“Yaxşı olardı ki, daha çox hökumət cənab Əliyevin iyrənc hoqqalarını pisləsin…”
“The Washington Post” qəzetinin baş məqaləsində jurnalist Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilib həbs edilməsi işıqlandırılır. Qəzet müəllifləri Azərbaycan prezidenti İlham Əliyevi avtoritar metodları təkmilləşdirməkdə və başqa diktatorial rejimlərin metodlarından yararlanmaqda ittiham edir.
“Biz bilirik ki, diktatorlar bir birlərindən metodlar və taktikalar öyrənir: xaricdə qərargahlanmış qeyri-hökumət təşkilatlarını qapatmaq, hər ağacın arxasında “xarici agent” gizləndiyi haqda xəbərdarlıq etmək, internetdə azad sözü boğmaq… Ola bilsin ki, İlham Əliyev sərhədlərdən kənarda dissidentləri oğurlayıb ölkəyə gətirməyi Çindən öyrənib”, – redaksiya heyəti yazır.
“İlham Əliyev qeyri-liberal vasitələrin elə ustasına çevrilib ki, o özü elə indilərdə diktatura üzrə seminar keçməyə başlaya bilər.”
Redaksiya müəllifləri Əfqan Muxtarlının Azərbaycan hökuməti tərəfindən oğurlanıb həbs etdirməsinə Avropa və ABŞ-ın verdiyi rəsmi reaksiyaların zəifliyindən narazılığını ifadə edir.
“Dövlət Departamenti qısa bəyanatında oğurlanmadan narahat olduğunu deyib. Bu cür mülayimlik cənab Əliyevin düşüncəsində təsdiqləyə bilər ki, prezident Trampın rəhəbrliyi altında ABŞ insan haqlarını, qanun aliliyini vecinə almır.”
Qəzet rəhbərliyi bu məsələdə Gürcüstanın oynadığı qaranlıq rola da diqqət çəkir.
“Avropa İttifaqına, demokratik ideallara can atan millət görəsən Azərbaycan hökumətinin sərhədlərarası adam oğurluğunda iştirak edibmi?” sual olunur. Əlavə olunur ki, indiyədək Gürcüstan rəhbərliyi oğurluq fakti ilə bağlı ortaya konkret heç nə çıxarmayıb.
“The Washington Post” Gürcüstan hökumətini məsələyə aydınlıq gətirməyə və rəsmi Bakını Əfqan Muxtarlını azad etməyə çağırır.
“Yaxşı olardı ki, daha çox hökumət cənab Əliyevin iyrənc hoqqalarını pisləsin. Ola bilsin, bu, tiranın imkanlarını məhdudlaşdıra”, – redaksiya məqaləsi tamamlanır.
Oxunub: 1836