Avtoritar siyasi rejimə qarşı mübarizəyə töhfə verən insanların millətçi, dindar, sosialist və ya liberal baxışlarda olması bütün keçid dövrünü yaşayan ölkələr üçün səciyyəvi haldır. Keçid dövründə bu cür qruplar bir-birinə qarşı bəzən ifrat nifrət sərgiləyirlər. Bu cür yolverilməz münasibətin yaranmasında rejimin müstəsna rolu olur – ifadə azadlığını məhdudlaşdırmaqla ünsiyyət, dialoq və müzakirə imkanları minimuma endirir. Bununla da rejimi antimilli hesab edən millətçi ilə antihumanist hesab edən liberal arasında uzlaşma imkanı çətinləşir.
Ötən həftə yaydığı müraciəti ilə gündəmə gələn Yasəmən xanımın mənsub olduğu millətçi siyasi çevrələrin baxışları günümüzün reallığıdır. Sabah bir dindar da buna bənzər müxalif baxışları ilə gündəmə gələ və eyni şəkildə onun siyasi baxışları sorğulana bilər. Şübhə etmirəm ki, indi Yasəmən xanımın siyasi baxışlarını tənqid edənlər eyni tənqidi dini təmayüllü siyasi qruplara qarşı göstərəcəklər. Təbii ki, bu cür tənqid normaldır. Ancaq normal olmayan iki məsələ var.
Birincisi proqressiv dəyərləri təbliğ edənlərin qeyri-tolerant yanaşmaları və bəzən ifrata varmalarıdır. Bu cür yanaşma bəzən ikrah, bəzən də nifrət yaradır. Bir demokrat üçün bu qətiyyən uyğun münasibət deyil.
İkincisi, proqressiv baxışlı insanların fəaliyyətində müşahidə olunan durğunluq, eyni zamanda təşkilatlanma və şəbəkələşmə meyllərinin zəif olmasıdır. Əslində bu geniş mövzudur, ətraflı yazılmalıdır. Ancaq bir neçə örnək verəcəm. Bütün humanist baxışlı insanlar Axundova, Zərdabiyə və Mirzə Cəlilə istinad etməyi sevirlər. Amma onların əməli fəaliyyətinin miqyası indiki çalışmalarla müqayisə oluna bilərmi? Təbii ki, indiki şərtlər daha əlverişli və münasibdir. Sadəcə 20-ci əsrin əvvəllərində konformizm indiki qədər yayğın deyildi.
Çox uzağa getməyək, Türkiyədə çağdaşlıq və humanizm uğrundan çarpışan insanların çevrəsinə baxın. Adamlar hər bağlanmış qəzetin-jurnalın əvəzinə yenisini qururlar. Məhkəmədə, zindanda, küçədə çarpışırlar. Şəbəkələşirlər. Dirəniş göstərirlər. Qurbanlar isə minlərlədir. Yalnız bu cür mübarizə sayəsində proqressiv dəyərlərin qələbəsinə nail olmaq olar. Mübarizəsiz qələbə olmadığı kimi hərəkətsiz də mübarizə olmur. Hərdən öz-özümüzə sual etməliyik – mən necə demokratam və indiyədək neçə nəfərin demokrat olmasına yardımçı olmuşam.
Yazı Anar Məmmədlinin fb səhifəsindən götürülüb.
Oxunub: 268