İran rejiminin iqtisadi siyasətinin uğursuzluğu son 40 ildə ölkə əhalisini get-gedə yoxsullaşdırıb. Rəsmi statistikaya görə, hazırda iranlıların 1/3-i yoxsulluq həddindən aşağı yaşayır. Londonda yaşayan iranlı sosioloq Majid Mohammadi AzadlıqRadiosunun fars xidməti – Radio Farda üçün yazdığı köşə yazısında qeyd edir ki, bu vəziyyət bəzi dəhşətli fenomenlərin yaranmasına yol açıb.
İranda yoxsulluq səviyyəsi 30-40% olsa da, müəllif hesab edir ki, İran əhalisinin 2/3-yə yaxın hissəsi yoxsulluq həddindən aşağı yaşayır. Əhalinin nəhəng hissəsini təşkil edən bu təbəqənin arasında 12-15 milyon adam tam, qalanı nisbi yoxsulluq içindədir.
İŞSİZLİK 25-30%-DİR
Qeyri-rəsmi rəqəmlərə görə, işsizlik səviyyəsi 25-30% arasında dəyişir.
İranın son 40 il ərzində get-gedə yoxsullaşmasının səbəbləri arasında milli sərvətlərin sistematik yanlış idarə edilməsi, geniş yayılmış korrupsiya, xaricdəki hərbi münaqişələrə milyardlarla dollar vəsaitin ayrılması və rejimin antiqərb siyasətinin nəticəsi kimi xarici investisiyanın azlığı göstərilir.
Nə hökumət, nə də ali dini lider Ali Khamenei-nin nəzarətində olan son dərəcədə zəngin qurumlar – o cümlədən böyük bir iqtisadi imperiya yaratmış İslam İnqilab Keşikçiləri Korpusu – büdcə və gəlirlərini necə xərclədikləri haqda hesabat verirlər.
İranlılar yanlış idarəçiliyin nəticələrini öz gündəlik həyatlarında hiss edirlər: Onlar iqtisadi təşəbbüslərdən təcrid ediliblər və onların həyat standartları davamlı olaraq düşür. Bu vəziyyət bir neçə dəhşətli fenomenin ortaya çıxmasına yol açıb.
11-21 MİLYON XARABALIQLARDA YAŞAYIR
Şəhər küçələri, xüsusən də Tehran küçələri insan orqanları satışı barədə elanlarla doludur. Ehtiyac içində olan insanlar böyrəklərindən başqa qaraciyərlərini, sümük iliklərini və gözlərinin buynuz qişasını satırlar. Var-dövlətlərini ədalətsiz üstünlüklər sayəsində əldə etmiş bəzi İran zənginləri daha uzun və xoşbəxt ömür yaşamaq üçün yoxsulların bədənlərindən yararlanırlar.
Bəzi hesabatlara görə, İranda 11-21 milyon adam minimal tibb və digər ictimai xidmətlərdən məhrum xarabalıqlarda yaşayır.
Son illərdə xəzinə axtaranların sayı ciddi artıb. Hər gün İran sosial mediasında qiymətli əşyaların tapılmasına dair şayiələr gəzir. Bir dəfə Böyük Kir zamanına aid nəhəng bir xəzinənin mövcudluğu haqda xəbər yayılmışdı. Hökumət bu xəbəri dərhal təkzib etsə də, insanlar bu xəzinəni günlərlə axtardılar.
KÜÇƏ TİCARƏTİ VƏ UŞAQ GƏLİNLƏR
Elə bir gün yoxdur ki, bələdiyyə işçilərinin küçə tacirlərinə qarşı zorakı davranışı haqda xəbərlər yayılmasın. İran şəhərlərində küçə ticarətinə adətən icazə verilmir. Buna görə də küçə tacirlərinin fəaliyyəti qanunsuzdur. Ancaq işsizlik səviyyəsi yüksək olduğundan, çoxu şəhərin gedişli-gəlişli küçələrində yemək, geyim və s. satmaqla bəxtini sınamaq qərarına gəlir.
Bələdiyyələr bu tip ticarəti ictimai asayişin pozulması hesab edərək onu önləmək üçün ciddi tədbirlər görür. Onların əməkdaşları küçə ticarəti ilə məşğul olanlara fiziki hücum edir, mallarına ziyan vurur və ya müsadirə edir. Bu faciəli görüntülər sosial mediada paylaşılan onlarla videoda əks olunub.
İranın Mülki Qeydiyyat İdarəsi bildirir ki, 2015-ci ildə yaşı 15-dən aşağı olan 37 mindən artıq qız uşağı evləndirilib. Belə evliliklər, əsasən, kənd ərazilərində baş verir və valideynlərin yoxsulluğundan qaynaqlanır. Bu cür evliliklərin 90%-dən çoxunu valideynlər və yaxınlar təşkil edir. Uşaq gəlinlərin 75%-dən çoxu təhsilini davam etdirə bilmir.
ÇIXIŞ YOLU VARMI
Qeyri-rəsmi hesablamalara görə, İranda 2-7 milyon uşaq işləməli olur. Bu uşaqlar təkcə normal uşaqlıqdan məhrum deyillər, həm də zorakılığa və başqa növ təhqirlərə məruz qalırlar.
İranlıların 70%-i yetərincə zülal qəbul etmir. Əhalinin 88%-i kifayət qədər meyvə və tərəvəz yemir. Ağartı məhsullarından istifadə də səhiyyə mütəxəssislərinin tövsiyə etdiyindən xeyli aşağıdır. Əslində, əhalinin 2/3-si özünü sağlam qidayla təmin etməyə qadir deyil. Buna görə də ucuz, sağlam olmayan fast-fud tipli qidalara tələb sürətlə artmaqdadır.
Əhalinin get-gedə daha çox yoxsulluq girdabına düşməsinin nə zaman dayanacağını heç kim deyə bilmir. Neftin bahalaşması durumu yaxşılaşdıra bilərmi?
Bir məsələ var ki, Mahmoud Ahmadinejad-ın səkkiz illik prezidentliyi dövründə neft qiymətləri indikindən, az qala, iki dəfə yuxarı idi, ancaq ölkə iqtisadiyyatı real iş yerləri yarada və yaşayış standartlarını yüksəldə bilmədi.
Oxunub: 530