Rövşən Hacıbəyli
Mehman Əliyevin adı o borclular arasında neçənci sıradadır?
“Dövlət üçün hər bir şəxsin vətəndaşlıq borcunu yerinə yetirməsi çox vacibdir”. Bunu deputat, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib. Sonra da təhlilini verib, tutduğu vəzifəyə uyğun olaraq. O təhlilin nə dərəcədə siyasi olub-olmadığını bilmirəm, bilməməyimin də səbəbi Aydın müəllimin proqnoz verməməsidir. O boyda şöbəyə rəhbərlik edir, ancaq proqnoz vermir. Əslində, bundan sonra baş verəcəklərlə bağlı geniş, ətraflı proqnoz olmalıydı. Borcu yerinə yetirməyən nə qədər vətəndaşımız (prezident də vətəndaşdır) var, onlardan neçəsi yapçıdır, neçəsi nazir, nazir müavini, komitə sədri, deputat, neçəsi sadə vətəndaş, neçəsi jurnalistdir? YAP hakimiyyəti illərində nə qədər vətəndaşlıq borcu yığılıb, xarici borcla onun fərqi nədir? O borclular arasında Mehman Əliyev neçənci yerdə dayanır? Bütün bunlar şöbənin işinə birbaşa daxildir. Vətəndaşlıq borcu, onun yerinə yetirilməsində ortaya çıxan problemlər, o borcun yerinə yetirilməməsindən yaranacaq fəsadlar, onlar hamısı detallı təhlil olunmalı, proqnozlar ortaya qoyulmalıydı; şöbənin fəaliyyətinə uyğun olaraq. Bunlar yoxdursa, bəs onda açıqlamanı niyə verirsən?
“Hər bir Mehman Əliyev vergisini gizlətsə, onda bu dövlət nə ilə yaşayar? Silahlı Qüvvələrimiz, hüquq-mühafizə orqanlarımız, səhiyyəmiz, məktəblərimiz nə ilə fəaliyyət göstərər?” Yadıma məşhur bir filmdən epizod düşdü: “Əgər sən kənd təsərrüfatı texnikumunu bitirməsəydin, səni baş çoban qoyardılarmı?” Görəsən hər bir Aydın Mirzəzadə vergini ödəsəydi ölkəmiz bu gün hansı durumda olardı? Deməli, ölkənin milyardları ofşor zonalara ötürülür, xalqın sərvəti yağıcasına talanır, qiyam yoluyla hakimiyyəti ələ alanlar illərdir idarəçiliklə yox, sümürücülüklə məşğuldur. Zaman-zaman özlərinin keçirdikləri məhkəmə proseslərində bu yeyintilər ortaya qoyulur. Araşdırmaçı jurnalistlərin tapıb üzə çıxardıqları bir yana, ölkənin görməli yerlərində, Xəzərin sahillərində, Bakı kəndlərində ucaldılan imarətlər bunların oğurluq yoluyla hansı sərvətlərə sahib olduqlarını göstərmirmi? Aydın Mirzəzadə də daxil hər birinin biznes şəbəkəsi var; bu sıraya hotellər, şadlıq evləri, restoranlar, böyük marketlər, turizm zonalarında koteclər, istirahət mərkəzləri, avtoservislər, regionlarda yüz, bəzən min hektarlarla torpaq sahələrini aid etmək olar. Bütün bunlarsa oğurluq, vergidənyayınma, rüşvət, korrupsiya hesabına qazanılıb. Bəlkə Kəmaləddin Heydərov imperiyasını halal pullar hesabına yaradıb. Bəlkə vurub sıradan çıxartdığınız Ziya Məmmədov aldığı maaş hesabına o boyda sərvətlərə yiyələnmişdi? Əli Həsənovlar nə qədər əmək haqqı alır ki, Bakının yarısını ələ keçiriblər. Zaman göstərdi, bu gün ev dustaqlığına atdığınız Eldar Mahmudov dövlətdən çox öz təhlükəsizlıiyinin qayğısına qalıb. Nazirlikdə o boyda cinayətlər, yeyintilər aşkarlandıqdan, MTN az qala tam tərkibdə türməyə salınandan, bir qurum kimi ləğv ediləndən sonra belə özünü qoruya bilir. Dubay, Karlovı Varı və başqa ölkələrdə mülklərin alınmasına verilən pullardan vergi ödənilibmi, Aydın müəllim? Uzun illər vəzifə tutmaq sizlərə xarici dil öyrənməyi də qazandırıb, rəzil günə qoyduğunuz Azərbaycan mətbuatını oxumağınızı heç mən də istəmirəm, özünüzü bilikli göstərmək üçün barı xarici mətbuatı oxuyun. Görün qulluq etdiyiniz hakimiyyət, onun korrupsiyaya bulaşmış komandası haqda nələr yazırlar.
Mehman Əliyev “hər bir” deyil, bunu Aydın müəllim də bilir. Mehman Əliyev vətəndaşlıq borcunu hər kəsdən daha çox yerinə yetirən, hər fürsətdə o borc üçün çalışanlardandı. Mehman Əliyev dəyərdir. Dəyərlərimizə toxunmayın!
Oxunub: 310