırıq və buna sadiqik”, – deyə Robert Sekuta bildirib.
Dağlıq Qarabağ münaqişəsi və Füzulinin Alıxanlı kəndində 2 yaşlı Zəhranın ölümü ilə nəticələnmiş məlum hadisə haqda sualı cavablandıran ABŞ səfiri problemin yalnız sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. Tərəfləri danışıqlar masasında bir araya gətirmək üçün onlardan asılı olan bütün addımları atmağa hazır olduqlarını deyən Robert Sukuta bununla belə, münaqişənin həllinin yalnız tərəflərin özlərindən asılı olduğunu qeyd edib.
“Həm biz, həm də ekspertlər dönə-dönə vurğulayıblar ki, münaqişənin hərbi yolla həlli yoxdur. Bu məsələ istər ayrı-ayrı vaxtlarda verilən bəyanatlarda, istərsə də ABŞ prezidentinin İlham Əliyevə məktublarında da qeyd olunub. Münaqişə tərəfləri bir araya gəlib danışıqlar vasitəsi ilə nizamlanmaya nail olmalıdırlar. Münaqişə tərəflərini buna nail olmaqdan ötrü bir araya gətirmək üçün həm Minsk qrupu, həm də ayrı-ayrılıqda müxtəlif hökumətlər bu məsələyə diqqəti yönəldirlər. Biz də Minsk qrupunun həmsədri kimi, tərəfləri bir araya gətrimək üçün əlimizdən gələni etməyə hazırıq. Amma dinc yolla nizamlanmaya nail olmaq məsələsi tərəflərin öz üzərinə düşür. Biz yalnız onları bir araya gətirə və onlara dəstək göstərə bilərik”, – səfir bildirib.
azadliq.info
Oxunub: 554