Həbsdə olan ilahiyyatçı Sərdar Babayev yenidən məhkəmə qarşısına çıxarılıb
Sentyabrın 11-də Şirvan Apellyasiya Məhkəməsində onun haqqındakı hökmdən verilmiş şikayət üzrə ilkin baxış iclası keçirilib. Apellyasiya şikayətinə Rafiq Cəfərovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Bu haqda “Azadliq.info”ya vəkil Yalçın İmanov məlumat verib.
Məhkəmədə ilahiyyatçının vəkilləri onun ev dustaqlığına buraxılması, ona ittiham verilmiş maddə ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi, apellyasiya şikayətinə istintaq aparılmaqla baxılması (əlavə şahidlərin dindirilməsi) haqda vəsatətlər qaldırıblar. Həmçinin Sərdar Babayevin müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi istənilib. Amma vəsatətlərin heç biri təmin olunmayıb. Məhkəmə baxışı sentyabrın 25-nə təyin olunub.
S.Babayev bu il fevralın 22-də saxlanılmışdı. O Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham edilir. Masallı rayon Məhkəməsində hakim Anar Alməmmədov ilahiyyatçını 3 il müddətinə azadlıqdan məhrum edən hökm çıxarıb.
Məhkəmə prosesi davam etdiyi vaxt yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.
Müdafiə tərəfi bildirir ki, S. Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.
Yerli sakinlərin dediklərinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.
azadliq.info
Oxunub: 290