İran rəsmiləri bildirirlər ki, onlara ən çox xəstələrin gəldiyi ölkələrdən biri də Azərbaycandır.
Onlar xaricdən xəstə axınını İranda tibbi xidmətin ucuzluğu ilə izah edirlər.
Astara şəhər sakini Camal İbrahimov deyir ki, Azərbaycanda ürəyindən əməliyyat olunub.
Lakin dərman almaqdan ötrü İrana gedir:
“İranda eyni firmanın dərmanları yarıbayarı ucuzdur”
“Ölkəmizdə əməliyyat olundum. Çünki,sığortam var idi. Amma dərman üçün İrana gedirəm. Eyni firmanın dərmanlarıdır, bizdə baha onlarda ucuz. Qiymət arasında fərq yarıbayarıdır.”
Adının çəkilməsini istəməyən bir rayon sakini isə İranda əməliyyat olunduğunu bildirir:
“İranda əməliyyat da ucuzdur”
”Getdim Bakıya, gördüm əməliyyat bahadır. İrana getmyə məcbur oldum. Hardasa,1500-2000 Amerika dolları xərc çəkmişəm. Düzdür narazıyam. Amma bizdəkindən ucuz başa gəldi. Keyfiyyətini deyə bilmərəm, hələ müalicə olunuram”
“Bu məsələ kökündən araşdırılmalıdır”
Həkim ekspert Davud Qurbanov Azərbaycandan insanların müalicə məqsədi iləİrana getməsini bir neçə səbəblə izah edir:
“Bizdə müalicə və əməliyyatlar bahadır. Keyfiyyət də yüksək deyil. Peşəkaralıq da tələbatı ödəmir. İrana müalicəyə gedənləri araşdırmaq lazımdır. Öyrənilməlidir ki, onlar hansı xəstəlikdən əziyyət çəkirlər. Bu məsələ kökündən araşdırılmalıdır.”
“İrandan kor-peşiman qayıdanlar da az deyil”
Həkim hesab edir ki,Azərbaycanın tibb müəssisələrində xəstələrə münasibət dəyişməlidir:
“Xəstələrin aldadılması halları var. Xəstələrə daha çox dərman yazırlar. Amma İrandan kor-peşiman qayıdanlar da az deyil. Bir sözlə öz vətəndaşlarımıza sahib çıxmalıyıq. Problemimiz çoxdur.”
İqtisadçı Vidadi Mirzəyev deyir ki, hər il Azərbaycandan İrana minlərlə adam müalicəyə gedir:
“Bir sözlə İran səhiyyəsinə yatırım qoyuruq. Dollar qonşu ölkəyə axır.”
İqtisadçının sözlərinə görə, Azərbaycan tərəfi də cavab tədbiri görməlidir:
“Bəzən xəstələri İrana xərəkdə aparırlar. Bu nə deməkdir?! Cənub bölgəsindədiaqnostika mərkəzləri var. Gözəl binalar tikilib, avadanlıqlar var. Lakin xidmətin keyfiyyəti aşağıdır, həm də bahadır. Halbuki, tibb sahəsi pulsuzdur…”
İqtisdçı hesab edir ki, Azərbaycanın xəstəxanalarında rüşvət yığışdırılmalıdır:
“İranda, Trükiyədə müalicə üçün xəstəxanaya mürciət edəndən sonra dövlətin qoyduğu qaydada pul köçürülür. Onunla da məsələ həll olunur. Bizim xəstəxanaların şəvqət bacıları iynəni vurmaq üçün,həmin anda pul alırlar. Biyabırçılıqdır. İndi İrana müalicəyə gedənlərin sayı müəyyən qədər azalıb. Bu da ondan irəli gəlir ki, manat dollara nisbətən dəyərdən düşür. İran realı isə yerində qalır. Bizim pulumuzun hesabına xərc artır…”
Rəsmilər nə deyir?
Azərbaycan səhiyyəsinə cavabdehlik daşıyan rəsmilər isə ölkədə bu sahənin inkişaf edildiyini deyirlər.
Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov jurnalistlərə müsahibələrinin birində demişdi ki, bəzi insanların müalicədən ötrü xaricə getmələri heç də Azərbaycanda səhiyyənin zəif inkişaf etdiyi demək deyil. Onun sözlərinə görə, elə bir xəstəlik yoxdur ki, onu Azərbaycanda müalicə etmək mümkün olmasın:
“Bu gün siz Almaniyaya getsəniz, oradan da müəyyən qrupun müalicə üçün ABŞ-a getdiyini görəcəksiniz. Məsələn, Türkiyədəki zənginlər Almaniyaya müalicəyə gedirlər. Son illər dünyada geniş yayılmış «xəstə turizmi» deyilən dəbə düşmüş proses var. Ona görə də bir ölkədən digərinə müalicə üçün gedənlərin sayı çoxdur. Amma bu o demək deyil ki, Azərbaycanda səhiyyə sahəsi inkişaf etməyib”
Azadlig.org
Oxunub: 258