Hazırda tələbə adını qazananların sevincinə bir narahatlıq da qarışıb. Bu narahatlığın ciddi bir əsası da var – ödənişli əsaslarla qəbul olunanların təhsilhaqqını necə verəcəyi.
Əlbəttə, ən aşağı həddlə götürsək, təhsilhaqqının 1600-2000 manatdan başlayan həddi sıravi azərbaycanlı ailəsi üçün olduqca böyük rəqəmdir. Tələbənin bundan başqa, bir ildə təhsilə aid minimum vəsaitləri, nəqliyyat, qida, geyim, kirayədə qalırsa, kirayə haqqını da hesablayanda, tələbə adının sevincinə qaranlıq çökür. Bugünün ağır həyat şərtləri, problemli kreditlərlə birgə ömür sürən ölkə vətəndaşları təəssüf ki, övladlarının təhsillə bağlı bütün xərclərini qarşılaya bilmir. Bir sözlə, universitetlərin hazırkı təhsil haqqı əhalinin sosial-iqtisadi vəziyyətiylə ziddiyyət təşkil edir. Özəl və dövlət ali təhsil müəssisələrinin rəhbərləri bunu maddi-texniki bazanın xərcləri və digər məsələlərlə əlaqələndirsələr də, nəticə heç də aylıq maaşa baxan insanların büdcəsinə uyğun deyil.
Ödənişli əsaslarla qəbul olan bir neçə nəfərlə söhbət onların hələ dərs ili başlamamış qayğılarla yükləndiyini açıq-aydın göstərir. Bu narahatlıq həm də ondan irəli gəlir ki, birinci kursun təhsil haqqı tədris ili başlamamış, öncədən verilməlidir. Amma nə ilə?! Tələbələr də bu sualın cavabını qəbul olduqları andan bəri aramaqdadır.
Bu məqamda dövlət və özəl ali təhsil müəssisələrinin təhsil haqqını təqdim etmək yerinə düşər. Pedaqoji Universitetdə təhsilhaqqı 1600-1800, Bakı Dövlət Universitetində 1600-4800, Azərbaycan Tibb Universitetində 2000-3000 manatdır. Texniki Universitetdə 1400-1800, Memarlıq və İnşaat Universitetində 1800-2300,Slavyan Universitetində 1400-2000, İdarəçilik Akademiyasında 1800-2000, Mədəniyyət və İncəsənət Universitetində 1800-2000, Dillər Universitetində isə 1000-2500 manat təhsilhaqqı mövcuddur.
Bu hələ rəqəmlərin müəyyən bir hissəsidir. Sırf özəl ali təhsil müəssisələrində də əhalinin büdcəsinə uyğunsuz təhsilhaqqları var. Təkcə bir neçə ailənin deyil, ümumilikdə cəmiyyətin problemi olan bu məsələ isə öz aktuallığını itirmir. Çünki əhalinin sosial-iqtisadi həyatı ilbəil müsbətə doğru deyil, üzü mənfiyə istiqamətə gedir. Bir sıra məqamları əsas tutan təhsil müəssisələri isə təhsilhaqqını azaltmaq əvəzinə, hər il bir neçə yüz manat artırır. Bu isə vətəndaşların zərərinə işləyir.
Builki məzunlarla qəbulöncəsi söhbətdə onlar təhsilhaqqı probleminə görə dövlət sifarişi olan ixtisaslara üstünlük verəcəklərini deyirdilər. Necə deyərlər, əksəriyyət ödənişli əsaslarla oxumağın iqtisadi çətinliyinə görə, el dilində desək, “pulsuz”a düşməyi qətiləşdirirdi. Qəbuldan sonra ödənişsizə düşənlərin bəzisinin tərəddüddə qalması da başadüşüləndir. Yəni bir nüans ödənişsiz əsaslarla oxumaq istəyənlərin yoluna maneə yaradıb. Belə ki, 669 bal toplayan tanış bir tələbə universitetlərin birinin hüquq fakültəsinə qəbul ola bilməyib. Çünki cəmisi 4 balın çatmaması onun dövlət sifarişi ilə oxumaq arzusuna bir çəpər olub. Necə deyərlər, yüksək bal toplamaq sevincinin ömrü arzunu yalnız ödəniışli əsaslarla reallaşdırmağa qədərdir. Bəs ödənişi nə ilə etməli?! Bu gün övladı tələbə olan bütün ailələrin baş sındırdığı bu sual isə, təəssüf ki, hələ də açıq qalır.
azadlıq.info
Oxunub: 192