Rusiya Gürcüstanı «səssiz işğal» edir
Rusiya hərbi qüvvələri Gürcüstanın Kaspi rayonunun Karapila kəndi istiqamətində “sərhədlərin demarkasiyası” adı altında irəliləyərək Azərbaycanın Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsini öz nəzarəti altına alıb. Məlumatı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti təsdiqləyib.
Rusiya hərbçiləri “sərhəd dirəklərini” Karapila kəndinə tərəf, Tortla çayı boyu basdırıblar. Nəticədə Bakı-Supsa neft kəmərinin bir hissəsi tikanlı məftillərin o biri tərəfində qalıb. Gürcüstan XİN bu addımı Rusiyanın “işğalçılıq siyasətinin davamı” və “təxribat” adlandırıb, beynəlxalq partnyorları ilə bu qanunsuz addımın qarşısını almağa çalışacaqlarını bəyan edib.
Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri İrakli Sesiaşvili isə deyib ki, Bakı-Tblisi-Supsa neft kəməri ilə bağlı risklər layihənin planlaşdırılmasında nəzərə alınıb və alternativ variantlar var.
Briqada generalı Amiran Salukvadze deyib ki, məqsəd SSRİ dövrünün sərhədlərini bərpa etməkdir.
Qafqaz araşdırmalar mərkəzinin rəhbəri Mamuka Areşidze deyir ki, Cənubi Osetiya sərhədlərinin Gürcüstanın içərilərinə doğru çəkilməsində məqsəd Tbilisini Avroatlantika strukturlarına inteqrasiyadan çəkindirməkdir. Areşidzenin sözlərinə görə, rusların digər məqsədi Cənubi Qafqazda Ermənistanla Rusiyanı birləşdirən əsas magistral yola çıxış əldə etmək ola bilər.
“Rusiya nümayəndələrinin özləri deyirlər ki, Dağlıq Qarabağda müharibə başlasa Sxinvalidən Gümrüyə gedən yoldan istifadə edəcəklər.”
İndi ruslar Gürcüstanı Ermənistanla birləşdirən əsas magistral yoldan cəmi 1 kilometr məsafədə mövqe tutublar.
azadliq.info
Oxunub: 998