Azərbaycanı bu hakimiyyət Azərbaycan xalqına qaytarmalıdır. Çünki Vətənin imkanlarından hər bir Vətəndaşın bəhrələnmək, hər bir Vətəndaşın faydalanmaq haqqı var. Bu gün Respublika insanlara ölkədən daha çox ölüm kabusunu xatırladır. İşsizlik, tibbi müalicəsizlik, böhtana məruz qalmaq (bunlar siyasət elmini böhtanla qarışdırırlar), Vətəndaş hüquq və azadlıqlarının amansızcasına “qarət” və “talan” edilməsi dediklərimin əyani sübutudur. Ancaq unutmayaq ki, Xalq Azərbaycan dövlətçiliyinin təməlini dağıdan komandadan dövlətçiliyimizi qorumaq hüququnu özündə saxlayır. Bu hüququ ona iqtidarın cəmiyyətdən gizlətdiyi Konstitusiya verib. Fərqli əhval-ruhiyyəli insanları həbsxanalara doldurmaq, təbii ki, insanların düşüncə müxtəlifliyinə qarşı olmaqdır. O insanlar nə deyir ki ? “Rüşvət və korrupsiyadan uzaq idarəçilik yaradın” deyirlər. “24 ildir hakimiyyət olaraq ərazi bütövlüyümüzü bərpa edə bilmirsiz” deyirlər. “H. Əliyev oğlunu prezident gətirməklə şəxsi maraqlarını dövlət maraqlarından üstün tutdu” deyirlər. Deyirlər 1-ci vitse-prezidentə qədər bu komandanı dünya büdcədən milyonları “israf” etməkdə günahlandırırdısa, indi milyardları “israf” etməkdə günahlandırır(yox, bu cümlə mənimdir). Hələ də başa düşmürlər ki, bu insanların həyatını oğurlamaq bir problemin belə həlli deyil. Bu, sizi hansısa uğura, irəliləyişə aparmır. Belə olan halda, oğurladığınız insan həyatlarını elə həmin insanlara da geri qaytarın. Əks halda, bunu sizdən Azərbaycan ictimaiyyəti tələb edəcək. Bütün sahələrdə yarıtmazlığına, bacarıqsızlığına görə hakimiyyət ölkə üçün böyük bir təhlükədir. Bu idarəçiliyi 9 ballıq şkala üzrə baş vermiş zəlzələlərin nəticəsi ilə müqayisə edərdim. Çünki ölkəmiz sosial, siyasi, iqtisadi, elmi və digər sahələrdə bünövrəsinə qədər uçulmuş vəziyyətdədir. Millət kimi sabahımızı, özümüzü, Vətənimizi itirməkdəyik. Bu komanda bir həqiqəti başa düşməlidir. Azərbaycan xalqı bir ovuc insanların şəxsi mənafeyi və maraqları naminə müstəqilliyini qazanmayıb. 20 yanvarda rus BTR-ni, rus tankını sinəsinin üstündən ona görə keçirməyib ki, kütlə, qara camaat adı alsın, müstəqillik “meyvəsinin” necə bir dadlı nemət olduğundan xəbərsiz qalsın. Ərazi bütövlüyümüz uğrunda 10 minlərlə insan həyatını, minlərlə insan sağlamlığını bu hakimiyyətin rahatlığı üçün verməyib. Məmurların sadə vətəndaşlar səviyyəsində yaşamağa haqqı var. Özünü göylərə qaldırmaq, qalanlara yuxarıdan aşağı baxmaq, bir sözlə maddi baxımdan kasıb olanlarla öz arasında “çəpər” çəkmək insanlıq deyil. Çox təəssüf ki, bu, belədir. Dəhşətə baxın, 21-ci əsrin iqtidarı soğan ixracını tarixi “rekord” həddinə çatdırmasıyla öyünür. Əslinə baxanda başqa nə ilə öyünə bilər ki ? Belə çıxır ki, bunlara görə Azərbaycan soğan, pomidor sənayesi üzrə dünyanın lider dövlətidir. Azərbaycan cəmiyyətini bataqlığa çevirmiş bu idarəçilikdə yaşamaq hər bir ölkə vətəndaşından risk tələb edir. Çünki batmaq mümkündür. Bu gün minlərlə ailələr var, quru çörəyi də qənaətlə yeyirlər. Çünki, sabah o çörəyi qazana bilməmək təhlükəsi var. Azərbaycanı bütün bəlalardan xilas edə biləcək bir güc, bir qüvvə tanıyıram. O gücün, qüvvənin adı Azərbaycan xalqıdır. Ölkəni bu hakimiyyət şəxsi maraqları naminə o qüvvədən məhrum edib.
Oxunub: 610