Və ya İlham Əliyevin hansı ölkədə villası yoxdur ?
Dünən İsraildə çıxan Haaretz qəzetində İsrailin turizm naziri Yariv Levinə istinadla İlham Əliyevin oğlu Heydər Əliyevin adına İsrailin Hayfa şəhərində 6 milyon dollar dəyərində villa alınması və başqa təfərrüatlar haqqında yazı yayılıb. Bu, Azərbaycan prezidentinin çirkli biznesi haqqında adiləşmiş xəbərlərdən biridir. Amma etiraf edirik ki, biz bu məsələdən Azərbaycan prezidentinin köməkçisi Novruz Məmmədovun operativ təkzib açıqlamasından dərhal sonra xəbər tutmuşuq və bu açıqlamada belə deyilirdi: «İndiyə qədər İsrailin “Haaretz” qəzetində dəfələrlə Azərbaycan dövləti, onun xarici və daxili siyasəti ilə bağlı bəzi yalan məlumatlar dərc olunub. Lakin növbəti yalan və böhtan birbaşa Prezidentin ailəsinə qarşı yönəldiyindən ona münasibət bildirməyə ehtiyac var.
Belə ki, iyul ayının 30-da İsrailin “Haaretz” qəzetində Prezidentin ailəsi barədə bütövlükdə yalan məlumat, kiçik olsa da məkrli yazı dərc olunub. Əsas narahatlıq doğuran məqam isə bu məlumatda İsrailin turizm naziri Yarev Levinə istinad edilməsidir.
Yazıda göstərilir ki, guya son bir neçə ay ərzində Prezidentin ailəsi İsraildə əmlak almaqla, bu ölkəyə vəsait qoymaqla məşğul olub. Eyni zamanda, guya Prezidentin kiçik oğlu (fikir verin) bu aylarda İsraildə olub. Amma həqiqət budur ki, Prezidentin oğlu yalnız göstərilən aylarda yox, ümumiyyətlə, İsrailə səfər etməyib.
Bu informasiyalar yalan və böhtandan başqa bir şey deyil və onların reallıqla heç bir əlaqəsi yoxdur. İsrail mətbuatında belə yazıların dərci təəssüf doğurur və eyni zamanda, ölkələrimiz arasındakı münasibətlərin ruhuna da ziddir.
“Haaretz” qəzetinin jurnalisti məkrli niyyətini həyata keçirmək üçün İsrailin turizm naziri Yarev Levinə istinad edir. Hesab edirəm ki, yalan və böhtan məlumatla bağlı İsrail səfirliyi özünün və nazir Yarev Levinin mövqeyini bildirməlidir».
Göründüyü kimi, bu, Haaretz qəzetində yayılan yazıya rəsmi, dövlət münasibətidir. Həm də prezidentin mətbuat xidmətinin səviyyəsində deyil, daha yüksək rəsmi səviyyədən verilən münasibətdir.
Novruz Məmmədovun bu açıqlaması AzərTag-da yayılıb. Yəni, dövlətin rəsmi xəbər agentliyində. Novruz Məmmədov bu açıqlamanı özbaşına verməyib. Azərbaycan hakimiyyətinin xüsusiyyətini nəzərə alsaq, belə çıxır ki, bu bəyanatı ona lap yüksək səviyyədən diqtə ediblər, o fda yazıya tökərək Azər Tag- a ötürüb. Ya da, heç, Novruz Məmmədov bu «təkzib» açıqlamasını özü hazırlamayıb, sadəcə məsələhət biliblər ki, onun adından verilsin.
Dünən gecə İsrailin Bakıdakı səfirliyi elan edib ki, Haaretz adından yayılan material, əslində saxta və müvəqqəti istifadə üçün yaradılan bir keçiddən yayılıb.
Bu gün həmkarlarımız daha bir dəqiqləşdirmə aparıblar ki, əslində bu, Haaretz-in saytı olmayıb. Kimlərsə (bunu ermənilərin etdiyi bildirilir) Haaretz-in saxta keçid linkini yaradıblar, həmin saytın adından İlham Əliyevə məxsus olan daha bir çirkli biznes xəbərini paylaşıblar. Amma xəbər o qədər ağlabatan olub ki, Azərbaycan hakimiyyətinin də özü bunu araşdırmağa ehtiyac görməyib. Xəbər yayılan kimi onu təkzib etmək haqqında düşünüblər. Hətta bu gün də, AzərTag həmin təkzib mətnini öz bülletenindən silməyib.
Azadlıq, dünən, Haaretz-ə istinadən yayılan xəbəri Novruz Məmmədovun adından yayılan təkzib mətnindən sonra qeydə alaraq onu yayıb. Xəbər dövlətin rəsmi reaksiyası ilə üzləşdiyindən biz onu, əlbəttə, xüsusi yoxlamadan keçirməyə borclu deyildik. Üstəlik, təkrar edirik, xəbər kifayət qədər ağlabatandırsa. Yəni, Əliyev ailəsinin hansısa ölkədə villa alması, gizli biznes qurması barədə heç bir xəbər təəccübləndirici deyil.
Əgər Haaretz adından yayılan xəbərin yayıldğı portalın orijinal olmadığını yoxlamaq lazım idisə, bunu Azadlq yox, elə Azərbaycan hökuməti etməli idi. Amma hökumət də bu xəbərə rəsmən inanaraq onun mənşəyini araşdırmağa cəhd etməyib, dərhal aqressiv bir təkzib cəhdi göstərib. Həm də, Novruz Məmmədovun adından yayılan təkzibdə İlham Əliyevin oğlu Heydər Əliyevin İsraildə olmadığına daha çox diqqət çəkilib, Əliyevlər ailəsinin İsraildə gizli biznesinin olub- olmadığına münasibət isə ötəri şəkildə bildirilib. Hesab etmək olar ki, hakim ailə İsraildə gizli biznesinin olub- olmadığını hələ də araşdırmaqla məşğuldur.
Bütün bunları nəzərə alaraq vurğulayırıq ki, bizim oxucularımıza Haaretz-ə istinadən təqdim etdiyimiz xəbərin dürüstlüyünə görə biz yox, prezident aparatı, prezidentin köməkçisi Novruz Məmmədov, dövlətin rəsmi xəbər agentliyi olan AzərTag məsuliyyət daşıyır.
azadliq.info
Oxunub: 1324