Pambıqçılığın “inkişafı” valyuta gəlirlərini yox, xərclərini artırdı
İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasda deyib ki, bəzi rəqəmləri səsləndirmək istəyirəm. “Bu, həm ictimaiyyət üçün maraqlı olar, həm də bizim sahibkarlar və dövlət qurumları bilsinlər ki, bu, yaxşı nəticələrdir. Amma biz bu istiqamətdə işləri davam etdirməliyik. Kənd təsərrüfatı və emal məhsullarının ixracı ilə bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm: pambıq 154 faiz, pambıq lifi ixracı 650 faiz artıb”. Mən də ictimaiyyət üçün maraqlı ola biləcək bəzi rəqəmləri diqqətinizə çatdırmaq istəyirəm. Bunu həm də bizim sahibkarlar və dövlət qurumları da bilsə yaxşı olar. Son iki ildə heyvandarlıqla məşğul olan kəndlilərin, fermerlərin təbii biçənək, örüş, yonca sahələrini əllərindən alıb pambıq əkini üçün bələdiyyələrə, yerli icra nümayəndələrinə, məktəblərə verdilər. Nəticədə yem və ot qıtlığı ilə üzləşən təsərrüfat sahibləri məcburiyyət qarşısında qalıb heyvanlarını kəsimə verməli oldular. Bu müddət ərzində ölkədə ət, süd məhsulları istehsalı kəskin azaldığı üçün həmin adda malların idxalı ciddi şəkildə artıb. Ölkə başçısının dilə gətirdiyi 154 və 650 faiz artım nəticəsində ölkəyə pambıq ixracından cəmi 32.4 milyon dollar valyuta gəldiyi halda, ət əv süd məhsulları idxalı üçün ölkədən 3 dəfə çox, yəni 107,3 milyon dollar valyuta çıxarılmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə isə pambıq ixracından əldə olunan valyuta gəliri 19 milyon dollar artdığı halda, ət və süd məhsulları idxalı üçün ölkədən çıxarılan valyutanın miqdarı 2 dəfə çox (38, 8 milyon dollar) olmuşdur. Beləliklə, hökumətin apardığı “pambıq siyasəti” ölkənin valyuta gəlirlərini yox, vayuta xərclərini 2 dəfə artırdı. Əgər ölkə başçısı dediyi kimi işləri bu istiqamətdə davam etdirsələr, ölkənin valyuta ehtiyatları çox sürətlə “əriyəcək”.
Oxunub: 318