ABŞ prezidenti Donald Tramp Finlandiya dövlət başçısıyla keçirdiyi mətbuat konfransında Rusiya ilə münasibətlərin müsbət olacağını deyib. APA “RİA Novosti” agentliyinə istinadən bu barədə xəbər verib.
D.Tramp münasibətlərin yaxşı olacağını uzun müddətdir ki dediyini söyləyib: “Aramızda yaxşı münasibətlərin olması olduqca vacibdir. Düşünürəm ki, bu nə vaxtsa baş verəcək. Rusiya böyük dövlətdir, nüvə ölkəsidir. Biz yola gəlməliyik və bu, axır-əvvəl baş verəcək. Bu, sülh və digər məsələlər üçün lazımdır”.
Politoloq Hikmət Hacızadə deyir ki, məsələnin iki həll yolu var. Bu iki ölkə arasında münasibətlər ya düzələ, ya da qarşıdurma ola bilər. Politoloqa görə, qarşıdurma artsa, ABŞ Rusiyanı yerində oturdacaq:
“Putin hökuməti işləri qarışdırmağa çalışır. Tramp isə bunu istəmir. Amerika hazırda Koreya və İranla bağlı məsələlərlə məşğuldur. Yəni Trampın planı indilikdə bundan ibarətdir. Rusiya dünyanı qarışdırmaq istəsə, buna imkan verilməyəcək”.
azadlıq.info
Oxunub: 258