YAP hakimiyyəti 24 il ərzində demokratiyanı söyüb, avtoritarizmi öyməklə məşğul olub. Bu rejimin avtoritarizmə sevgisi o qədər böyük olub ki, hətta 20 faiz ərazimizin işğalına “yaşıl işıq” yandırmış Rusiyannın qarşısında təzim etməkdən də çəkinməyiblər. Noyabrın 24-də hakimiyyət ədalətə,azadlığa,demokratiyaya nifrətini bir daha göstərdi və düşmən Ermənistanı önə çıxarmaqdan da imtina edə bilmədi. Təbii ki, bu qədər rüsvayçı mövqedən sonra, beynəlxalq aləmin qarşısında limitin bitdiyi bir dövrdə, yeganə çıxış yolu kimi Avropanı söyməyə start veriblər. Amma yenə də bütün ittihamları bumeranq effekti verib.
Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov mətbuata geniş açıqlama verib və Qərbi, Avrpanı “xristian klubu” adlandırıb, Azərbaycana qarşı ədalətsiz mövqe tutduqlarını vurğulayıb, Azərbaycan ictimaiyyətinin Avropanın mövqeyindən son dərəcə narahat olduğunu bildirib.
“Nahaq yerə Avropa İttifaqını – xristian klubu adlandırmırlar ki! Niyə Avropa Şurası da xristian klubu olmasın. İslamofobiyanın bu səviyyəyə çatdığı bir zamanda ona kim mane ola bilər. Elə bu yolla da istədiyi “əsas məqsədinə” çata bilər. Belə olmasaydı, ötən illər ərzində, Avropa Şurasına üzv ola-ola Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistanla əlaqədar, heç olmasa, bircə dəfə bir yerdə bir söz deyər, mövqe bildirərdi. “Bu gün radikalizm, terrorizm, separatizm, miqrasiya, kütləvi qırğın silahlarından istifadə nə üçün belə geniş vüsət alıb? Bütün bunların səbəbləri nədir? Dünya birliyi hara istiqamət götürüb? Sabit, təhlükəsiz və davamlı inkişafı təmin edən gələcəyə tam təminat və əminlik varmı? Əminəm ki, dünyanın hər yerində, elə Avropada da mənim fikirlərimi bölüşənlər çoxdur” – deyə Novruz Məmmədov bildirib.
Əvvəla, Novruz Məmmədova xatırlatmaq istəyirik ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıyan 2 qətnamə qəbul edib, Almaniya Bundestaqı Azərbaycanın işğala məruz qaldığını birmənalı şəkildə qətnaməyə daxil edib, ABŞ-ın 22 ştatı Xocalı soyqrımını tanıyıb və bununla bağlı tədbirlər keçirib, BMT-nin 4 qətnaməsi var və s. Amma YAP hakimiyyətinin təzim etdiyi Rusiya qondarma erməni soyqırımını tanıyıb və bu gün də 20 faiz ərazinin işğalda qalması üçün Ermənistana ən yüksək səviyyədə dəstək göstərir. Bütün bunların fonunda heç bir hökumət nümayəndəsi Rusiyanın ermənipərəstliyinə mövqe bildirməyə cəsarət etmir. Təkcə bu fakt göstərir ki, Azərbaycan hakimiyyətinin demokratik dünyayla düşmənçiliyi Qarabağ məsələsinə, milli maraqlara görə deyil.
İkincisi, Novruz Məmmədova yekə bir sual vermək istəyirik. Əgər, Avropa İttifaqı, Avropa Şurası, ümumiyyətlə qərb təşkilatları Azərbaycana qarşıdılarsa, niyə əlaqələri birdəfəlik kəsmirsiz? Niyə Avropa strukturlarından bu günə qədər milyardlarla kredit və yardımlar alınıb? Niyə ölkədə Avropa oyunları keçirildi və bu, hakimiyyətin ən böyük uğuru kimi təqdim edildi? Niyə hamınızın müalicəsi, istirahəti, övladlarınızın təhsili, var-dövlətiniz Avropa ölkələrindədir? Azərbaycanın xarici ticarətinin 47 faizi həmin Avropa ölkələrinin payına düşür, bu günə qədər ölkəyə daxil olan 150 milyard neft pulunun böyük hissəsi Avropadan gəlib. Niyə bu əməkdaşlıqdan imtina etmirsiz?
Dünənə qədər Avropa Şurasındakı üstün mövqeyinizlə öyünürdünüz, BMT-də müvəqqəti sədrlik etdiyinizə görə qulaqlarımızı yağır etmişdiniz. İndi necə oldu ki, bu boyda fəaliyyət “xristian klubu” formasına düşdü? Dünya Bankından, BVF-dən, Avropa istehsalı olan maşınlardan, texnikadan, sənaye məhsullarından niyə qurtula bilmirsiz? Bugünlərdə Fərid Qayıbov Avropa Gimnastika Federasiyasının prezidenti seçildi. Azərbaycana qarşı ikili standartlar varsa, niyə həmyerlimiz ən yüksək posta seçildi? Rüşvətlə ələ aldığınız adamlar sayəsində “Demokratiyaya doğru bir addım”, “Azərbaycanda şəffaf seçki keçirilir” kimi “tərif”lər alanda, Avropa yaxşıydı, amma demokratiya, insan haqları tələbi gələndə “ermənipərəst”, “xristian klubu” olur?
Və nəhayət, başqa vaxt tolerantlıqdan, multikuturalizmdən dəm vuran hökumətin “xristian klubu” arqumentiylə ortaya çıxması absurd deyilmi? Görünən budur ki, hökumətin bu məlum siyasəti də qeyri-səmimilikdən yoğrulubmuş. Dünyanı ağlara-qaralara bölən, insanları əqidəsinə, irqinə, düşüncəsinə görə qiymətləndirən məhz YAP rejimi imiş.
Çox istəyərdik ki, hakimiyyətin Avropa ilə düşmənçiliyi milli maraqlara görə olsun. Amma bu günə qədər olanlar da göstərir ki, hökumətin bütün addımları daha çox talamağa, daha çox hakimiyyətdə qalmağa, daha rahat şəkildə insanların haqqını tapdamağa hesablanıb. Əgər Avropa Birliyi Azərbaycan hakimiyyətindən siyasi islahatlar tələb etməsəydi, yalnız iqtisadi əməkdaşlıqla kifayətlənsəydi, bu gün AzTv-lərdə Avropa liderlərinin şərəfinə “ciyər axşamı” verirdilər.
Müxtəsər, Novruz Məmmədovun “ətirli” açıqlaması da Avropa Birliyi ilə münasibətləri gərginləşdirməyə hesablanıb. Hakimiyyət demokratların deyil, avtoritarların sırasında addımlamaq istəyir. Normal idarəçilik, xalq sevgisi, dövlət maraqları bu koamandanın təfəkkürünə yaddır. Belə olan halda “milyarderlər klubu”nun “xrisitan klubu”nu sevməməsi təbiidir. Novruz Məmmədovun komandası qanunlara təpik atan klubları sevir.
Akif
Oxunub: 1210