Myanmada güclənən münaqişə sosial media şəbəkələrində saxta şəkil və təsvirlərin yayılması ilə müşayiət olunur.
Münaqişə ocağından gələn məlumatlar kifayət qədər deyil, jurnalistlərin isə həmin əraziyə girişi məhduddur.
Hətta həmin əraziyə çatanların belə, rohincalara qarşı şiddətli düşmənçilik əhval-ruhiyyəsi səbəbindən, məlumat toplaması çətin bir işə çevrilib.
Raxin vilayətində baş verənlər barədə hələlik bunlar məlumdur:
- Ötən həftə, buna qədər həftələrlə sürən gərginlikdən sonra, özünü Arakan Rohinca Azadlıq Qurtuluş Ordusu adlandıran və silahlılardan ibarət yeni qrup azı 25 polis postuna hücum edib.
- Toqquşmalar, xəbərlərə görə, bir sıra ərazilərdə qeydə alınıb, o cümlədən, bəzən, mülki rohincaların, təhlükəsizlik qüvvələri ilə döyüşmək üçün silahlılara qoşulduğu deyilir.
- Ordu hissələrini isə bəzən buddist mülkilər dəstəkləyərək rohincaların kəndlərini yandırır, həmin kəndlərin sakinlərini güllələyir.
- Buddist icmalar da hücumlara məruz qalır, onların da arasında ölənlər var.
- BMT təxminlərinə görə, 40 minədək rohinca sərhədi keçərək Banqladeşə pənah gətirib.
Avqustun 29-da Türkiyə Baş nazirinin müavini Mehmet Şimşek, 4 foto tvitləyərək beynəlxalq ictimaiyyəti Rohinca azlığına qarşı aparılan etnik təmizləməni dayandırmağa çağırıb.
Onun postu 1,600 dəfə paylaşılıb və 1,200 istifadəçi tərəfindən “bəyənilib”.
Lakin qısa bir müddətdən sonra fotoların gerçəkliyi sual altına alınıb.
Nəticədə, üç gündən sonra, Mehmet Şimşek həmin postunu silib.
Birinci fotonun gerçəkliyini yoxlamaq çətindir. Lakin bir sıra myanmalılar güman edir ki, həmin fotoda təsvir olunanlar 2008-ci ildə baş vermiş Nargis siklonunun qurbanlarıdır.
Buna bənzər fotolar digər mənbələrdən aşkar edilməyib.
Lakin həmin şəkil ötən il bir neçə saytda peyda olub.
Bu, düşünməyə əsas verir ki, həmin fotonun Raxin vilayətində bu yaxınlarda baş vermiş hadisələrlə əlaqəsi yoxdur.
BBC müəyyən edib ki, ikinci, ağaca bağlanmış ölü kişi təsviri olan foto 2003-cü ildə İndoneziyanın Aceh məntəqəsində Reuters üçün işləyən fotoqraf tərəfindən çəkilib.
Ağlayan iki uşaq təsvir edilmiş üçüncü foto Ruandada 1994-cü ilin iyul ayında çəkilib.
Dördüncü fotoda kanalda suyun içində insanlar görünür. Həmin fotonu bu yaxınlarda Nepalda baş vermiş daşqın qurbanlarına yardım göstərməyə çağıran vebsaytda görmək mümkündür.
Saxta fotolar?
Beləliklə, hazırda Rohinca əhvalatı ətrafında sosial mediada qarşıduran tərəflərdən olanların arasında şiddətli informasiya müharibəsi gedir.
Bəzi şəkillərin saxta olduğu birmənalı olaraq aydındır.
Misal üçün bu məqalədə ən yuxarıda göstərilən fotoda, güya Rohinca silahlıları təsvir olunub, əslində isə bu şəkil Banqladeşdə 1971-ci ildə çəkilib və həmin fotoda müstəqillik uğrunda döyüşən könüllülər əks olunub.
Bu ilin əvvəlində Raxin vilayətində iddia olunan insan hüquqlarının pozulması hallarını araşdıran BMT-nin İnsan Haqları Komissiyası öz işində foto və video materiallardan istifadə etməkdən imtina etdi.
Buna səbəb həmin video və foto materialların dürüstlüyünü müəyyən etməyin mümkünsüzlüyü olub.
Münaqişə ocağından gələn məlumat hər iki tərəfin qəddarlıqlar törətdiyini güman etməyə əsas verir.
Lakin mütəmadi hücumlara məruz qalan rohincların daha ağır vəziyyətdə olduqları da aydındır.
Hadisə yerindən dürüst məlumatların alınması xeyli vaxt tələb edə bilər.
Lakin sosial mediada aparılan dezinformasiya kampaniyası bu işi çətinləşdirir və münaqişənin gedişinə mənfi təsir göstərir.
BBC Azərbaycanca
Oxunub: 554