Rüfət Səfərov: “İdarə üsulunuz yararsız və müvəqqətidir, çünki yalan üzərində qurulub”
Jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyətə başlayarkən məni nələrin gözlədiyini təxmin etmişdim. Qələm və əməl ilə haqqı tapdalanan azərbaycanlının yanında olacaqdımsa, rəsmi strukturların təqibini, işgəncəsini belə göz altına almışdım. Burası Azərbaycandır! Amma həbsdə Yeni Azərbaycan Partiyasının qurucularından, klassik Əliyevçi Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verib, bəyanat, müsahibə və kəskin müəllif yazıları ilə hakimiyyəti tənqid edərək yekunda 9 il müddətinə türməyə salınan hüquqçu oğlu Rüfət Səfərovla qarşılaşıb, sirdaş olacağımı, ondan müsahibə alacağımı ağlımın ucundan belə keçirməmişdim…
Rüfət bəyin istefa verib, uzun müddət ölkə gündəmini zəbt etməsi xəbərini Gəncə İstintaq təcridxanasında saxlanılarkən qonşu kameradakı dostların ötürdüyü “Azadlıq”dan aldım. Sonralarsa Səfərovun “Hüququn qətli” adlanan serial məqalələri ilə tanış oldum və qeyri-ixtiyari düşündüm. İllər uzunu YAP-ın və Heydər Əliyevin usta təbliğatçısı olmuş Eldar Sabiroğlunun başçılıq etdiyi ailədə bunca müxalif və sərbəst düşüncəyə sahib hüquqçu necə yetişib? Açığı, belə hadisə barədə nə eşitmiş, nə də oxumuşdum. Ancaq Rüfət Səfərov bunu ciddi formada həm eşitdirdi, həm də oxutdurdu.
Saxlanıldığımız 9 saylı “zon”da bir neçə gün öncə Rüfət bəylə gəzişərkən bəzi suallarım olduğunu və məhbəsdə ondan müsahibə almaq istəyimi bildirdim. Bir az tərəddüddən sonra “həbsdəki baş redaktorun türmədəki hüquqşünasdan müsahibəsi oxucular üçün maraqlı olar” deyib razılaşdı.
– Rüfət bəy, 2014-cü ilin avqustundan həbsdə olsam da, daim ölkə gündəmi ilə maraqlanıb, mətbuatı izləmişəm. Bu baxımdan, 2015-ci ilin dekabrında səs-küylü istefanız, eləcə də bunu izah edən mövqeyiniz mənə və oxuculara artıq bəllidir. Bununla belə, Rüfət Səfərovun prokurorluq orqanlarından birbaşa zindana keçid etməsi Sizə nələri verdi, nələri aldı?
– Bəri başdan söyləyim ki, həbsə düşməyi qəhrəmanlıq, eləcə də ümumi iş baxımından faydalı saymıram. Amma bu da faktdır ki, Azərbaycan reallığında alternativ düşüncənin, sərbəst siyasi fəaliyyətin, xüsusilə tənqidi düz xəttin yolu məhbəsdən keçir. Ölkədə bərqərar olan sərt idarəçilik üsulu – avtoritar rejim başqa cür düşünüb yürüdülən rəsmi siyasəti obyektiv tənqid edən fəalın önünü dəyirmi masa arxasında kəsməkdə aciz olanda həbsin qapısını göstərir. Bu, avtoriatr idarəçiliyin hakim olduğu istənilən dövlətdə belədir.
Mən könüllü surətdə istefa verib, açıq mövqeyimi ortaya qoyduqdan cəmi iki həftə sonra həbs edildim, buraxıldım, yenidən zindana salındım. Dərs vermək istəyirdilər, öz aləmlərində. Amma unutmuşdular ki, bu həyatda müəllimlərimdən, valideynlərimdən və kitablardan dərs almışam, almaqda da davam edirəm. O ki qaldı həbs həyatının mənə nələri verib-almasına, deməliyəm ki, qazandıqlarımın yanında müvəqqəti itirdiklərim olduqca əhəmiyyətsiz görünür. Çünki mən azadlıq anlayışını fiziki-hərəki mənada yox, mənəvi-ruhi anlamda qarşılayıram. Baxın, bir məntəqədən digər məntəqəyə sərbəst adlayıb, həyatını yalan üzərində quraraq doğruları dilə gətirməkdə aciz olan “yeni azərbaycanlı” azaddır, yoxsa bir yerdən o biri yerə hərəkətini dəmir barmaqlıqlar kəssə də, ömrünü həqiqətə həsr edib çəkinmədən reallıqları söyləyən “köhnə azərbaycanlı”lar – məsələn, Gözəl Bayramlı, İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Seymur Həzi, Taleh Bağırzadə? Mənə görə, ikincilər və digər dostlarımız azadlıq anlayışını daha dolğun ifadə edirlər.
Dövlət büdcəsini şəxsi məqsədlərdən ötrü göyə sovuranların, xalqın malı ilə irsən keçən xüsusi mülkiyyət kimi davrananların, il ərzində aldığım əmək haqqının cəmini ay ərzində xadiməsinə sərf edərək yekunda məni “korrupsioner” olmaqda ittiham edənlərin diqqətinə çatdırıram: elə sanmayın ki, kənardan böyük və güclü görünən “cəza maşını”nızın təkərləri altında özümü zəif və aciz sayıram. Zaman özü təsdiqləyəcək ki, idarə üsulunuz yararsız və müvəqqətidir, çünki yalan üzərində qurulub. Özgə düşüncənin faktiki yasaqlanmasına baxmayaraq , fədakar Azərbaycan gəncliyini sonunadək məhv etmək olmayacaq. Həqiqətləri söyləyənlər dünən və bu gün sıradan çıxarıla bilər, lakin yekun etibarı ilə tarix boyu heç zaman yenilməyən haqqın zəfər təntənəsi qaçılmazdır.
– Məhbəsdə belə fəaliyyətinizə ara vermir, oxucuların mühakiməsinə müəllif yazılarınızı təqdim edir, aktual mövzulara dair müsahibə verirsiniz. Qısa zaman öncə səngiyən əlavə təzyiq mexanizminin işə düşməsini gözləyirsinizmi?
– Bilirsiniz, elə bir xətti seçmişik ki, nəinki azadlıqda, həbsdə də təqiblərin olması qaçılmazdır. Cəzaçəkmə müəssisəsinə gələr-gəlməz bir töhmət, iki karser ilə “mükafatlandırılmışam”. Əvvəldən bu kimi situasiyalara özümü hazırladığımdan nə çəkinir, nə də təəccüb edirəm. Hansı təzyiq vasitələrinin işə düşməsindən asılı olmayaraq, doğru bildiklərimizi həbsdən belə qələmə alıb söyləməyi qərara almışam. Ötən əsrin əvvəlində babalarımız min bir zillətlə demokratik cümhuriyyət quraraq bizlərə əmanət edib. Əsrin sonunda cümhuriyyət yenidən qurulsa da, demokratiya bərpa olunmayıb. Bəli, usanmaq bilmədən mübarizəsinin arxasında olan həqiqətpərəstlərin demokratiyanı gətirəcəyi günün uzaqlarda olmadığına qəlbən inanır və Məhəmməd Əmin Rəsulzadənin “ Əsrimizin Siyavuşu”nda bizlərə xitabən yazdığı sözləri tez-tez xatırlayıram : “ Sizdən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşgülatla ucaldaraq dedi ki, – bir kərə yüksələn bayraq bir daha enməz!”
– Həbsdə günlərinizi necə keçirirsiniz?
– Düşünürəm ki, insan planlı həyat sürüb nisbi qrafiklə yaşayırsa, günün necə gəlib-keçdiyini bilməz, hətta vaxt azlığından şikayət edər. Azadlıqda olduğu kimi, zindanda da günümü konkret qrafikə təslim etmişəm. 6.00-da oyanır, səhər yeməyi yeyir, bir az kitab oxuyub dustaq yoldaşlarımızla gəzinti yerində o yan-bu yana addımladıqdan sonra 9.00-da “razvod”da olur, 11.00-da duş qəbul edib, 12.00-da yenidən “razvod”u keçərək 18.00-da axşam yeməyi yeyib 19.00-dan 21.00-dək yenidən mütaliəyə vaxt ayırıb bir saat yürüdükdən sonra 22.00-da yatmağa uzanıram. Səhhətimdə olan müvəqqəti problem səbəbindən idmana vaxt ayıra bilmirəm. İnşallah, tezliklə qaydasına düşər.
– Ünsiyyətcilsiniz. Vaxtaşırı dustaqların ayrı-ayrı suallarını həvəslə cavablandırırsınız. Maraqlıdır, onları əsasən nə ilgiləndirir?
– Bu imkandan faydalı istifadə etməliyəm. Elə etməliyəm ki, gələcəkdə bu illəri itirilmiş yox, qazanılmış illər kimi xatırlayım. Həbs adamının psixologiyası, daxili dünyası məndən ötrü hər zaman maraqlı olub. Bu baxımdan, “zon”dakı 250 dustağın hər biri ilə söhbət edib, gələcək vəsaitlər üçün material toplayıram. İnanıram ki, nə vaxtsa oxucuların mühakiməsinə veriləcək həbs gündəliyi maraqla qarşılanacaq. Artıq altıncı aydır ki, bura köçürülmüşəm. Bu müddətdə verilən sualların 70 faizi əfv və amnistiya ilə bağlıdır. Yadıma Aleksandr Soljenistinin “Qulaq arxipelaqı” düşür. Yazıçı həmin kitabda yazır: “On illər on illəri əvəzlədikcə məhbusların müxtəlif axınları gah amnistiya, gah yeni məcəllə, gah işlərə ümumi baxış olacağını həmişə gözləmiş və buna həmişə inanmışdır. Və bu şayiələr orqanlar tərəfindən bacarıqlı bir ehtiyatlılıqla dəstəklənirdi. Oktyabrın neçənci ildönümünəsə, Leninin yubileylərinə, Qələbə gününə, Qızıl ordu gününə və ya Paris Kommunası gününə, ÜMİK-in hər yeni sessiyasına, hər beşilliyin yekununa, Ali Məhkəmənin hər plenumuna – daha nələrə ümid bəsləmirdi, azadlıq mələyinini enəcəyini daha hansı günlərə uyğunlaşdırmırdı məhbus xəyalları! Həbslər nə qədər vəhşiliklə, nə qədər gülün aparılırdısa, məhbus axını nə qədər qapsamlı olurdusa, onları ayıltmaqdansa, əfv olunmağa, aministiyaya inam doğururdu!” Bu cümlələr Azərbaycanın bu günü ilə necə də səsləşir, hərçənd ki, yazıçı Stalin dövrünü qələmə alıb. İnsanlarımız müxtəlif əlamətdar günləri gözləməklə günlərini keçirirlər. Sanki hipnoz altındadırlar. Mən məhbus gördüm ki, cəza müddətinin bitməsinə iki həftə qalmış yenə də əfvdən dəm vururdu. Hazırda dustaqlar kütləvi şəkildə yaxınlaşan Qurban bayramını və Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair sərəncamın nəticələrini gözləyir.
– Uzun illərdir ki, Azərbaycan müxalifəti mübarizə aparmasına baxmayaraq, ortada ciddi nəticə yoxdur. 1993-cü ildən bəzi seçkiqabağı bəlli müxalif mərkəzlərin qısamüddətli fəaliyyətinə, uğursuz yekundan sonra isə hakimiyyətlə mübarizə aparan simaların öz aralarında qarşılıqlı ittihamlarına şahidlik edirik. Necə bilirsiniz, iqtidar kifayət qədər güclüdür, müxalifətin elektoral bazası zəifdir, yoxsa başqa motivləri qabardardınız?
– Hər hansı təşkilati mənsubiyyətim olmasa da, bu fikirdəyəm ki, Azərbaycan müxalifəti nəinki zəifdir, əksinə, çoxsaylı yasaq və məhdudiyyətlərin fonunda ciddi fəaliyyətini qoruyub saxlaya bilir. Birlikdə nəzər yetirək: müxalif partiyalar əsasən qərargahsız fəaliyyətdədirlər, rəhbərlər, müavinlər, müşavirlər həbsdədirlər, başqa düşüncəni tirajlayan qəzetlər tamamən sıradan çıxarılıblar, tez-tez saytlar dağıdılır, dövlət, ictimai və özəl tv-lərdə çıxışa imkan yoxdur. Mən deyərdim ki, elan olunmamış fövqəladə və ya hərbi vəziyyətdir. Bununla belə, müxalifət dar macalda fəaliyyətinə ara vermir. Məhz bu fəaliyyətin nəticəsidir ki, hakimiyyət son günlər yeni həbs dalğasına start verib. Qadın, qoca, yeniyetmə demədən repressiya maşınını sürdürür. Hətta daha uzağa gedərək mühacirləri başqa ölkədən oğurlayıb həbs edirlər. Hazırki durum ötən əsrin əvvəlində çar rejiminin rus insanına sərgilədiyi münasibəti xatırladır. Xüsusilə, 1917-ci ilin yanvar ayını nəzərdə tuturam.
Eyni zamanda, Azərbaycan iqtidarının gücü özünü polis dəyənəyində, qanundankənar cəza dəstələrinin əməlində büruzə verir. Hələlik bir qism insanı təqibə məruz qoyub həbs etməklə, işgəncələr altında əzməklə digər qismin gözünü qorxuda bilirlər. Dəyişikliklər o zaman baş verəcək ki, qonşusunun, iş və ya tələbə yoldaşının, qohumunun və s. siyasi əsaslarla həbsi vətəndaşı qorxutmaq yerinə məsuliyyət və mübarizəsini daha da stimullaşdıracaq. Bu mərhələnin astanasındayıq. Adamlar gerçəkdən beziblər.
O ki qaldı uğursuz yekundan sonra müxalif görüşü önə çəkən fəalların qarşılqılı ittihamlarına, bu təbiidir, çünki məğlubiyyət yetimdir, heç kim sahib durmaq istəmir. Həmin cəhət həm klassik, həm də müasir siyasətin qanunauyunluğuna aiddir.
– Kassasiya şikayətinizə Ali Məhkəmədə baxılıb təmin olunmadı. Bundan sonra müdafiə işini necə qurmaq fikrindəsiniz?
– Başqa qərar gözləmirdim. Məhkəmədə qeyd etdiyim kimi, ədalət mühakiməsinin sərbəst məhkəmələr tərəfindən həyata keçirilməsi demokratik idarəçiliyin əsas atributlarından biridir. Bu atribut nəinki Azərbaycanda mövcuddur, əksinə, icraedici hakimiyyətin göstərişinə müntəzir olan əhəmiyyətsiz hakim korpusu fəaliyyətdədir. Bu baxımdan, pozulmuş hüquqlarımın ölkədaxili instansiyalarda bərpa olunmasına inanmır, müdafiəçilərimlə birgə sənədləri Avropa Məhkəməsinə hazırlayırıq. Belə bir inama sahibəm ki, istefa qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi arasında iki həftəlik müddətin olduğunu müəyyənləşdirən istənilən müstəqil hakim işin ardını oxumaz, siyasi yüklü təqib olduğunu yəqin edər.
– Rüfət bəy, Azərbaycan hüquq sisteminin gerçək mahiyyəti, xüsusilə prokurorluq, polis, cəza-icra, ədliyyə strukturlarının real hüquqi vəziyyəti barədə fikirlərinizi almaq maraqlı olardı…
– Bu mövzuya dair fundamental yanaşmanı hazırlamışam. Problem müsahibədə yox, ayrıca müəllif yazısında çözülsə, daha məqsədəuyğun olar. Düşünürəmki, yaxın günlərdə geniş məqalə ilə çıxış etmək imkanımız olacaq.
– Konkret siyasi partiya mənsubiyyətinizi, təşkilatlanmanızı, meydana siyasi iddia qoymağınızı gözləmək olarmı?
– Nəzəri olaraq istisna etmirəm. Lakin indi və gələcəkdə sərbəst hüquqşünas kimi fəaliyyətə üstünlük verəcəyəm. Bilirsiniz, mənə görə qanunsuzluqları, Azərbaycan hakimiyyətinin uğursuzluqlarını, addımbaaddım vətəndaşların hüquqlarının pozulmasını, 24 ildir ki, azad seçkilərin keçirilməməsini, vətəndaş cəmiyyəti institutlarının, hüquq müdafiə təşkilatlarının sıradan çıxarılmasını, müxalif medianın az qala rəsmən ləğv edilməsini, timsalınızda jurnalistlərin nəinki izlənilməsini, hətta dırnaqlarının çıxarılıb, qabırğalarının sındırılmasını ifadə etmək üçün siyasətlə məşğul olmaq vacib deyil, məsuliyyət hissi olan vətəndaş həyatı sürmək kifayətdir. Baxmayaraq ki, bu həyat məşəqqətlidir, çətindir, amma sonunda seviləcəyimizi düşünürəm. Sovet dövrü rus ədəbiyyatının ən çox sıxışdırılan yazıçılarından biri Andrey Platonovun “Quru bitki”də yazdığı bu fikir yerinə düşür: “İki insan – biri çətindən, biri asandan keçir. Ancaq birincini sevirlər, haqlı olaraq onu sevirlər”
– Ailə üzvərinizlə görüşmə imkanınız olurmu?
– Ayda iki dəfə valideynlərimlə görüşüb, həftədə iki dəfə telefon əlaqəsi yaratmaq mümkün olur.
– Müdafiənizdən razısınızmı?
– Xalqımız qədirbiləndir. Son iki ildə cəmiyyətin müxtəlif təbəqələrindən özüm və ailəm dəstək görüb. Dəyərli ziyalımız Eldəniz Quliyevin rəhbərliyi ilə nüfuzlu aydınların təmsil olunduğu müdafiə komitəsi problemi hər zaman diqqətdə saxlayır.
Azərbaycanın barmaqla sayılacaq cəsarətli vəkillərindən üçü – Bəhruz Bayramov, Yalçın İmanov, Fariz Namazlı ittihamın puç, məhkəmə qərarlarının qondarma sübutlara söykəndiyini ortaya qoyublar. Fürsətdən istifadə edib onların hər birinə ayrılıqda təşəkkürümü ifadə edirəm. Xüsusilə, atam Eldar Sabiroğlunu, anam Tahirə Tahirqızını fərqli zəmində yenidən dərk etdim. Onlar ciddi mübariz ruha sahibdirlər.
– Deyəsən, Eldar müəllim Sizi əvvəlcə tənqid edib, atdığınız addımı bəyənməmişdi.
– Məlum qərarı alarkən heç kimlə, eləcə də valideynlərimlə məsləhətləşməmişdim. Hörmətli Sabiroğlu isə yollarımızın siyasi mənada ayrıldığını bəyan edib, münasib bildiyim xətdən çəkilməyi tövsiyə etmişdi. Lakin müstəqil qərarımı bu gün də müdafiə edir, peşmançılıq da çəkmirəm.
– Son olaraq cəmiyyətə, Sizi həbs edən keçmiş həmkarlarınıza bir sözünüz varmı?
– İnsanlara həbsin faciəli olmadığını söyləyir, Paulo Koelyonun “Məktub” əsərindəki bir abzası olduğu kimi çatdırmaqda fayda görürəm: “Şagird dedi: “Bütün müəllimlər deyirlər ki, mənəvi xəzinəni fərdi axtarışla qazanırsan. Onda niyə hamımız bir yerdəyik?” Ona görə bir yerdəsiniz ki, meşə həmişə tək ağacdan daha möhkəmdir, rütubəti saxlayır, tufana sinə gərir, torpağın münbit olmasına kömək edir. Amma ağacı möhkəm eləyən onun kökləridir. Bir bitkinin kökü digər bitkinin böyüməsinə yardım göstərə bilməz. Eyni məqsəd üçün bir yerdə olmağımız insana öz istədiyi kimi kömək eləyir, bu da Allaha qovuşmaq istəyənlərin yoludur”, – deyə müəllim cavab verdi”.
İnsanlarımız bilsinlər ki, məhbəsdə daha dərindən inandım ki, Azərbaycanda zorakılığa dayanan idarəçilik, “polis cəmiyyəti“, dövlət idarəçiliyində şaquli münasibətlər sisteminin ortaya qoyduğu ali siyasi-hüquqi iradə mövcuddur. Şübhəsiz, bu zəmində əvvəlimiz təqib, həbs, zorakılıq və digər məhrumiyyətlərlə zəngin ola bilər. Bunu qətiyyən uğursuzluğun hesabına yazmıram. Sartrın “Sözlər”ində deyildiyi kimi “…əvvəl barədə də axıra görə mühakimə yürüdürlər.” Əminəm ki, bu günlər əsasında insan və vətəndaşa hörmət dayanan xoş günləri tezliklə doğuracaq.
Cavid Şirəliyev
Redaksiyadan. 7gun.az xəbər portalının baş redaktoru Cavid Şirəliyevi 2014-cü il avqustun 30-da polis saxlayıb və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb. 2016-cı il mayın 22-də isəGəncə şəhər Ağır Cinayətlər Məhkəməsi hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (CM-in 182.2.1 və 182.2.4-cü maddələri) baş redaktoru 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Oxunub: 1230