Mətbuatdan bildiyiniz kimi, bu il Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqəyə 10 mindən artıq vakant yer çıxarılıb. Bu vakansiyalar ötən illə müqayisədə xeyli artıq olsa da, təklifə qarşılıq olaraq iş axtaran müəllimlərin sayının da 50 min olduğu deyilir. Demək ki, bu insanların böyük bir hissəsi yenə işsiz qalacaq və proses də hər il təkrarlanaraq davam edəcək. O zaman vəziyyətdən çıxış yolu nədir? Tələb və təklif balansını nəzərə alaraq, universitetlərə məlum ixtisaslar üzrə qəbullarda say ixtisarı aparmaq, yoxsa başqa variantlar arayıb tapmaq ?
“Təhsil Xidmətləri Araşdırma Mərkəzi”nin rəhbəri, təhsil eksperti Kamran Əsədovdan bu suallara aydınlıq gətirməsini xahiş etdik:
– İlk növbədə qeyd edim ki, hal-hazırda Azərbaycanda 4457 orta məktəbdə 145. 720 nəfər müəllim 1, 473, 189 nəfər şagirdə elm öyrətməklə məşğul olur. Orta məktəblərə müəllimlərin işə qəbulu 2009-cu ildən sonra mərkəzləşdirilmiş qaydada həyata keçirilməyə başlanıb. Ona qədər bu prosesi məktəb direktorları və yerli təhsil idarələri yerinə yetirirdi və bu zaman bir çox hallarda ciddi qanun pozuntuları ortaya çıxırdı. Məhz 2014-cü ildən etibarən Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin Diaqnostik qiymətləndirilməsi zamanı məlum oldu ki, orta məktəbdə çalışan bir çox müəllimlərin təkcə bilik göstəriciləri yox, eyni ilə onların təhsil sənədləri də qaydasında deyil. Qeyd olunan rəqəmlərə görə hətta 10 minə qədər müəllimin təhsil sənədi dövlət nümunəli deyil. Bütün bunlara və şagirdlərin qəbul, buraxılış imtahanlarında göstərdiyi nəticələrdə ciddi artım olmadığına görə təhsil sisteminə yeni dinamik kadrların cəlb olunmasına başlanıldı. Əvvəlki illərlə müqayisədə bu il həm vakant yerlərin, həm də elektron ərizə verənlərin sayında ciddi artım var. Belə ki, ilk dəfə keçirilən imtahanda 2009-2010-cu dərs ili üçün Bakı şəhəri üzrə 365 vakant yer çıxarılmışdı. Müsabiqəyə sənəd verən 1 044 nəfərdən 284-ü təyin olunmuşdu. 2011-ci ildə 9342 nəfər elektron ərizə vermiş, 2 min vakant yerə 1038 nəfər işə qəbul edilmişdi. 2011-ci ildə 9342 nəfər elektron ərizə vermiş, 2 min vakant yerə 1038 nəfər işə qəbul edildi. Sonrakı illərdə isə sayda artım müşahidə olunur. 2014-2015-ci tədris ilində 2975 vakant yerə 17,962 nəfər, 2015-2016-ci tədris ilində 3462 vakant yerə 24,437 nəfər, 2016-2017-ci tədris ilində 3627 vakant yerə 34,888 nəfər ərizə verib. Rəqəmlərə nəzər salanda görürük ki, illər ərzində kifayət qədər gənc orta məktəblərə müəllim vəzifəsinə qəbul edilir, amma onlardan dəfələrlə çox sayda insan bal toplasa da, işsiz qalır. Əmək bazarında kifayət qədər işsiz müəllim ordusu olmasına baxmayaraq, hər il ali məktəblərə yenidən müəllimlik ixtisası üzrə 10 minə qədər tələbə qəbulu aparılır . Əlbəttə ki, sistemə yeni şəxslərin daxil olması rəqabət mühitini artırır, təhsil sisteminə daha perspektivli şəxslərin daxil olmasına şərait yaradır. İlk növbədə əmək bazarının ehtiyacları müəyyən olunmalıdır və buna uyğun olaraq ali məktəblərə qəbul plan yeri müəyyən olunmalıdır. Doğrudur, bununla bağlı konkret olaraq ali məktəblərə qəbul zamanı dövlət sifarişli plan yerləri müəyyən olunub. Amma dövlət həmin plan yerlərini hara sifariş verdiyini də abituriyent jurnalında qeyd etsə, insanlar 4 il sonra konkret olaraq harda çalışacaqlarını bilib, o ixtisasla təhsil almağa gedərlər. Maraqlısı odur ki, əvvəlki illərdən fərqli olaraq 2009-2016-cı ilərdə işə qəbul prosesində uğur qazanmış şəxslər arasında saxta və dövlət nümunəli olmayan sənədlərə rast gəlinməyib.
– Keçənilki ərizəçilərdən bir çoxu şikayət edir ki, mərkəzi şəhərlərə vakansiyaları gizlədirlər. Sizcə, vakant yerlərin açıqlanmasında şəffaflığa tam əməl olunurmu?
– Təəssüflər olsun ki, mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbuluna bir çox məktəb direktorları, təhsil şöbələrinin müdirləri ciddi şəkildə problem yaradırdılar. Onlar Təhsil Nazirliyinin müraciətlərinə baxmayaraq, uzun illərdir ki, vakant yerləri müəyyən bəhanələrlə gizlədir, həmin yerlərə əmək müqaviləsinin tələbləri ilə özbaşına, qanunsuz müəllim qəbulunu həyata keçirirdilər. 2014-cü ildən başlanan müəllimlərin diaqnostik qiymətləndirilməsindən sonra belə problemlər aradan qalxmağa başladı. Artıq nə qədər müəllimlərin rəsmi fəaliyyət göstərdiyi məlum oldu və maliyyə hesabatlarını araşdıranda da dərs saatları ortaya çıxdı. Ona görə də, bu il əvvəlki illər müqayisədə vakant yerlərin sayında ciddi şəkildə artım olub. Bu il həm də məhz əvvəlki illərdən fərqli olaraq mərkəzlərdə də vakansiyalar olacaq. Bundan sonra nə direktorun, nə də ki, təhsil şöbəsinin vakansiyaları gizlətməsi mümkün olmayacaq. Çünki bütün sistem elektron qaydada olacaq. İşə qəbul edilən müəllim də, çıxarılan da, dərs saatı verilən müəllim də sistemdə göstəriləcək.
Ekspertin fikirlərinin davamı olaraq məlum müsabiqədə iştirak edən bir neçə müəllimin də fikirlərini öyrəndik. Uzun illərdir Uşaq Yaradıcılıq Mərkəzində işləyən Sevinc Əhmədli deyir ki, onlar üçün 2016-cı ilin 18 dekabrında diaqnostik qiymətləndirmə imtahanı keçirilib, amma nəticələr bu günədək açıqlanmayıb: “Guya imtahandan 70-dən çox bal yığanların maaşı artacaqdı. Üstündən 20 gün keçdi, cavablar çıxmadı, nazirliklə əlaqə saxladılar, onlar dedilər ki, bu imtahan Təhsil İdarəsi ilə razılaşdırılmayıb. Bundan başqa, qruplarımızın sayını 1-ə endirdilər və cəmi 2 stajlı müəllim saxladılar, maaşlar da 3 dəfə azaldı. Həmin imtahanda Təhsil Nazirliyinə tabe olan bizim kimi məktəbdənkənar müəssisələrin, incəsənət studiyalarının idman, şahmat məktəblərinin 300-dən artıq müəllim iştirak edirdi. Nəticələr də indiyə kimi açıqlanmayıb.
Keçən il müsabiqə imtahanında uğur qazanaraq əyalət məktəblərinin birinə müəllim təyin olunan Azər Muradov deyir ki, bu il müsabiqəyə 10 min vakant yerin çıxarılması çox sevindiricidir: “Bu keçənilki ilə müqayisədə təxminən 4 dəfə çoxdur. Keçən il qəbul üçün ümumilikdə 33 000 nəfər sənəd vermişdi. Onlardan yalnız 2300 nəfər işlə təmin olundu. Mən də qəbul olunanlar sırasında idim. Bu il də Bakıya düşmək üçün müsabiqəyə qatılmışam. Sadəcə, bu il dəyişiklik ediblər, harada nə qədər yer var, əvvəlcədən bilinmir. Keçən il bütün yerlər əvvəlcədən açıq elan olunmuşdu. Bu dəfə paytaxta düşmək istəyirəm, alınmasa, indi işlədiyim kənd məktəbində yola davam edəcəyəm.”
Bu il Bakı məktəblərinin birində müəllim yeri tapmaq üçün müsabiqəyə qatılan Gülnaz Məmmədova da müsabiqəyə böyük ümidlə baxır: “Universiteti 2012-ci ildə bitirmişəm. O vaxt iş tapmadım, 3 ilə yaxın mağazada kassir işlədim. 2 il əvvəl ordan ayrıldım və keçən il Təhsil Nazirliyinin müsabiqəsinə qatıldım. Rayona getmək istəmirdim, ancaq paytaxtı yazdım, keçmədim. Paytaxta düşmək daha çətindir. Bəziləri mərkəzi şəhərlərə yerlərin gizlədildiyini deyirlər. Amma bu il özümü yenidən sınayacam. Bu müsabiqə vasitəsilə iş tapan tanışlarımın fikirlərindən anlayıram ki, nöqsanlar olsa belə, yenə düzgünlük var. Yəqin mən də tez-gec məqsədimə nail ola biləcəyəm. Deyilənə görə bu il vakansiyalar xeyli çoxdur, baxaq, necə olacaq.”
İmtahanlara az qalır. Bu müsabiqədə minlərlə insanın ümidi var. Kaş ki, nəticələr hər kəsin ümidinə işıq sala bilsəydi. Kaş ki…Amma indiki şərtlər altında, hələ ki, bu mümkün görünmür. Təki, ən çox haqq edənlər qazansın…
Səadət
Oxunub: 718