Bu ildən etibarən azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsilini nəzərdə tutan Dövlət Proqramının maliyyələşdirilməsi dayandırılıb. Ölkə başçısının sərəncamı əsasında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına sonuncu dəfə vəsait keçən il ayrılıb. Hansı ki, “2015-2020-ci illər üçün gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni Dövlət Proqramı”nın həyata keçirilməsi də hökumətin gündəmində duran prioritet məsələlərdən biri idi. Hökumət ölkənin gələcəyi sayılan təhsilə investisiya qoymaqdan niyə imtina etdi? Səbəb məlum, artıq böyük pullar tükənib. O pullar plansız və nəzarətsiz xərcləndiyinə görə tükənib. Daha dövlət bu proqramı maliyyələşdirəcək durumda deyil.
Şübhəsiz, bir ölkədə təhsilə yatırılan investisiya ən dəyərli və dayanıqlı investisiyadır. Amma baxır o investisiyanı kimlərə və necə sərf edirsən. Məlum dövlət proqramı əsasında indiyə qədər xaricdə minlərlə gənc təhsil alıb. Lakin sadə əhali də həmişə o proqramdan şikayətçi olub. Söz düşəndə tanıdığım, bildiyim hər kəs gileylənib ki, orda şəffaflıq deyilən şey yoxdur. Seçim ya tapşırıq hesabına, ya da bəlli məbləğdə rüşvət hesabına aparılır. Hətta 3-4 il əvvəl yaxın tanışlarımızdan birinin övladı o proqram üzrə yüksək bal toplamış, lakin sonda müsabiqədən keçmədiyini bildirmişdilər. Hazırda o gənc özü qazandığı təqaüd proqramı ilə Almaniyada təhsil alır. Türkiyədə təhsil alan azərbaycanlı gənclərdən biri də deyir ki, illər öncə o proqramla imtahan verməyə cəhd edib, lakin işin 5 min manat xərci olduğu söylənib. Əgər ölkənin hər qapısı rüşvətlə açılıb-bağlanırsa, bu deyilənlərə niyə şübhə edək ki? Deyilənlərlə bağlı təhsil eksperti Kamran Əsədovun da fikirlərini öyrəndik:
“Yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır. Müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilmişdir. Bütün bunlar təhsilin dövlət xərclərində prioritetliyini getdikcə artırmaqdadır. Dövlətin təhsil xərcləri cəmiyyət üçün yüksək iqtisadi gəlirliliyə malikdir. Azərbaycan böyük dövlətlərlə müqayisədə gənc dövlətdir. Buna görə də, beynəlxalq rəqabətə davamlı iqtisadiyyat, kadr potensialının artırılması üçün mütləq şəkildə bu təcrübəyə malik resurslardan istifadə etməlidir. Bu məqsədə xidmət edən 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə proqram çərçivəsində 3500 dən çox insan xarici ölkələrdə təhsil alma hüququna malik oldu. Lakin ilk 5 ildə seçimlərin obyektiv şəkildə olmaması göndərilən gənclərin ya tam şəkildə təhsilini başa vurmaması, ya da təhsilini başa vurduqdan sonra ölkəyə qayıtmaması ilə nəticələndi. Həmin proqram çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrə 2016 – cı ilə qədər 75 milyon manat vəsait ayrılıb. Bu əlbəttə ki, böyük rəqəmdir. Hesab edirəm ki, həmin şəxslər mütləq şəkildə ölkəyə gətirilib iqtisadi, siyasi, sosial inkişaf üçün öz əldə etdikləri bilik və bacarıqlarını nümayiş etdirməlidirlər.”
Əlbəttə, 75 milyon manat böyük vəsaitdir. Elə Təhsil Nazirliyinin açıqladığı rəsmi rəqəmlər də yaxşı rəqəmlərdir: 2007-2008-ci tədris ilində xarici ölkələrin ali məktəblərinə 66 nəfər, 2008-2009-cu tədris ilində 134 nəfər qəbul olub, 200 nəfər təhsil alıb. 2009-2010-cu ildə xarici ölkələrin ali məktəblərinə daxil olanların sayı 308, təhsil alanların sayı 508 nəfər olub. 2010-2011-ci tədris ilində xarici ölkələrin ali məktəblərinə 275 nəfər qəbul olub, 783 nəfər təhsil alıb. 2011-2012-ci tədris ilində xarici ölkələrin ali məktəblərinə daxil olanların sayı 435, təhsil alanların sayı 1218 nəfər təşkil edib. 2012-2013-cü tədris ilində 607 nəfər azərbaycanlı xarici ölkələrin ali məktəblərinə daxil olub. 2013-2014-cü tədris ilində “Dövlət proqramı” ilə 24 nəfər xarici ölkələrin ali məktəblərində təhsil almaq şansı əldə edib. 2014-2015-ci tədris ili üçün Təhsil Nazirliyinin məlumatına görə, 900-ə yaxın namizəd xaricdə təhsil üçün qeydiyyatdan keçib. Gənclərin oxuduğu ölkələr arasında Böyük Britaniya, Rusiya, Türkiyə, Fransa, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Birləşmiş Krallıq, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Hindistan, İspaniya, İsveç, İsveçrə, İtaliya, Kanada və başqaları var.
Təhsilə qoyulan vəsait hədər getməz, bəli. Amma əsas odur ki, o milyonlardan Azərbaycan cəmiyyəti nə qazandı, ölkədə yaxşılığa doğru nə dəyişdi? Dünyanın aparıcı universitetlərində təhsil alıb geri dönən gənclər Azərbaycan reallığında öz bacarıqlarını necə reallaşdıra bilir? Bunlar da xeyli sual doğuran məsələlərdir axı. Bəlkə, həmin o geri qayıtmayanları orda saxlayan səbəbləri də bu nöqtədə axtarmaq lazımdır elə…
Səadət
Oxunub: 538