MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarov və onun tabeliyində işləmiş daha üç nəfər – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanov məhkəmənin hökmünü gözləyir. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov və daha iki hakim MTN generalı və işçilərinə hökm çıxarmaq üçün bir həftədən çoxdur ki, müşavirədədir.
Çovdarovgilin işində zərərçəkmiş qismində tanınmış şəxslərdən 16 nəfərini prokurorluq mənəvi ziyan çəkdiklərinə görə bu statusda tanıyıb. İttihamda göstərilib ki, bu adamlar MTN-ə aparılıb qanunsuz saxlanılsalar da, pulları alınmayıb, mənəvi-psixoloji sarsıntı keçiriblər. Digər zərərçəkmişlərin isə qanunsuz saxlanıldıqları, onlardan hədə-qorxu ilə pul və əmlaklarının alındığı bildirilir.
Zərərçəkmişlər məhkəmədə Çovdarov və digərlərinə qarşı mülki iddialar qaldırmışdılar. Onların arasında sırf mənəvi ziyana görə qaldırılmış iddialar da vardı.
İndi məlum olur ki, Çovdarovgilin işi üzrə məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror mənəvi ziyana görə MTN-çilərə qarşı qaldırılmış mülki iddiaların təmin olunmamasını istəyib. Bu haqda mühakimə olunan keçmiş MTN-çilərdən S.Məmmədovun vəkili Cavid Rzazadə məlumat yayıb.
«Səlim Məmmədov və digərlərinin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının sonunda dövlət ittihamçısının maraqlı məzmunda çıxışı oldu. O, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı müdafiə etdiyini bildirsə də, çıxışının sonunda «zərərçəkmiş şəxslərə mənəvi zərərin vurulması sübuta yetirilmədiyindən, bununla bağlı hissədə mülki iddiaların təmin olunmamasını xahiş edirəm» dedi. Maraqlı hal budur ki, 16 nəfər guya məhz mənəvi zərər çəkdiklərinə görə zərərçəkmiş qismində tanınıb, dövlət ittihamçısı isə özü qalxıb deyir ki, mənəvi zərərin vurulması sübuta yetirilməyib. Dolayısı ilə bu hal ittihamdan qismən imtina hesab olunmalıdır», – vəkil bildirib.
Oxunub: 412