Lənkəranın Darquba kəndində öldürülən 6 günlük körpə Nurullayev Mələk Şaiq qızının meyitinin ekspertiza nəticələri bəlli olub. 6 günlük Mələk daxili qanaxmadan ölüb. Belə ki, döş boşluğuna nüfuz edən iynə vasitəsilə qaraciyər və ağciyərin zədələnməsi, döş boşluğunda qanaxma körpənin ölümünə səbəb olub. Ekspertiza nəticələri müstəntiqə təhvil veriləcək.
Qeyd edək ki, qan donduran hadisə 29 iyul tarixində Lənkəran rayonunun Darquba kəndində Nurullayevlər ailəsində baş verib. Öldürülən 6 günlük Nurullayeva Mələk Şaiq qızının anası Valiyə Nurullayeva səhər vaxtı yuxudan ayılanda körpəsinin beşikdə olmadığını görüb. Həyat yoldaşı Şaiq Nurullayev körpənin oğurlanması ilə bağlı polis şöbəsinə məlumat verib.
Uşağın yoxa çıxdığı müddətdə evdə ata-anadan başqa gəlini ilə bir otaqda yatan nənə Arifə Nurullayeva və uşağın altıaxşam şənlik məclisi üçün Bakıdan gələn daha bir neçə yaxın qohum olub. Hadisə yerinin müayinəsi zamanı ölmüş körpənin meyiti həyətdəki üstü bağlı 5 metrlik quyuda aşkar edilib. Körpənin nənəsi tərəfindən öldürüldüyü deyilsə də, araşdırma zamanı şübhəlilərdən birinin də körpənin əmisi F.Nurullayevin həyat yoldaşı olduğu bildirilirdi. Baş vermiş hadisə ilə bağlı araşdırma davam edir. (Lent.az)
Oxunub: 578