“Tutulmamışdan qabaq istədim özümü öldürüm”
Adamları həbslə şantaj edib pul almaqda, büdcədən agenturaya ayrılmış pulları mənimsəməkdə, məhkəmə qərarı olmadan müxtəlif adamların telefon danışıqlarını dinləməkdə və s. əməllərdə suçlanan MTN generalı Akif Çovdarov təqsirsiz olduğunu deyir.
Nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Çovdarov oktyabrın 4-də öz məhkəməsində son sözünü deyib.
Akif Çovdarov və rəhbərlik etdiyi idarədə onun tabeliyində işləmiş üç nəfərin – Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədovun ötən ilin oktyabrında başlamış məhkəməsi düz bir il davam etdi. Onların işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov və daha iki hakimi, amma Sabunçu Rayon Məhkəməsinin binasında baxırdı.
Bu məhkəmə prosesinə əvvəldən sonadək jurnalistlər buraxılmadı. Bu mənada, Akif Çovdarovun son söz dediyi sonuncu məhkəmə iclası da fərqlənmədi. Amma vəkillər və MTN generalının son sözünə qulaq asmış zərərçəkənlərdən Çovdarovun söylədikləri haqda müəyyən məlumatlar almaq mümkün oldu.
AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, Çovdarov ona irəli sürülmüş bütün ittihamları rədd edib. Deyib ki, prokurorluq saxta ifadələr əsasında həmin ittihamları düzüb-qoşub.
“İstintaq orqanı mənimlə elə davranırdı ki, ya hər şeyi açıb danışım, ya da özümü öldürüm. Məni intihar həddinə çatdırmaq istəyirdilər. Amma nəzərə almamışdılar ki, mən zəif adam deyiləm. Elə ona görə də istədiklərinə nail olmadılar. Mən ölmədim. Sübut eləyirəm ki, mənə qarşı ittihamların hamısı yalandır”, – Çovdarov belə deyib.
MTN generalı iddia edib ki, prokurorluq ona qarşı cinayət törətmiş adamlardan istifadə edib: “Mənimlə bağlı ifadələrin əksəriyyəti şər-böhtandır”.
Dövlət qarşısında xidmətləri olduğunu deyən Çovdarov söyləyib ki, ona qarşı qərəzli münasibət yeni xəbər deyil. Onun sözlərinə görə, bu qərəzin kökü hələ MTN-də işlədiyi dövrə gedib çıxır.
Akif Çovdarov çıxışının sonunda hakimlərdən bəraət hökmü çıxarılmasını istəyib.
Çovdarovun son sözündən sonra hakimlər kollegiyası keçmiş MTN-çilər haqqında hökm çıxarmaq üçün müşavirəyə gedib. Hökmün nə vaxt elan olunacağı isə dəqiq bəlli deyil.
Oxunub: 456