“Hakimiyyətin “uzaqvuran” siyasəti iqtisadi fəallığı öldürməkdə davam edir, dostlar! Əcnəbi şirkətlərə ötürülən milyonlar hesabına ərsəyə gətirilən “yol xəritələri” də kar vermədi.
Banklar bu ilin ikicə ayı ərzində 2 milyard manata yaxın kredit resursunu dövriyyədən çıxarıb: iyun ayında 1 milyard 21 milyon manat, iyul ayında 912 milyon manat. Yanvar-may aylarında isə daha 1,9 milyard manatlıq kredit geri çəkilmişdi. Bu hesabla, yeddi aya 3,8 milyard maliyyə vəsaiti sahibkarların əllərindən çıxıb.
Narahatçılıq bundadır ki, iqtisadi fəallığı təmin etməli, qorumalı olan bu resurslar`təkrarən iqtisadiyyata dönmür. Ona görə ki, faizlər çox yüksəkdir və heç kim də bu gedər-gəlməz yola baş vurmaq istəmir. Nəticədə iqtisadi fəallıq da, iqtisadiyyat da ciddi zərbə alır. Kredit resurslarından məhrum olmuş kiçik və orta sahibkarların hansı çətinliklərlə üz-üzə durmasını təsəvvür etmək elə də çətin deyil. Onu xatırlatmaq kifayətdir ki, 2016-cı ilin əvvəlindən bu ilin avqust ayının əvvəlinədək olan dövrdə ölkə üzrə kredit qoyuluşu 41% azalıb.
Cari ilin yanvar-avqust dövrünə dair açıqlanan rəsmi məlumatlar göstərir ki, xarici investorlar da, yerli müəssisə və təşkilatlar da sərmayələri azaltmaqda davam edirlər.
Bütün bu baş verənlərə görədir ki, ölkədə iqtisadi tənəzzülü durdurmaq mümkün olmur.
Belə bir vəziyyət, heç şübhəsiz, həyat səviyyəsinin daha da pisləşməsi ilə müşayiət olunub. Orta əmək haqqı 6,9% “artsa” da, qiymətlər 14% (ərzaq 18,2%) bahalaşıb“.
Oxunub: 226