Politoloq Nəsimi Məmmədli özünün fb səhifəsində Ağcabədi rayonundan keçərkən pambıq fermerlərindən biri ilə söhbətini paylaşıb. Müstəqil Azərbaycanda sovetin vaxtında formalaşmış rüsvayçı ənənələrin bərpa edildiyi-əlavə plan, tibb və təhsil işçilərinin pambıq yığımına cəlb olunduğu bəlli olub:
“Adətən pambıq yığımı oktyabr ayında yekunlaşırdı. Ancaq nədənsə dekabr ayının 10-u olsa da, hələ Ağcabədi rayonunda pambıq yığımı davam edir. Yeni kombaynlar pambığı təmiz yığa bilmir və tarlada xeyli pambıq qalır.
Sahəsində kombaynla yığım edən fermer bizi görüb yanımıza gəldi. Yarıciddi-yarızarafat “proletariatdan qonaqlara salam olsun” deyərək, kimliyimizlə maraqlandı. Təsadüfən yoldan keçən vətəndaşlar olduğumuzu və pambıq yığımı ilə maraqlandığımızı dedim.
Xatırlaya bilməsə də, məni haradansa tanıdığını israrla deyən fermer, öz problemlərindən danışmağa başladı. Sahədən 5 ton pambıq yığsa da məntəqədə onun 2 tonunu zibil kimi qəbul etməyiblər. Sahəsində hələ pambıq qalsa da, heç kim yığmağa maraq göstərmir. Çünki əziyyəti çox olduğundan camaat bu zəhmətə qatlaşmaq istəmir. Əsil proletariat olduğunu kinayə ilə deyən fermer dövlətə də, camaata da borclu qalıb. May ayında işlətdiyi fəhlələrin əmək haqqını 5-6 gün olar ki borc-xərc edərək ödəyib. Bir neçə gün öncə prezident bu rayona səfərdən döndükdən sonra rayona əlavə pambıq planı qoyulub. Bütün idarə-müəssələr, xüsusilə də tibb və təhsil işçiləri səfərbər edilib tarladan 20 ton əlavə pambıq yığmalıdırlar. Hələ gələn il daha çox sahədə pambıq əkməyi də tapşırıblar. Fermerlə mehribancasına görüşüb ayrılanda, ona dedim ki, sənin adını çəkmədən bu problemləri ümumi şəklidə ictimailəşdirərəm. Son sözü bu oldu: “Görəsən bu ölkədən baş götürüb hara gedə bilərəm?” Ona ötəri də olsa nə etməli olduğunu izah etdim…”
Oxunub: 354