Fikrət Hüseynli vəkillə müqavilə bağladı
Fikrət Hüseynlinin müdafiəsinə Ukraynanın tanınmış vəkili Dmitriy Mazurok qoşulub. Vəkil növbәti həftənin birinci günündən müdafiə prosesinə başlayacaq. Yeri gəlmişkən, qeyd edək ki, bu gün Fikrət Hüseynlinin Kiyevdə saxlanılması Ukrayna kütləvi informasiya vasitələrinin aparıcı mövzularından olub. O cümlədən, gordon.ua, hromadske.ua kimi nüfuzlu saytlar bu məsələ ilə bağlı geniş xəbərlər dərc edib. Əməkdaşımızın müdafiəsi ilə bağlı təmasları davam etdiririk.
***
Ukrayna sərhəd xidməti rəsmi açıqlama yayıb. Jurnalist Fikrət Hüseynlinin İnterpol vasitəsilə axtarışda olduğu və Kiyev hava limanında saxlanıldığı təsdiqlәnib. Fikrət Hüseynli Azərbaycan CM-nin 178 (dələduzluq) və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
***
Ukraynada yaşayan azərbaycanlı fəallardan biri Yalçın Qəhrəman Borispol hava limanının polis bölməsində Fikrət Hüseynli ilə görüşüb. Y.Qəhrəman bildirir ki, oktyabrın 16-da Borispol məhkəməsində F.Hüseynli ilə bağlı məsələyə baxılacaq. F.Hüseynli özünü yaxşı hiss edir.
“Qanuni yolla mənim Ukraynadan Azərbaycana verilməyim mümkün deyil. Ancaq mənə hiss etdirirlər ki, Əfqan Muxtarlı kimi oğurlayıb, Azərbaycana aparmaq istəyirlər”.
Hazırda Ukraynada – Kiyevdəki Borispol hava limanında polis nəzarətində saxlandığını deyən azərbaycanlı jurnalist Fikrət Hüseynli Azadlıq Radiosuna belə deyib.
F.Hüseynli bildirib ki, hava limanının polis məntəqəsində Azərbaycanın Ukraynadakı səfirliyinin bir neçə əməkdaşı var.
“Ancaq onların heç biri mənimlə birbaşa təmas qurmur. ”, deyən F.Hüseynli saxlanmasının qeyri-iş günündə baş verməsini də şübhəli məqam sayıb.
F.Hüseynli əlavə edib ki, məhdudiyyətlərlə olsa da, hələlik, onun telefonla əlaqə saxlamasına icazə verilir. O, deyib ki, vətəndaşı olduğu Niderlandın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanıb. Deməsinə görə, qeyri-iş günü olduğundan gələn həftənin ilk günlərində məsələnin araşdırılacağı bildirilib.
Jurnalist nəyə görə saxlanması barədə, artıq ona detallı bilgi verildiyini söyləyib: “Nəsimi rayon Polis İdarəsində bir neçə il əvvəl barəmdə cinayət işi açılıb. Məni Cinayyət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham edirlər”.
***
Fikrət Hüseynli Kiyevdə bir neçə gün olub və Ukrayna ərazisini tərk edərkən saxlanılıb. Kiyevdə olarkən o, izlənildiyini hiss edib. Bu barədə onun özü məlumat çatdıra bilib.
***
Fikrət Hüseynlinin Kiyevdə saxlanması ilə bağlı əldə olunan yeni məlumata görə, ona qarşı ittihamlardan biri də mühacirətə getdiyi zaman Azərbaycan sərhəddini qanunsuz keçməkdən ibarətdir.
Sərhədsiz Reportyorarın Ukraynadakı nümayəndəliyi hadisəni dərhal nəzarətə götürüb və nümayəndə Oksana Romaniuk bu məsələ ilə bağlı öz facebook profilində də məlumat yayıb.
Ukraynanın kütləvi informasiya vasitələri də hadisə barədə ətraflı məlumat alaraq, yayıb.
Holandiyanın xarici işlər Nazirliyi məsələ ilə bağlı məlumatlandırılıb və yaxın saatlarda Hollandiyanın Kiyevdəki səfriliyinin nümayəndəsi Fikrət Hüseynli ilə saxlandığı yerdə görüşəcək.
Məsələ ilə bağlı AŞ PA-dakı Ukrayna nümayəndəliyi və rəhbərliyi də məlumatlandırılıb.
Ukraynada qeyri hökumət təşkilatları ilə əlaqə saxlayırıq və yaxın saatlarda onu vəkillə təmin edə biləcəyik.
***
Jurnalist Fikrət Hüseynli Kiyev Borispol aeroportunda saxlanılaraq təcridxanaya aparıldı.
O, Azərbaycan hökumətinin İnterpola verdiyi sorğu əsasında saxlanılıb. Əməkdaşımızla telefon danışığında Fikrət Hüseynli bildirib ki, ittihamın məğzi ona bəlli deyil.
Xatırladaq ki, F. Hüseynli Niderland vətəndaşıdır. O, Turan TV ilə əməkdaşlıq edir və Azərbaycanlı mühacirlər arasında siyasi fəallığı ilə fərqlənir.
Mühacirətə gedərkən Azadlıq qəzetinin əməkdaşı idi və davamlı təqiblərə görə ölkəni tərk etməyə məcbur olmuşdu. 2006-cı ilin mart ayının 6-da axşam saatlarında Bakının mərkəzi küçələrində kimliyi bilinməyən şəxslər onu döyüb, boğazını kəsib, barmağını sındırmışdılar. Faktla bağlı cinayət işi qaldırılsa da, cinayətin üstü hələ də açılmayıb.
azadlıq. info
Oxunub: 3102