YAP hakimiyyəti məntiqi
Sükut pozuldu. Çoxdandır dincə qoyulan mitinq hərəkatı yenidən gündəmə gəldi. Mitinqi gündəmə gətirən çox səbəblər var, ümumiyyətlə, Azərbaycanda hər gün bir neçə yol aksiya eləməyə bu hakimiyyət yetərincə əsaslar verir. Ancaq bu mitinqə hakimiyyətin 3 milyardlıq rüşvət qalmaqalı səbəb oldu. Ənənəvi olaraq mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə bir neçə nəfərin imzasıyla məktub göndərildi və aksiyaya etiraz edilmədi. Çox gözəl. Hakimiyyətin ağıllandığını, belə çətin günlərində müxalifətlə qarşıdurmaya getmək istəmədiyini düşünənlər oldu. Saxta mandatlı keçmiş müxalifətçi isə daha qabağa gedərək bu aksiyaların hakimiyyətin marağında olduğunu dedi. Onun bu tipli açıqlamalarına öyrəncəliyik, bu səbəbdən fikirləri ciddi qarşılanmadı, həm də çoxları qəbul edib ki, belələrinin çörəyu bundan çıxır. Xalqımız da xeyirxah, humanist, ürəyiyanandır, çörək qazanmağa, bala dolandırmağa(hansı yolla olur-olsun) pis baxmır…
Bunun ardınca Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov hakimiyyətyanlı mediaya açıqlamasında mitinq təşkilatçılarına xəbərdalıq edildiyini bildirib: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət edərək onlara xəbərdarlıq etmişik. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.
Bunu da başa düşmək çətindir, ölkədə söz azadlığından, demokratiyadan, sərbəst toplaşmaqdan danışıb sonra sərbəst toplaşanlara nə barədə danışmaq göstərişi vermək nə deməkdir? Bunlar ya nə etdiklərini anlamır, ya da xariciləri anlamaz sayırlar “Bugünlərdə BMT tribunasından da Azərbaycanda söz və mətbuat, sərbəst toplaşmaq azadlığının olduğu deyildi). Düşünürlər ki, bununla kimlərinsə başını aldadırlar. Sərbəst toplaşmağa icazə veririk, ancaq istədiyimiz yerdə, həm də istədiyimiz sözü demək şərti ilə.
Bəlkə bunu da başa düşmək olardı, ancaq mitinqə BŞİH səviyyəsində icazə verib, sonra təşkilatçıları çağırıb təxribatlara imkan verməməyi tapşırmaq nə deməkdir. Mitinqin məqsədi bəllidir, ölkədə baş verənlərə etiraz mitinqidir, təxribat mitinqi yox. Həm də həmişə görmüşük ki, təxribatı elə təxribata yol verməmək göstərişi verənlər törədib. Elə “Məhsul” stadionu ətrafında bunun neçə yol şahidi olmuşuq.
Ancaq düşündürücü başqa məqam var. Mitinqin təşkilatçılarından, BŞİH-ə məktub göndərənlərdən, həm də aksiyanın təşkilinə və təhlükəsizliyinə cavabdeh olanlardan biri İlham Hüseyndir. Mitinq icazəsi alan adamı dünəndən oğurlayıblar, heç yeri də bilinmir, kimlər tutub, hara aparıb, harda saxlanılır, polis tutub, yoxsa təxribatçılar aradan çıxarıb, başına hansı işlər gəlib? Həm də o tək deyil, 9 nəfərin bu şəkildə oğurlandığı deyilir. Üstəlik, rayonlarda da müxalifətçilərə Bakıya mitinqə getməməklə bağlı təzyiqlərlə bağlı informasiyalar gəlir, həmişə olduğu kimi. Belə mitinq icazəsimi olur?
Əslində, Səhlab Bağırov həm də bu kimi təxribatların, mitinq təşkilatçılarının oğurlanması hallarının qarşısını almağa görəvlidir. İndi o, ola biləcək təxribatların (əslində, müxalifətin aksiyalarında, bir qayda olaraq, heç bir təxribat baş vermir) qarşısını kiminlə alacaq? Özləri özlərini çətin duruma salır, sonra bu durumdan çıxmağa çalışırlar, həm də çətinliklə…
Oxunub: 922