İraq mərkəzi hökuməti kürd rəhbərliyinə bağlı Peşmərgə qüvvələrinə bazar gününədək Kərkükdəki mövqeləri tərk etmək haqqında ultimatum verib.
Ultimatum minlərlə döyüşçüdən ibarət ümumi İraq hərbi güclərinin Kərkükə yaxınlaşmasından sonra verilib. Ultimatumda Bağdadın Peşmərgəyə 6 iyun 2014-cü il sərhədlərinə çəkilmək göstərişi verdiyi açıqlanır.
Milliyyətcə kürd olan İraq prezidenti Fuad Masumun da məsələ ilə bağlı Süleymaniyyədə İKBY rəhbərləri ilə görüşdüyü bildirilir. Cümə günü Peşmərgənin Kərkükün cənubundakı Tuzhurmatun Şiə Türkmən qəsəbəsini İraqdakı güclərə təhvil verdiyi qeyd edilir.
2014-cü ilin iyun ayında DEAŞ qüvvələri Bağdadın şimal və şərqində böyük bir ərazini ələ keçirmişdi. DEAŞ oradan çıxarıldıqdan sonra İKBY qüvvələri bu bölgələri də idarə etməyə başlamışdı. ABŞ müdafiə naziri Jim Mattis cümə günü İraq və Kürd regional hökuməti arasındakı gərginliyin qarşısını almaq üçün çalışdıqlarını söyləmiş və “diqqəti DEAŞ ilə mübarizəyə yönəldin” demişdi.
Bu arada da Kərkük şəhərində Peşmərgə və Haşdi Şabi gücləri arasındakı gərginliyin davam etdiyi, tərəflər arasındakı məsafənin 10 metrə qədər yaxınlaşdığı, qarşılıqlı xəndəklərin qazıldığıxəbər verilir. Kərkükün Havice mahalının DEAŞ-dan geri alınmasının ardından, İraq ordusu, Haşdi Şabi və federal polis qüvvələrinin bölgəyə istiqamətli hərbi gücünü artırdı.
Kərkükün qərbindəki 5-ci Cəbhə Peşmərgə komandiri Kamal Kərkükdə Haşdi Şabi və ona dəstək verən qüvvələrin şəhərə hücum etməsi halında “çox böyük tarixi bir səhv” edəcəklərini deyib. O, mətbuat konfransında məsələ ilə bağlı açıqlamasında 2014-ci ildə İraq orusunun Kərkükdə,buraxdığı hava limanı, strateji hərbi nöqtələr və neft quyuları kimi bölgələrdən çəkilməyəcəklərini bildirib. “Hər cür hazırlığımızı gördük. Əlbəttə, döyüş olmasını istəmirik. Çünki belə bir vəziyyətdən hər iki tərəf də zərərli çıxacaq”, –deyə o vurğulayıb.
Oxunub: 278