Son 16 il ərzində Azərbaycanda yaşı 16-dək olan qadınların doğduğu uşaqların sayı 6 dəfə, 16 yaşda olan qadınların doğduğu uşaqların sayı 2 dəfə artıb.
Trend-in məlumatına görə, 2000-ci ildə 16 yaşa qədər qadınlar 24 uşaq, 16 yaşda olan qadınlar 319 uşaq doğub.
Bu say sonrakı illərdə 2000-ci illə müqayisədə yalnız artmağa doğru dəyişib.
Son 16 il ərzində 16 yaşda olan qadınların ən çox uşaq doğduğu il 2010 və 2011-ci illər olub. 2010-cu ildə Azərbaycanda 16 yaşda olan qadınlar 855, 2011-ci ildə 964 uşaq doğub.
Son 16 il ərzində 16 yaşa qədər olan qadınların doğduğu uşaqların sayı daha çox 2014 və 2015-ci illərdə qeydə alınıb. 2014-cü ildə belə qadınlar 228, 2015-ci ildə 175 uşaq doğub.
2016-ci ildə yaşı 16-dək və 16 yaşda olan qadınların doğduğu uşaqların sayı 2014 və 2015-ci illərlə müqayisədə azalsa da, ötən il bu yaşda olan qadınların doğduğu uşaqların sayı yenə də 2000-ci illərin əvvəlində doğulanlardan çoxdur.
2016-cı ildə Azərbaycanda yaşı 16-dək olan qadınlar 150, 16 yaşda olan qadınlar 600 uşaq doğub.
Ümumilikdə, 2016-cı ildə Azərbaycanda 20 yaşadək qadınlar 16894 (2015-ci ildə 18056 uşaq) uşaq doğub ki, onların 150-si yaşı 16-dək, 600-ü 16 yaşda, 2059-u 17 yaşda, 5278-i 18 yaşda, 8807-i 19 yaşda olan qadınlardır.
Ötən il 15-19 yaşlı qadınların diri doğulan 16894 uşağının 14110-u qadının 1-ci, 2636-sı 2-ci, 140-ı 3-cü, 8-i 4-cü uşağı kimi dünyaya gəlib.
Xatıqladaq ki, Azərbaycanda qadın və kişilər üçün nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, nikaha girmək istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyəti ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha girə bilərlər.
Oxunub: 126