“The Guardian” yazır ki, bütün dünya boyunca evlərin içməli su kranlarından gələn suyun mikroplastik zərrəciklərlə dolu olduğu aşkar edilib.
Məqalədə deyilir ki, onlarca ölkədə evlərin kranlarından götürülən su nümunələri alimlər tərəfindən analiz edilib və ümumilikdə bütün suların 83 faizinin tərkibində plastik liflər tapılıb.
ABŞ-da Konqres binaları, Ətraf Mühiti Mühafizə Agentliyinin qərargahı və hətta New York-dakı Trump Tower oteli də daxil, kranlardan götürülmüş suyun 94 faizində plastik zərrəciklər aşkar olunub. ABŞ bütün dünyada suyun ən çox çirkləndiyi ölkədir. Onun ardınca Livan və Hindistan gəlir.
Britaniya, Almaniya və Fransa da daxil, Avropa ölkələrində ən az çirklənmə qeydə alınsa da, plastik lif tərkibli sular 72 faiz təşkil edib.
500 milliqramlıq su nümunələrində ABŞ-da orta hesabla 4, 8, Avropada isə 1, 9 plastik lif aşkar edilib.
Bundan əvvəl alimlər əsasən ətraf mühitin, okean sularının mikroplastik çirklənmə dərəcəsini öyrənmişdilər. Bəlli olmuşdu ki, insanların qida kimi istifadə etdikləri dəniz məhsullarının özlərində də plastik liflər var.
New York Universitetinin mikroplastika eksperti Sherri Mason deyir ki, əgər dənizlərdəki balıqlar liflərlə doludursa, deməli insanlar da bu neqativ haldan kənarda qala bilməzdilər.
Alimlər bildirirlər ki, plastik liflərin insan sağlamlığına təsiri tam öyrənilməsə də, ehtiyat tədbirlərinin görülməsinə ciddi ehtiyac var.
Galway-Mayo Texnologiya İnstitutunun professoru Anne Marie Mahon deyib ki, burada iki əsas narahtlıq var: mikroplastik liflərin tərkibindəki plastik zərrəciklər və onların təkibindəki kimyəvi maddə və patogenlər.
Alimin fikrincə, bu zərrəciklər nanometr vahidləri ölçüsündə olduqda hüceyrələrə və deməli insan orqaniziminə asanlıqla daxil ola bilər, bu isə son dərəcə təhlükəli haldır.
Sözü gedən analizlər zamanı ölçüsü 2, 5 mikronluq hissəciklər aşkar olunub. Bu nanometrlə ölçülməsi lazım olduğundan 2500 dəfə böyükdür.
Lakin professor Mahon deyir ki, kanalizasiyalardakı plastiklər bakteriyaları cəlb edə bilər. Bir çox ölkələrdə tullantı suları içilmək üçün zavodlarda təkrar təmizlənir.
Mikroplastiklər həm də zəhərli maddələri özlərinə çəkmək qabiliyyətinə malikdir. Heyvanlar üzərində aparılmış analizlər onların belə maddələrlə zəhərləndiyini göstərib. Britaniya alimləri isə bildirirlər ki, Birləşmiş Krallıqıda ovlanan balıqların üçdə birində mikroplastik zərrəciklər tapılıb.
Bununla belə alimlər mikroplastik liflərin içməli suya necə düşdüyünü hələlik deyə bilmirlər. Mümkün səbəblərdən biri belə zərrəciklərin suya atmosferdən düşməsidir. Atmosferə isə bu zərrəciklər pal-paltar və xalçalardan keçə bilərdi.
Paris-Est Créteil Universitetinin professoru Johnny Gasperi deyib ki, Parisdə aparılmış müşahidələr atmosferdə külli miqdarda liflərin olduğunu göstərib.
Məqalədə deyilir ki, plastik liflər suya paltaryuyan maşınlardan da düşə bilir. Bir paltaryuyan maşının ətraf mühitə 700 min lif buraxdığı müəyyən edilib.
Ən qəribəsi isə budur ki, Beyrutda evlərə gələn içməli su təbii bulaqlardan qaynaqlanır, lakin bunun 94 faizi mikroplastik liflərlə zəngindir.
Məqalədə deyilir ki, qlobal mikroplastik çirklənmə lap bu yaxınlarda aşkar edilib, lakin bu qədər geniş yayılması təşviş doğurur. Almaniyada analiz edilmiş bütün 24 növ pivənin tərkibində də plastik liflər və kiçik qırıntılar tapılıb. Eyni sözü bal və şəkər haqqında da demək mümkündür.
Parisdə 2015-ci ildə aparılmış təcrübə nəticəsində məlum olub ki, bu şəhərin havasında il ərzində 10 ton lif olur.
Londondakı Kings College Universitetinin ətraf mühitin sağlamlığı eksperti Frank Kelly bildirir ki, mikroplastik lifkllərin tərkibindəki kimyəvi maddələr ağ ciyərlərə, oradan isə qan dövranına keçə bilər. Alimin fikrincə bunun insan orqanizmi üçün zərərləri təcili qaydada öyrənilməlidir.
Alimlər bildirirlər ki, hazırkı sutəmizləmə sistemləri suyun tərkibindəki bütün mikroplastik lifləri oradan xaric edə bilmir. Professor Mahon-un sözlərinə görə, bu mənada 100 faiz təmizlənmiş içməli sudan söhbət gedə bilməz.
Elə buna görə də mağazalarda satılan suların da tam təmiz olmasını demək mümkün deyildir.
Qəzet yazır ki, hər il dünyada 300 milyon ton plastmas istehsal olunur. Bunun yalnız 20 faizi təkrar emala gedir və ya yandırılır. Yerdə qalan plastik maddələr havanı, torpağı və dənizləri kirləndirir. İyul ayında açıqlanmış bir hesabatda deyilir ki, 1950-ci illərdən indiyədək planetimizdə 8, 3 milyard ton plastik istehsal edilib.
Alimlər bunu da qeyd edirlər ki, ətraf mühitin plastik çirklənməsinin geniş yayıldığı isbat olunub, lakin bunun insan orqanizminə təsirləri demək olar araşdırılmayıb.
Oxunub: 502