İnsan hüquqları üzrə federal komissar Berbel Kofler avqustun 29-da Azərbaycanda Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb.
“Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi haqqında xəbərdən narahat oldum”, deyə Kofler bildirib.
Əliyevə qarşı cinayət təqibi nəticəsində vergilərdən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb. Turan-ın bank hesablarının bağlanması ilə əlaqədar agentlik sentyabrın 1-dən fəaliyyətini dayandırmaq məcburiyyətindədir.
“Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyət əvvəlkindən daha çox narahatlıq doğurur. Mən Azərbaycan hökumətini fikri ifadə azadlığı, mətbuat azadlığı və qanunun aliliyi sahəsində götürdüyü öhdəliklərinə riayət etməyə çağırıram.
Mehman Əliyevin məsələsini və Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyəti diqqətlə izləməyə davam edəcəyəm”, deyə Kofler bildirib.
Oxunub: 288