Axı, niyə oturdublar içəridə? Neyləyib? Adam öldürüb? Cinayətkardımı o? Onu məhkəməyə gətirəndə bu ölkədə yaşadığıma görə özümə nifrət etdim. Bu adam neyləyəcək sizə? Üstünüzə hücum çəkəcək? Bir BTR-ləri əskik idi. Abdulla Öcalanı məhkəməyə elə gətirmirdilər ki, Gözəli elə gətirirdilər”.
“Halbuki heç 12 qəpiyi yoxdur bu adamın, borc alıb gedib həkimə”.
“Gözəl bir “Cəlili”, bir “Ruhani” çalır ki, qabağında diz çök. Çox gözəl çalır… İndi Gözəlin sazı köynəyindəcə çarpayısının üstündə durur. Ondan başqa o saza toxunan, onu çalan yoxdur”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, qaçaqmalçılıqda suçlanan Gözəl Bayramlının bacısı Şirin Ələkbərova deyir bunları.
Söhbətin sonunda ölkə başçısına və onun xanımına müraciət edərək bacısının azadlığa buraxılmasını da istəyir. “Bir qadının ölümü ilə əllərinə nə keçəcək, bacımı azadlığa buraxsınlar”, – deyə ötkəm səslə əlavə edir.
Azadlıq Radiosu Şirin Ələkbərova ilə müsahibə təqdim edib:
– Görüşə icazə vermirlər. Vəkil dedi ki, “görüş üçün ərizə yazaram, ancaq çətindir, icazə verməyəcəklər”. Guya qatı cinayətkardır-nədir, ancaq telefonla, vəkil vasitəsilə əlaqə saxlayırıq. Bu gün (sentyabrın 4-də – A.R.) evlərinə zəng vurub. Başqa yerə zəng vura bilmir, icazə vermirlər. Qardaşımgillə, qardaşımın gəlini ilə danışıb. Keçən həftə səhər tezdən mən də qardaşımgilə getdim, telefonla danışdım. İndi də deyib ki, həkim çağırın, resept yazsın mənə. Xəstədir, vəziyyəti yaxşı deyil. Əməliyyat olunub, ayağı ağrıyır. Bəlkə də leykoz ola bilər. Bu adam xəstədir, dərmanla yaşayır. Gürcüstanda həkimə nəyə görə gedirdi?
– Nədən əməliyyat olunmuşdu?
– Qaymoriti vardı, gözünün altında çirk daşlaşmışdı. Ondan əməliyyat olunmuşdu. Bir də beş-altı dəfə çənəsindən əməliyyat etmişdilər. Çənəsində problem yaranmışdı. Vaxtaşırı həkim müayinəsindən keçməli idi. Bu dəfə gedəndə xəstəydi, boğazı çirk etmişdi, evdə yatırdı. Dedim: “Getmə, sistem köçürtdür, yaxşılaş, sonra yola çıxarsan”. Dedi ki, həkim deyən vaxtdan keçib, mütləq getməliyəm. Getdi. Qayıdanda da başına iş gəldi, şər atdılar ona. Kimiydi bunu izləyən? Niyə bununla belə rəftar etdilər? Mən hələ də anlaya bilmirəm.
– Rəsmi məlumatda deyilir ki, Gürcüstandan gələndə üstündə bəyan edilməmiş 12 min dollar pul olub, eləcə də evdəki axtarış zamanı pul qəbzləri aşkarlanıb.
– 2015-ci ildə çənə əməliyyatı keçirəndə Rusiyada yaşayan qardaşım buna pul göndərib. Onda mən də insult keçirmişdim, dedi ki, “sənə də verim”. İstəmədim, özü xəstədir. Özü hər dəfə həkimə gedəndə borc alırdı. Bu dəqiqə yerə-göyə, hər kəsə borcu var. Hər dəfə həkimə gedəndə orda mehmanxanada qalırdı, hər dəfə əməliyyat olunanda bir rəfiqəsini yanında gedirdi, onunla qalır, qulluq edirdi. Gələndə adam qorxurdu, çənəsi şişin içində, daş kimi olurdu. Asan deyil, axı. Əməliyyatın pulu, orda qalmağın, üstəlik, yeməyin pulu vardı.
– Gözəl Bayramlıya ancaq yaxınları yardım göstərirdi?
– Kim kömək edəsidir? Bir qardaşım var, Rusiyada fəhləliklə dolanır. Bircə o, Gözələ Orenburqdan pul yollayırdı. O pulu da alırdı. Onun qəbzini niyə evdə saxlayıb, başım çıxmır.
– Şirin xanım, bacınız Gürcüstana getməzdən bir qədər öncə hakimiyyətə yaxın mətbuatda onun qonşu ölkəyə sıx-sıx getməsi, orda kimlərdənsə pul alması barədə bir məqalə çap olunmuşdu. O, həbsini gözləyirdimi?
– Bilmirəm. Ordan danışanda deyib ki, gözlənilirdi. Deyir ki, məni orda güdürdülər, 3 gün izləyiblər. Yanında Həsən Kərimovun (AXCP-nin mərhum sədr müavini – A.R.) yoldaşı olub. Onun da ürəyi xəstədir, yoldaşlı gediblər. 12 min dollarla gəlirdisə, rəfiqəsi yanındaydı, pulu ona verərdi də. Halbuki heç 12 qəpiyi yoxdur bu adamın, borc alıb gedib həkimə.
– Gözəl Bayramlının həbsindən sonra təmsil olunduğu siyasi düşərgə bunun “gözlənilən” olduğunu, “siyasi sifariş” nəticəsində saxlanıldığını bildirdi. Ailəsi üçün həbsi nə qədər gözlənilən idi?
– Vallah mənim ağlıma gəlməzdi Gözəlin həbsi. Həmin gün gecə saat 1-də deyəsən, Tofiq Yaqublunun qızı gəlib ki, xəbəriniz varmı, belə bir hadisə baş verib. Heç ağlıma gəlməzdi. Qadını, özü də xəstə bir qadını tutublar, özüylə də Sərhəd Qoşunlarında kobud rəftar ediblər. Bu adama 3 gün çörək verməyiblər. Xəstə adama necə 3 gün orda çörək verməyə bilərlər? Mən özüm də ölürəm, xəstəyəm. Onun dərdindən bilmirəm neyləyim. Əlim-ayağım yerdən-göydən üzülüb. Bu qədər qanunsuzluq olar? Buna niyə baxmırlar? Xəstə bir qadını içəridə saxlamaq nəyə lazımdır?
– Bir qədər öncə dediniz ki, bacınız evə zəng vuranda həkim çağırmanızı, resept yazdırmanızı istəyib. Həkimi təcridxanaya dəvət etmək istəyirsiniz, yoxsa o, evinizə gəlib yazacaq dava-dərmanı?
– Yox, evə gələcək, burda ayağının ağrısına görə resept yazacaq. Özünün də evdə iynəsi vardı, vaxtı çıxıb. O iynədən istəyib. Bir də deyib ki, “həkim çağırın, resept yazsın, dərmanı alıb bura göndərin”.
– Amma Gözəl Bayramlının cəza çəkdiyi 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi vəkillərinə göndərdiyi məktubda yazmışdı ki, bacınız bütün müayinələrdən keçib, səhhətində ciddi problem yoxdur.
– Orda ona baxmırlar. Nəylərinə lazımdır? Oturdublar içəridə. Axı, niyə oturdublar içəridə? Neyləyib? Adam öldürüb? Cinayətkardımı bu? Onu məhkəməyə gətirəndə bu ölkədə yaşadığıma görə özümə nifrət etdim. Bu adam neyləyəcək sizə? Üstünüzə hücum çəkəcək? Bir BTR-ləri əskik idi. Abdulla Öcalanı məhkəməyə elə gətirmirdilər ki, Gözəli elə gətirirdilər. Harda görünüb bu? Bu qadın neyləyib? Azad sözünü deyib. Od düşdüyü yeri yandırar. Bir fikir yazmaqla nə olub ki?.. Yazıq anam bu il yanvarın 20-də rəhmətə getdi. Öldü canını qurtardı, bütün dərdini-sərini mənə qoydu getdi. Kiçik qardaşım Rusiyada yaşayır. Atam rəhmətə gedəndən sonra 25 il bacım anama tək baxıb. Bəs oğlu ona buna görə pul göndərməsin?.. Gözəl kimə neyləyib? Uşaqla uşaqdır, böyüklə böyük, gülənlə gülür, ağlayanla ağlayır. Kimə zərəri dəyər? Kim sifariş edib onun həbsini? Niyə onu içəri salıblar, hələ də anlaya bilmirəm. İki ay verdiniz boş yerə, bəs bu iki ayı niyə artırdınız? Hələ heç bilmirik axırı nə olacaq… Niyə bunun işinə Ağır Cinayətlərdə baxırlar? Adam öldürüb, baş kəsib? Tanış adamlar var, deyirlər ki, niyə şikayət etmirsiniz? Deyirəm: “Kimə şikayət edək? Kimdən kimə şikayət edək?” Anamgilin qonşuları deyir ki, bizi aparın, Gözəlin haqqında biz də danışaq. Bacımı hamı tanıyır, halallığına, təmizliyinə, düzlüyünə görə. 25-50 nəfər maskalını töküb axtarış aparıblar evdə. Sən onların yaşadığı şəraiti görəsən. Heç o evdə axtarış aparmağa dəyməz. Küçənin başından düşüblər ki, eşidibsinizmi, Gözəl Bayramlı 12 min dollar gətirirmiş.
– Bayram günlərində sizdən nəsə istəyibmi?
– Dərmanlarını istəyib, dəyişəcək, yeyəcək istəyir. O dəfə qarpız, meyvə göndərmişdik. Şişləyib bir günə salıblar, deyir ki, itə atsan, it yeməzdi, hamısını tullayıb. Beş-altı bibər qoymuşuq, onu da dörd yerə bölürlər. Guya bibərin içində nəsə keçirəcəkdilər? Üstü bağlı qarpızı niyə şişləyirsiniz? Cinayətkardır, narkomandır, nə yollayacaqlar bunun içində ona?
– Bəlkə bir sözünüz qaldı?
– Müraciət edirəm prezidentimizə, vitse-prezidentimizə: “Ona yazıqları gəlmirsə, mənə yazıqları gəlsin, onu azadlığa buraxsınlar. Xəstədir. Bir qadının ölməyilə onların əlinə nə keçəcək? Bacımı azadlığa buraxsınlar”.
Oxunub: 544