Birgə rəsmi məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fakla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.
Oxunub: 536