Astan Şahverdiyev DİN-i yalanlamaq üçün hansı dəlillərlə silahlanıb?
Bill Qeytslə korrupsioner məmur nəvəsini müqayisə ucuzluğu və bahalı deputat fikirləri
Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin “Mercedes Galendevagen”lə törətdiyi qəza gündəmin əsas mövzularından biri olaraq qalır. Mövzunu canlı saxlayan təbii ki, qəzadə 2 nəfərin həlak olması, 3 nəfərin yaralanması, avtomobilin bahalığı kimi məqamlarla yanaşı, qəzanı yüksək vəzifəli məmurun ailə üzvünün törətməsidir.
Elə bu səbədən mövzu ətrafında müzakirələrə bəzi deputatlar da qoşulub və bütün fikirlərini Əli Həsənovun müdafiəsi üzərində cəm edib. Onlardan biri, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat edilmiş, Rusiyaya iş dalınca gedən azərbaycanlıları “otxod” adlandırmaqla qalmaqal yaratmış Astan Şahverdiyev “Qaçqınkom” sədrinin nəvəsini Bill Qeytslə müqayisə etməkdən belə çəkinməyib.
N.Allahverdiyevin gənc yaşında bu qədər böyük sərvətə, bahalı maşınlar kolleksiyasına sahib olması barədə suala deputat belə cavab verib: “Nail Allahverdiyev Əli Həsənovun qız nəvəsidir. Nailin atasının kifayət qədər imkanı, işi-gücü var. Digər tərəfdən isə Nail savadlı, fərasətli gəncdir, öz ağılı, zəhməti hesabına pul qazanmağı bacarır. Yaşa görə adamın fərasətinə qiymət vermək doğru deyil. Nə olsun ki, onun 21 yaşı var? Bəs Bill Qeyts neçə yaşında milyonçu olub? Bu cür qiymətləndirmə aparmaq ucuzluqdur…”.
Dünyanın ən məşhur şirkətlərindən birini qurub, illərlə dünyanın ən varlı adamı titulunu daşıyan Bill Qeytslə yalnız babasının korrupsiya pulları üzərində qurulan dəbdəbəli həyatı, düşük əyləncələri ilə gündəmdə olan birini müqayisə eləmək əlbəttə, ucuzluqdur. Amma qaçqınları təmsil edən deputat Astan Şahverdiyev ucuzluğa getməyərək, “Qaçqınkom” sədrinin şəninə bahalı təriflər deyib. Məsələn, bu cür: “Bu cür məsələlərdə Əli müəllimin adını hallandıran adamlar heç bir normal çərçivəyə sığmırlar. Bu gün Azərbaycanda ölkə prezidentinə, dövlətə və dövlətçiliyə Əli Həsənov kimi sadiq olan adam azdır. Əli müəllim qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onlar üçün evlərin tikilməsi ilə bağlı çox şəffaf idarəetmə sistemi yaradıb. Bunu çox adam bacarmır. Elə son vaxtlar Cocuq Mərcanlıda evlərin necə şəffaf formada paylanılması dediklərimə misaldır. Evlərin hamısı püşkatma yolu ilə paylanılıb. Mən bütün bu cür yazıların əleyhinəyəm və hesab edirəm ki, Əli müəllim haqqında yazılan bu qarayaxma xəbərlərin heç bir əsası yoxdur. Həmin adamlar Əli müəllimin onları məhkəməyə verməyəcəyindən sui-istifadə edirlər…”.
Amma deputat bu müdafiə məqsədli müsahibəsini verəndə deyəsən, Daxili İşlər Nazirliyinin həmin qəza barədə son açıqlamasından xəbərsiz olub. Yoxsa, “Qaçqınkom” sədrini müdafiə marağı nə qədər güclü olsa da, özünü “yandırmaq” təhlükəsi onu dayandırardı.
Məsələ burasındadırki, DİN-in son açıqlamasında qəza zamanı “Mercedes Galendevagen”in sükanı arxasında N.Allahverdiyevin olduğu və onun cinayət məsuliyyətinə cəlb ediləcəyi deyilir. A.Şahverdiyev isə köhnə hava üzərində qlaraq iddia edir ki, Əli Həsənovun nəvəsi qəza zamanı orada yox, evdə olub: “Əvvəla, Nail Allahverdiyev Əli Həsənovun oğlu deyil, nəvəsidir. Digər tərəfdən isə qəza törədilən zaman nəvəsi maşında olmayıb, evdə olub. İndi də bir sıra saytlar ağıllarına gələni yazırlar ki, guya qəzanı nəvəsi törədib və sairə. Bütün bunlar yalandır. Mən Əli müəllimi və ailəsini gözəl tanıyıram. Onlar çox sadə və halal insanlardır. Əli Həsənovun rəhbərlik etdiyi Dövlət Komitəsi də Azərbaycanda ən şəffaf qurumlardan biridir”.
Elə buradaca haşiyə çıxaq ki, A.Şahverdiyev müsahibə boyu qəribə inadla “Qaçqınkom”un ən şəffaf qurum, Əli Həsənovun da ən təmiz məmur olduğu fikrini aşılamağa çalışır. Sanki üzərinə “Qaçqınkom” sədrinin korrupsioner imicini dağırtmaq vəzifəsi qoyulub. Hərçənd möhkəm əsaslar üzərində bərkimiş neqativ bir imici dağıtmaq heç 125 deputatın hamısının birlikdə bacaracağı məsələ deyil və Şahverdiyevin ifasında bu, daha primitiv görünür.
Deputatın primitiv müdafiə fəndləri ilə tanış olmağa davam edək: “Bilirsiniz, bu cür ucuz şoular yaratmaqla insanları hörmətdən salmağa çalışırlar. Ancaq Əli Həsənovu hörmətdən salmaq mümkün deyil. Çünki Əli Həsənov cənab prezidentə, dövlətə və dövlətçiliyə sadiq adamdır. Ola bilsin ki, bu cür yazılar kiminsə sifarişidir. Mən bunu dəqiq araşdıra bilmərəm. Ancaq hər halda bütün bunlarla süni qalmaqal yaratmaq yaxşı hal deyil. Azərbaycanda söz və mətbuat azadlığı varsa, bu o demək deyil ki, sən ağlına gələni yazmalısan. Deməzdim ki, bu cür yazıların arxasında təkcə müxalifətçilər dayanır. Əli Həsənovun cənab prezidentə, dövlətə və dövlətçiliyə sadiqliyi bəzi adamları narahat edir. Əli müəllim cənab prezidentin rəhbərliyi altında böyük işlər görüb, məcburi köçkünlərlə bağlı güclü və şəffaf idarəetmə sistemi yaradıb. Bütün bunları heç zaman ləkələmək olmaz”.
Göründüyü kimi, A.Şahverdiyev konkret hadisə barədə və məlumatlı şəxs qismində danışmayıb. Onun müsahibəsinin məqsədi hadisə fonunda “Qaçqınkom” sədri, baş nazirin müavini Əli Həsənovu müdafi etmək və təmizə çıxarmaqdır. Eyni motivlə deputatlardan bəzi başqalarının da meydanda görünməsi şübhələnməyə əsas verir ki, “Qaçqınkom” sədrinin işinin “yaş” olduğu haqda rəylər mövcuddur. DİN-in qəza zamanı sükan arxasında Ə.Həsənovun nəvəsinin olduğu və onun cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair açıqlaması da bu şübhələti gücləndirir.
azadliq.info
Oxunub: 1290