Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Azadlıq qəzetinin icraçı direktoru Faiq Əmirliyə çıxarılmış həbs cəzası qərarını pisləyən bəyanat yayıb. RATİ məhkəmə qərarını siyasi motivli adlandıraraq, hakimiyyəti Faiq Əmirlini dərhal azad etməyə və Azadlıq qəzetinə qarşı təqiblərə son qoymağa çağırır. RATİ-nin direktoru Emin Hüseynov Amerikanın Səsinin Ameirka icmalı proqramında müsahibədə məhkəmənin qərarı və medianın durumundan danışıb.
O, Azadlıq qəzetinin son illər təzyiq və təqiblərə məruz qaldığını qeyd edərək, ölkədə mətbuatın durumunun kəskin pisləşdiyini vurğulayıb.
“Faktiki olaraq, 2016-cı ilin sentyabrında, yəni Faiq Əmirlinin həbsindən sonra iki həftə cəmi keçmədi ki Azadlıq qəzeti öz çap formasını dayandırmalı oldu. Və bundan sonra qəzetin bəlaları daha güclənibdi, qəzet Azərbaycan iqtidarı tərəfindən bloklaşdırılıbdı. Və bu gün biz Faiq Əmirli ilə bağlı bəyanatı verərkən təkcə Faiq Əmirlinin vəziyyətini beynəlxalq və yerli ictimaiyyətə yox, Azadlıq qəzetinin keçdiyi bu şərəfli yolun faciəvi sonunu bütün dünyaya göstəririk ki, baxın, Azərbaycanda bu gün artıq Azadlıq qəzetini bu cür məhv etməklə, təkcə Azadlıq qəzetini deyil, bütün müstəqil mətbuatı məvh etmiş olurlar.”
Emin Hüseynov beynəlxalq media və hüquq müdafiə təşkilatlarının Azərbaycanda mətbuatın durumu ilə bağlı monitorinq apara bilməməsini qeyd edib. O eyni zamanda bildirib ki, RATİ-nin bəyanatının əsas məqsədlərindən biri beynəlxalq təşkilatları Azərbaycandakı durumu diqqətdən kənarda saxlamamağa çağırmaq olub.
“Azərbaycana bu gün nə Amnesty International, Human Rights Watch, nə də digər hüquq təşkilatı gəlib monitorinq aparmırlar. Türkiyədə də Amnesty International, belə deyək, qiyamçıları dəstəkləyən bir təşkilat kimi adlandırılıbdı, onların rəhbərliyi tutulubdu. Azərbaycanda isə zatən onların iki il əvvəl ölkəyə girişi yasaqlanmışdı. Bu gün biz dünya ictimaiyyətinə demək istəyirik ki, Azərbaycanda öz diqqətini azaltmasınlar və Türkiyədə də olduğu kimi oxşar neqativ halları göz altında saxlasınlar.”
Emin Hüseynov RATİ-nin bəyanatına beynəlxalq qurumlar tərəfindən reaksiya veriləcəyini gözlədiyini deyib.
“Biz ənənəvi olaraq gözləyirik ki, bəyanatlardan sonra, necə ki Mehman Qələndarovun ölümündən sonra ABŞ Dövlət Departamenti, Mehman Hüseynovun həbsindən sonra Avropa Birliyi və digər nüfuzlu beynəlxalq qurumlar və hökumətlər bəyanatlar veriblərsə, bu dəfə də müvafiq reaksiyalar olacaq.”
Emin Hüseynov hazırda həbsdə olan qardaşı, bloger Mehman Hüseynovun durumundan da danışıb.
“Mehman Hüseynovla yaxınlarımız, yəni ailə üzvlərimiz həftədə bir dəfə görüşürlər. Vəkillər də əslində bir dəfə görüşürlər. Sağlıq durumu stabildir. Ayağında o köhnə ağrılar qalır. Mehman ruhdan düşməyibdir. Bilir ki, əsassız həbsdədir. Media ilə bağlı son Milli Mətbuat günü ərəfəsində Mehman öz kamerasında digər dustaqlarla AzTV-də gedən, Azərbaycanda dövlət televiziyasında gedən reportajı izləyərkən görürdü ki, öz həmkarlarına prezident tərəfindən bahalı mənzillər bəxş olunur və İlham Əliyevin guya mediaya böyük dövlət dəstək verəcəyi AzTV-də insanlara aşılanırdı. Və Mehman da bir ironik sual verir ki, “kamerada birdən-birə dedim ki, birdən inanmaq istədim orada göstərilən belə deyək, illüziyalara, sonradan da özüm-özümə sual verdim ki, yaxşı, AzTV dediyi kimidir, həqiqətən, Azərbaycanda dövlətin mediaya qayğısı böyükdürsə, ondan mən nədən buradayam.” Və Mehman bütün həbsdə olan həmkarlarını və azadlıqda fədakarcasına işini davam etdirən jurnalistlərə bayram təbriklərini çatdırmağı xahiş elədi. Və yenə də deyir ki, həbsxanadan gec-tez çıxacaq və işini davam etdirəcək. Əsasən də deyir ki, ona təkcə yox, digər daha az diqqəti olan media mənsublarına daha çox dəstək verilsin. Xüsusən də reginlarda həbs olunan jurnalistləri, fəalları və digər insanları diqqətdən qaçırmasınlar. Yəni Mehman həmişəki Mehmandı.”
Oxunub: 632