Son günlərdə hakimiyyətin nəzarətində olan mətbuat orqanları AXCP sədri Əli Kərimliyə qarşı növbəti iyrənc kampaniyaya başlayıblar. Milli Şuranın sədri Cəmil Həsənli bu məsələyə FB səhifəsində münasibət bildirib:
“Vaxtı ilə Mirzə Cəlil sovet dövründə “Molla Nəsrəddin” jurnalında bir elan vermişdi ki, Gəncə uyezd komitəsinin başçısı başın itirib, bəs tapan olsa redaksiyamıza gətirsin. Növbəti nömrədə jurnal həmin elanla bağlı bildirdi ki, hörmətli oxucular özünüzə zəhmət verib axtarmayın, sən demə ukomun (uezd komitəsinin) başı yox imiş. İndi Əli Kərimli haqqında hökumətin əlaltı saytlarında, əşya bükməyə belə yaramayan qəzetlərində yayılan böhtanları oxuduqca “Molla Nəsrəddin”in başsız ukomu yada düşür. Cəbhəçi Paşa Umudov və Kərim bəyin adından Əli Kərimli haqqında yazılan çızmaqaraları oxuduqca adamın bunlara yazığı gəlir. Gör bu bədbəxtlər nə günü düşüblər, necə çarəsiz xəstəliyə düçar olublar ki, parkinsonun şiddətindən Paşa bəyin də, Kərim bəyin də hazırda sağ-salamat namuslu bir həyat keçirdiklərin, belə rəzillikdən uzaq olduqların unudublar. Yeri gəlmişkən biz elə dünən və onun adından yazı dərc gün Paşa Umudovla birlikdə çay içib hakimiyyətin parkinson xəstəliyinə mübtəla olduğun müzakirə edirdik. Çünki adamlar bu xəstəliyə tutulanda yaddaşını, hakimiyyətlər mübtəla olunda yaddaşı ilə bərabər abır-həyasını da itirir. O boyda rüsvayçılıqdan sonra MTN vürud edəndə biz elə bilirdik ki, çoxları bundan dərs alacaq. Ancaq atalar demiş qozbeli qəbir düzəldər.
Müəllifi belə böhtan olan bu cızmaqaralardan məlum olur ki, onları hazırlayan qurumların mühasibatdan, hesab-kitabdan bir balaca başı çıxır. Əgər belədirsə nə əcəb bunlar İlham Əliyevin rəhbərliyi altında işləyən YAP Siyasi Şurasının üzvü olan bir nazirin başqa bir nazirə verdiyi rüşvətin həcmin illər üzrə hesablamayıblr, hələ mən hər ay adamın 300 minlik paket almasın mərdü-mərdana etiraf etməsin demirəm. Ya partiyanın Yasamal təşkilatının başçısı olan metro Tağının “intellektual” səviyyədə aparata oğurluq öyrədib hər 4 jetondan birini hansı çətinliklə mənimsəməsinin hesab-kitabını ortaya qoymayıbıar. YAP-ın Nəzarət-Təftiş Komissiyasının sədri Beytulla Hüseynovun korrupsiya şəbəkəsinə necə nəzarət etdiyinindən bixəbər olublar. YAP sədrinin müavini “Qaçqınkom” Əli Həsənovun nəvəsinin 3 milyonluq maşın parkını da çötkəyə vurmaq pis olmazdı. Bir təqvim ilində ölkədən bir milyard vəsait çıxarmağın, sonra da şikəst olub 31 milyon manat vergi borcundan azad olmağın da yol xəritəsin cızmaq da gərək diqqətdən yayınmayaydı. Bunlar ifşa olunduqca parkinson da şiddətlənir.
Vallah-billah parkinson yaxşı xəstəlik deyil. Çünki onun birinci əlaməti hər şeyi unudub özünü abırsız vəziyyətə qoymaqdır. Yeri gəlmişkən Əli Kərimlini iki il əvvəl şiə radikalizmndə, bir il öncə Fətulla Gülənin sünni hizmət şəbəkəsində, bir neçə ay qabaq isə Gözəl Bayramlı vasitəsi ilə guya Qərbdən maliyyə yardımı alıb ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham etmək əsl parkinson diaqnozudur. Amma İndi bizə zarafat kimi görünən bu yazılar səbəbsiz deyil. Deyəsən ukom başın tapıb. Dövlət adına Faiq Əmirlini hizmət imamı elan edənlər indi də Əli Kərimliyə prezident aparatından maliyyə tranşı açırlar. İnsafən parkinson kreativ xəstəlikdir“.
Oxunub: 1210