İsveçrənin İMD biznes məktəbi ölkələrin sosial rifah səviyyəsi üzrə İndeksi açıqlayıb (http://www.imd.org/globalassets/wcc/docs/release-2017/2017-world_competitiveness_ranking.pdf). Araşdırmalar dünyanın 60-dan çox ölkəsini əhatə edib. Bu il reytinqin lideri ötən ilki nəticəsini qoruyub saxlayan və maksimum – 100 bal yığan Honkonq olub. İkinci, üçüncü, dördüncü və beşinci yerləri tutan İsveçrə (99,6), Sinqapur (99,4), ABŞ (98,6), Niderland (96,5) da ilk sıralarda bərqərar olub. Daha sonra siyahıda İrlandiya, Danimarka, Lüksemburq və İsveç gəlir.
Kanada və Almaniya 12 və 13-cü yerləri tutub. Hesabatdan göründüyü kimi, reytinqdə ilk yerləri əsasən Fransa, Böyük Britaniya, Norveç, Finlandiya, Tayvan, Çin kimi Qərb və Asiyanın inkişaf etmiş ölkələri tutublar.
Amma dünyanın az qala yarısını əhatə edən bu araşdırmalar Azərbaycandan yan keçib. Siyahıda ölkəmizin adı yoxdur. Bununla belə, reytinq MDB üzrə qonşularla müqayisə nöqteyi-nəzərdən maraq doğurur. Məsələ ondadır ki, hələ bu yaxınlarda iqtisadi inkişafında ən az bizim qədər mürəkkəb dövr, milli valyutanın devalvasiyasını və bank sahəsinin böhranını yaşayan Qazaxıstan öz göstəricilərini 47-ci yerdən 32-ci yerə qədər yaxşılaşdırmağa müvəffəq olub. Ukrayna isə 59-cu yerdən 60-cı yerə enib.
Bu il Rusiya yekun siyahıda 2 mövqe geriləyərək, 44-cü yerdən 46-cı yerə enib, Qazaxıstan, Latviya və Filippini önə buraxıb. 2017-ci ildə qeydə alınmış nəticə Rusiya üçün 2012-ci ildən etibarən ən aşağı nəticədir. Sosial rifah sahəsində ən pis vəziyyət Braziliyada və Monqolustandadır.
“Dinamik inkişaf edən”, “analoqu olmayan” Azərbaycanın bu yarışın ümumiyyətlə ofsaydında qalması faktı ölkədə İMD-nin bütün meyarları üzrə vəziyyətin bərbad olduğunu göstərir. Reytinq müəllifləri ölkələri şəxsi mülkiyyət hüququnun müdafiəsi dərəcəsi, cinayətkarlıq səviyyəsi, əmlak bərabərsizliyi, beynəlxalq ticarət, biznesdə idarəetmə keyfiyyəti, əməyin səmərəliliyi və effektivliyi, maliyyə siyasəti, məşğulluq, vətəndaşların gəlirləri, elmi infrastruktur kimi parametrlərlə qiymətləndiriblər. Ümumilikdə 20 parametr qiymətləndirilib ki, ölkəmiz bu meyarlardan heç biri üzrə minimum göstəricilərə belə çata bilməyib.
Amma bu, nüfuzlu reytinq təşkilatlarının Azərbaycana məhəl qoymadığı yeganə fakt deyil. “Qlobal pensiya indeksi – 2017″nin dərc etdiyi, Fransanın Natixis Global Asset Management maliyyə korporasiyasının tərtib etdiyi reytinqdə inişil dünyanın 150 ölkəsi arasında 93-cü yeri tutan Azərbaycan bu il ümumiyyətlə kənarda qalıb. Azərbaycan pensionerləri həyat keyfiyyətinə, yığımlarının mühafizəsinin təmin edilməsi üçün maliyyə xidmətlərindən istifadəyə, gəlirlərinə və tibbi xidmətlərdən istifadəyə görə təkcə Estoniya (26-cı yer) və Litva (31-ci yer) ilə deyil, Hindistanla da (43-cü yer) rəqabətə davam gətirməyib və reytinqin autsayderlərindən olub.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehdiyevin Turan-a verdiyi məlumata görə, beynəlxalq ekspertlərin araşdırmaları və onların tərtib etdikləri reytinqlər Azərbaycandakı vəziyyəti obyektiv əks etdirir. Ölkə iqtisadiyyatına və sosial sahəsinə dağıdıcı zərbə vuran böhran əhalinin böyük hissəsini yoxsullar kateqoriyasına salıb. Milli iqtisadiyyat üçün əsas təhlükələr neft dollarları axınının azalması, büdcədə vəsait çatışmazlığı, bank sisteminin iflic vəziyyətə düşməsi, dövlət ehtiyatlarının tükənməsi və sosial sabitlik üçün olan risklərdir. Manatın devalvasiyası pensionerlərmizi maddi vəziyyətlərinə görə Moldova pensionerlərinin səviyyəsinə endirib. Orta pensiya hazırki məzənnə ilə təxminən 120 dollar təşkil edir. Bu, dünyada çox aşağı göstəricidir. Bir çox pensionerlər tibbi xidmətdən məhrum olublar, belə ki, müalicə və dərmanlar çox bahadır. Pensionerlərimizin Hindistan pensionerlərindən daha pis yaşaması ilə bağlı mübahisə etmək çətindir, hələ Norveç pensionerlərini demirik.
“Səhiyyə sisteminin maliyyələşdirilməsi əhəmiyyətli keyfiyyət göstəricisidir. Bu sahəyə dövlət xərcləri ÜDM-in 4%-dən bir qədər çox təşkil edir, baxmayaraq ki, ÜST tərəfindən tibbin normal fəaliyyəti üçün minimum hədd ÜDM-in 6%-i olaraq müəyyən edilib. ÜST-ün məlumatına görə, səhiyyəyə xərclərinə görə Azərbaycan siyahının ən sonlarında, Nigeriya və Sudanla yanaşıdır. Təhsil xərclərinə görə (ÜDM-in 4,7%-i) Azərbaycan dünyada 93-cü yeri tutur, məsələn, Qazaxıstan və Əlcəzairdən geridə qalır. Əvəzində müdafiə, hüquq-mühafizə fəaliyyəti, dövlət aparatının saxlanması və müxtəlif piar tədbirləri xərcləri 2010-cu ildəki səviyyədən iki dəfə çox olmaqla, büdcənin təxminən üçdə birini yeyib”, deyə ekspert qeyd edir.
Əlbəttə, prezident İlham Əliyevdən Bakı ətrafında yeni binada sayca ikinci və üçüncü mənzilləri alan jurnalistlər kimi, bu reytinqlərə məhəl qoymamaq olar. Bu doğrudurmu? Bu araşdırmaların faydası nədir? Faydası odur ki, onlar real vəziyyətə kənardan baxmağa imkan verir. Bu, prezidentin Nazirlər Kabinetinin iclaslarındakı proqram nitqi və ya hökumət üzvlərinin xoşbəxt gələcəyimiz, müdrik iqtisadi siyasətimiz, həyatdan məmnun olan pensionerlər haqqında çıxışları deyil. Praqmatik analitiklər hökumətimizin hesabatlarına, Dövlət Statistika Komitəsinin şişirdilmiş statistikasına çox da inanmırlar. Onlar Azərbaycandakı reallıqlar haqqında çox vaxt hakimiyyətimiz üçün xoşagəlməz olan həqiqətləri deyirlər.
Oxunub: 304