Avqustun 12-də «Bakı» Film İnstitutunda jurnalist və filmmaker İqrar Qurbanın ərsəyə gətirdiyi “Dəhliz” qısametrajlı filminin təqdimatı olub.
Film 5 yaşında olarkən müharibə nəticəsində ailəsi ilə Laçından Bakıya köç etmiş bir qadının həyatından bəhs edir. O, yaşadığı ağrıları belə izah edir:
“Biz bilmirdik ki, bu qədər uzun müddət burada qalacağıq. Elə bilirdik yalandan atışmadır və qayıdıb gedəcəyik. Bura öyrəşənə qədər çox əziyyət çəkmişik, çox… İndi burda özümüzə azdan-çoxdan, yalandan-gerçəkdən şərait qurmuşuq, amma buna şərait demək olmaz. Bu şəraitsizliyə baxanda, anamın, atamın dediyini, özümün azdan-çoxdan yadımda qalanı fikirləşəndə, elə bilirəm biz indi yaşamırıq. «Baçok»lar, vedrələr… İnsanın həyatında bu qədər qab olar? Həyatımızda insandan çox qab var. Bu, içməli sudu, bu çimməli sudu, nə bilim, bununla ayaq yumaq olar… Əslində belə yaşamaq olmaz axı».
Hazırda 29 yaşında olan qadın həyatının bəlli mərhələlərində bu hadisələrin onda necə izlər qoyduğundan danışır. “Arena” layihəsi çərçivəsində çəkilmiş filmin məqsədi, incəsənət vasitəsilə müharibədən əziyyət çəkmiş insanların səsini çatdırmaq, xalqlar arasında körpü, dialoq yaratmaqdır.
Oxunub: 574