…Sumqayıt bazarında balaca bir qız uşağı əncir dolu iri vedrələrin əhatəsində girinc qalıb. Alıcılar yaxınlaşıb, əncirin qiymətilə maraqlanır, həyacan və pərtlikdən başını itirib, qızaran balaca pıçıltıyla “satılmır” deyir (Əslində satılır, amma güman ki, həddən artıq diqqətdən nə edəcəyini bilməyən uşaq ən əlverişli çıxış yolu kimi bunu dilinə gətirir). Uşağın çöp kimi arıq barmaqları ilə onun kasıbçılığın ağır həyat tərzindən erkən ciddi görkəm almış böyüklərə məxsus qaradinməz siması əcaib bir harmoniya yaradır. Kədərli, dərin sükuta dalmış, amma hər an dünyanın gedişatını dəyişəcək böyük bir sirr açacaqmış kimi nazik dodaqlarını möhkəm-möhkəm bir-birinə sıxıb, o məşum sirrin ətrafa yayılmasını istəməyən balaca…
***
Bax indi, payıza xas olmayan bu soyuq hava günlərində yayın cırhacırında Sumqayıt bazarında təsadüfən rastalaşdığım o balaca qız uşağının nigaran duruşu mənə niyəsə Gözəl Bayramlını, onun həbs olunan gününü xatırladır.
Mayın 26-ı gecə. Bir gün əvvəl Gözəl xanım “Qırmızı Körpü”dən keçərkən sərhəddə saxlanılıb. Uzun yolun, yorucu, əsəbi və ağır dindirmələrin fiziki cəhətdən yorub əldən saldığı Gözəl xanım, gecənin tən yarısında haqqında 3 aylıq həbs qərarı seçilib, onu gözləyən avtomobilə doğru aparılanda yəqin ki, (həmin gün üçün) son gücünü toplayıb “Mübarizə davam edir!” qışqırır…
***
Mən, o kadrlara internetdə təkrar-təkrar baxmışam, hər dəfə də Gözəl xanımın simasındakı o qürur dolu, amma öldürücü əzabın kəskinliyindən diksinmişəm. Və indi “Mübarizə davam edir!” qışqıran o qadınla Sumqayıt bazarının ortasında, əncir vedrələrinin əhatəsində dayanıb, ondan əncirin qiymərini soruşan böyüklərə heyrətlə baxan, amma heç nə anlamayan balacanın saf və nigaran duruşu arasında sirli bir bağlantı gözlərim önünə gəlir…
***
Bəlkə elə o balacanın açıb demək istəmədiyi və bunun üçün dodaqlarını bir-birinə kip şəkildə sıxıb, hamıdan saxladığı elə Gözəl xanımın gecənin tən yarısında son gücüylə qışqırdığı “Mübarizə davam edir!…” şüarıdır?
***
Eniş olmayanda, yoxuş da olmur. Məğlubiyyət olmayanda, qələbə də olmur! Bütün ümidlər, inamlar ölüb, həyatın dibinə enəndə, qəribə ümid işartıları yaranır. Fərdin ekzistensial böhranı varlığın suallarını hissolunacaq dərəcədə çoxaldır, özünüdərki, hissiyyatı kəskinləşdirir və yekunda yeni, fərqli bir mərhələnin başlanğıcına çevrilir.
Bəs cəmiyyətlərin böhranı?! Cəmiyyətlərin ekzistensial böhranı olurmu? Olursa, onun əlamətləri necə olur? Bizim cəmiyyətin illərdir davam edən bu böhranının adı nədir? Bəlkə bu heç böhran da deyil, adi, gündəlik həyat tərzidir; qəlblərin alçaq itaətə öyrəşdiyi, əbləh eqoların, irrasional simpatiya və antipatiyaların hər şeyi həll elədiyi bir yerdə nə böhran?! Bəs onda nigaran uşağın “Satılmır”ıyla yetkin, saf və mübariz bir siyasətçi qadının “Mübarizə davam edir!”i arasındakı sirli əlaqə nəyə eyham edir?!
Bəlkə bu, elə ekzistensial vakuumdur?!…
Oxunub: 466