Yaxud kasıbçılığın cana faydası haqda
Fındığın can dərmanı olduğu məlumdur. Həm də bahalı məhsuldur. Bu səbəbdən adamların çoxu fındıqla hər gün, ya da davamlı şəkildə qidalana bilmədiyinə üzülür. Amma nahaq. Elə yaxşı ki, indiyədək bu qidanı az-az qəbul etmişik…
Bugünlər Gömrük Komitəsi Zaqatala şəhərində gömrük laboratoriyası açıb. Laboratoriya barədə rəsmi məlumatda fındıqçılığın ən çox valyuta gətirən sahələrdən və ölkə prezidenti tərəfindən fındığın ixracını artırmağın qarşıya qoyulan önəmli vəzifələrdən biri olduğu vurğulanıb. Bu məqsədlə də laboratoriyada fındıq ləpəsinin dəqiq laborator analizi – fındıqda mövcud olan aflatoksinlərin tədqiqinin aparılacağı bildirilib.
Aflatoksin zəhərli maddədir. Bu maddə insan orqanizmində xərçəng xəstəliyini törədir. Elə buradaca sual yaranır: bəs indiyədək ölkə vətəndaşına satılan fındığın “dəqiq laborator analizi”ni kim və harada aparıb? Niyə fındığın keyfiyyət problemi indi, ixrac vaxtı yada düşüb?
Əslində rəsmi məlumatda buna aydınlıq gətirilib. Qeyd edilib ki, Avropa İttifaqı MDB-nin üzvü olan ölkələrdə, o sıradan Azərbaycanda qida məhsullarında aflatoksinin miqdarının müəyyən normalardan yüksək olmamasına xüsusi nəzarət edir. Tərkibində aflatoksin olan fındıq məhsullarının ixracına icazə verilmir…
Bəli, neft gəlirləri azaldığı üçün “ən çox valyuta gətirən” sahələrdən biri kimi fındıqçılıq hakimiyyətin yadına indi düşüb. Amma bu da asan məsələ deyilmiş. Yəni ixrac üçün fındıq ləpəsi Avropanı qane edəcək səviyyədə analiz olunmalıdır. Odur ki, varlı və tələbkar avropalını razı salmaq üçün hakimiyyət xüsusi laboratoriya açmalı olub.
Azərbaycanın kasıb və üzüyola vətəndaşına gəlincə isə, onun canını, sağlamlığını hökuməti yox, elə kasıbçılığı qoruyubmuş?! Az yeyib, az zərər görüb…
azadliq.info
Oxunub: 668