Bakıda daha bir imtahan həyəcanı… Bu dəfə müəllim olmaq istəyənlər imtahan veriblər.
İyulun 25-də müəllimlərin orta məktəblərə işə qəbulu üçün mərkəzləşdirilmiş qaydada aparılan müsabiqənin test mərhələsi keçirilib. Bu test imtahanı Azərbaycan Texniki Universitetində təşkil edilib.
Həmsöhbətimiz Sahil İsayevin də həyat yoldaşı ibtidai sinif müəlliməliyi üçün test imtahanlara qatılıb. Onu ən çox narazı salan bu testdən 48 baldan aşağı nəticə göstərənlərin gələcək iş yeri kimi yalnız kənd məktəblərini seçə bilmələridir. Qaydaya görə şəhərdəki məktəblərdə müəllim kimi iş əldə etmək üçün azı bu imtahandan 48 bal yığmaq lazımdır:
“Müəllim müəllimdir. O universitet bitiribsə, kənd və ya şəhər məktəbinə fərq qoyulmamalıdır. Bundan başqa, imtahanları da çətinləşdiriblər ki, min nəfərdən 3-4 nəfər keçə bilsin. Dolanışıq çətindir. Əlacsızlıqdan hər kəs gedir imtahana ki, heç olmasa ailədə bir nəfər işləyən bilsin”.
Avqustun 5-dək mərhələli davam edəcək imtahanlarda 47 min nəfər iştirak edir. 2017-2018-ci tədris ilində məktəblərdə müəllimlər üçün 8 mindən boş iş yeri müsabiqəyə çıxarılıb. Başqa sözlə, hər boş iş yeri üçün 6 nəfər mübarizə aparır.
Sualların asan, ya çətin olması ilə bağlı imtahanda iştirak edənlərin fikirləri fərqlidir. Amma iki məsələdə onların demək olar tam əksəriyyətinin fikirləri üst-üstə düşür. Bizimlə söhbətdə namizədlərin çoxu müəllimlərin maaşının az olduğunu və boş iş yerlərinin gizlədildiyini, əslində rəsmi elan olunandan çox müəllimə ehtiyac olduğunu deyirlər:
- “Ümid edərəm ki, gələcəkdə gizlədilən vakansiyalar da üzə çıxarılacaq və biz bu cür problemlərlə üzləşməyəcəyik”.
- “İmtahan suallarında çətin də, asan da suallar vardı. Amma imtahanlar çox şəffaf və sərbəst keçirildi”.
- “Müəllimlərin maaşı çox aşağıdır. Gərək öz üzərində çalışasan ki, gəlirini qaldıra biləsən. Yoxsa, dövlətdən nəsə gözləmək olmaz”.
- “İmtahanlar saat 11-də nəzərdə tutulsa da 12-də başladı. Gec başlasa da heç bir problem olmadı, şəffaf şəkildə imtahanlar keçirildi”.
Təhsil nazirliyi son 3-4 ildə orta məktəblərə müəllimlərin işə qəbulunu test üsulu ilə aparır. Bu Nazirliyin sözçüsü Cəsarət Valehov deyir ki, boş iş yerlərinə qəbulun test yolu ilə aparılmasında ilk məqsəd şəffaflığın təminatıdır. O, vakant yerlərin gizlədilməsi haqda suala nazirliyin yazılı cavablaya biləcəyini dedi. Lakin veriliş efirə getdiyi müddətdə sorğuya cavab gəlmədi.
Buna da bax: Gənclər hansı ixtisasa ehtiyac olduğunu necə bilsin?
Təhsil eksperti Nabatəli Qulamoğlu da nazirliyin son illər apardığı islahatları müsbət dəyərləndirir. Lakin təəssüflənir ki, bütün vakant yerlər müsabiqəyə çıxarılmır:
“Doğurdan da vakant yerlərin gizlədilməsi halları var. Bunun da əsas səbəbi odur ki, məktəb direktorları formal olaraq təhsil nazirliyinə tabe olsalar da, əslində onları yerli icra hakimiyyətləri müəyyənləşdirir. İcra başçılarına güvəndikləri üçün vakant yerləri gizlədə bilirlər. Düşünürəm ki, məktəb direktorları icra başçılarının müəyyənləşdirməsi davam etdikcə, vakant yerlər də gizlədiləcək. Uzun illər məktəbdə çalışan biri kimi deyə bilərəm ki, vakant yerlərin gizlədilməsində məqsəd qeyri-qanuni gəlirdi. Belə ki, sonradan boş dərs saatları müəllimlər arasında bölüşdürülür və direktorlar əlavə qazanc əldə edir”.
Bu ilki müsabiqəyə 7640 orta məktəbdə 8246 boş iş yeri müsabiqəyə təqdim olunub. Yəni, az qala hər məktəbdən cəmi bir yer. Yerlərin əksəriyyəti bölgələrdəki məktəblərdədir. Paytaxt Bakıda da məktəblərdə 500 boş iş yeri müsabiqəyə təqdim edilib.
“Sizcə, Azərbaycanda müəllim kimi işə qəbul olunmaq üçün ilk növbədə nə lazımdır?” – sualı Bakı sakinləri cavablayır.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə keçirilir. İlk mərhələdə elektron ərizədəki göstəricilər qiymətləndirilir, növbəti test imtahanları, ardınca vakant yerlərin seçilməsi gəlir. Ən sonuncu mərhələ – müsahibədir. (azadliq.org)
Oxunub: 12