“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev barəsində ilkin istintaq dövrü üçün noyabrın 7-nə qədər həbs-qətimkan tədbiri seçilib. Bu haqda avqustun 25-də Yasamal Rayon Məhkəməsində hakimi Azər Tağıyev qərar çıxarıb.
Mehman Əliyevə qarşı CM-nin 3 maddəsi ilə ittiham irəli sürülüb – 213.1 (vergidən yayınma), 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.
Həbs qərarından apellyasiya şikayəti veriləcək
Mehman Əliyevin vəkili Fuad Ağayev jurnalistlərə açıqlamasında ona qarşı irəli sürülmüş ittihamların da, həbi barədə məhkəmə qərarının da qanunsuz və əsassız olduğunu bildirib. Müdafiəçi həbs qərarından apellyasiya şikayəti veriləcəyini söyləyib: “Mehman Əliyev haqqında nəinki həbs-qətimkan tədbiri, ümumiyyətlə, heç bir qətimkan tədbirinin seçilməsi üçün qanuni əsas yoxdur. Çünki ona verilən ittihamlar əsassızdır. ABŞ prezidenti Donald Tramp demişkən, “fake”dir, saxtadır”.
“Cinayət tərkibi yoxdur”
Mehman Əliyevə qarşı irəli sürülən ittihamlar haqda danışan vəkil deyir ki, “Turan”ın direktoruna da bir müddət əvvəl QHT təmsilçilərinə verilən qanunsuz sahibkarlıq ittihamı irəli sürülüb. Halbuki, “Turan”ın fəaliyyətində qanunsuz sahibkarlıqdan söhbət gedə bilməz. Vəkil fikrini belə əsaslsndırır: “Həmin maddənin dispozisiyasına görə, təşkilat qeydiyyatdan keçməsə, bu cinayətin tərkibi yarana bilər. “Turan” uzun illərdir ki, qeydiyyatdan keçib. Yaxud təşkilat lisenziya qaydalarını pozmalıdır, lisenziyası olmamalıdır ki, bu cinayətin tərkibi yaransın. Hamıya məlumdur ki, KİV-lər lisenziyalı fəaliyyət növü deyil. Bu da o deməkdir ki, Mehman Əliyevlə bağlı məsələdə bu cinayətin tərkibindən danışmaq mümkün deyil”.
CM-nin 213-cü maddəsi ilə verilən vergidən yayınma ittihamına gəlincə, vəkil deyir ki, məhkəmədə bu ittihamı da darmadağın edən sübutları ortaya qoyublar: “Bildirdik ki, necə olur, 2016-cı il üzrə “Turan” informasiya agentliyinin onlara əlavə mənfəət vergisi hesablanmasına dair inzibati şikayətinə baxmış Vergilər Nazirliyinin qüvvədə olan qərarı ola-ola həmin dövrə əlavə vergilər hesablamısız? Yuxarı orqanın qərarı qüvvədədir, bu necə ola bilər? Bizə deyirlər ki, səyyar vergi yoxlaması təyin eləmişik. Səyyar vergi yoxlamasının yoxlama aktı olmalıdır, o da yoxdur. Yoxlama aktı olmadığı halda, siz Mehman Əliyevə qarşı belə bir ittihamı necə irəli sürə bilərsiz?”
Fuad Ağayev deyir ki, CM-nin 308.1-ci maddəsilə verilən vəzifədən sui-istifadə etmə ittihamı da tamamilə əsassızdır: “Hamı bilir ki, “Turan” informasiya agentliyi hansı məhdudiyyətlərlə üzləşib, fəaliyyətini necə zülmlə davam etdirirdi”.
“Sifarişi verənlər Vergilər Nazirliyində deyil”
Vəkilin sözlərinə görə, Mehman Əliyev özü də məhkəmədə çıxış edib və ittihamların saxta olduğunu, sifarişlə həbs edildiyini bildirib.
“Mən də o fikirdyəm ki, bu, sifarişin nəticəsidir. Avqustun 24-də mən Mehman Əliyevlə birlikdə dindirmədə idim. Məni Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin inzibati binasından çıxardıqdan sonra sonra Mehman Əliyev haqqında şübhəli şəxs qismində saxlanma qərarı verilib. Qərarın tarixi dünənkidi, amma saatı 18.20. Halbuki, dünən saat 16.45-də artıq bir KİV Mehman Əliyevin tutulması haqda məlumatı yaymışdı. Bu cür meyarlara əsaslanaraq, müəyyən mülahizələr irəli sürə bilərik. Mehman Əliyevin həbsinin sifarişçilərinin Vergilər Nazirliyində olduğunu düşünmürəm”, – deyə Fuad Ağayev bildirib.
Vəkil onu da qeyd edib ki, oktyabr ayında Mehman Əliyevin 60 yaşı tamam olacaq.
Azadliq.info
Oxunub: 1028