İntihar kabusu yenidən ölkənin gündəmini zəbt edib. Son iki həftədə intihar edən insanların sayı 15-i keçib artıq, çoxu da gənclər. Məlum olduğu kimi, onların arasında gənc şair Məlik Cahan da var. Gənclərimiz niyə intihar edir? Bu dəfə sualı elə gənc yazarların özlərinə ünvanladıq. Onların ürəyi də yetərincə doludur, özünüz oxuyub görəcəksiniz…
-İntiharın səbəbi bəzən o qədər sadə, bəzən o qədər dəhşətli olur ki… Ötən əsrin əvvəlində, intihar edən yapon yazıçısı intihar etməzdən əvvəl məktub yazıb qoymuşdu və məktub belə başlayırdı: “Əlbəttə, ölmək istəmirəm, amma… Bir çox psixoloq əslində intihar edənin ölmək istəmədiyini, lakin olanlara bir son vermək naminə intihar etdiyini bildirir. Gənclərin intiharının səbəbləri çox sadə ola bilir: bəzən hamının çəkdiyi çətinliklərə qarşı ümidsizliyə düşmək, bəzən sevdikləri insanlar üçün önəmsiz biri olduqlarını düşünmək, bəzən də ədalətsiz cəmiyyətdən intiqam almaq.” Bu gün şübhəsiz ki, Azərbaycanda gənclərin intihar səbəbinin böyük hissəsi işsizlik, sosial problemlər, pulsuzluq, ədalətsiz cəmiyyətdir. Məsələn? Universiteti əla qiymətlə bitirən savadlı insan iş tapa bilmədiyi dövrdə, hansısa nazirin hərf tanımayan övladı vəzifəyə təyin olunur və bu savadlı və işsiz gəncdə psixi sarsıntı yaradır. Bu sarsıntılar zamanla daha bir neçə dəfə təkrarlandığı zaman artıq intihara qədər gedib çıxa bilir. İnsanlar hər şeyin düzələcəyinə ümid etdikləri müddətcə həyata dirənir, yaşamağa çalışır. Ancaq uzun müddət problemlərin düzəlməyəcəyini görəndə, artıq ümidlər məhv olur. İntihar etmək mənə görə zəiflikdir, düşdüyün çətinliklərə, sosial problemlərə, diktator rejiminə məğlub olmaq, sevdiklərinə xəyanət etməkdir. Problem bataqlığından çıxmaq üçün intihar etmək kimi asan və mənasız addımdansa, mübarizə aparmaq, həyat eşqini geri qazanmaq lazımdır!
Bu gün Azərbaycanda intiharların qarşısını almaq üçün köklü şəkildə islahatlar gərəkdir. İşsizlik, sosial ədalətsizlik aradan qaldırılmalı, gənclərə qayğı sözdə deyil, əməldə həyata keçirilməlidir. Bu gün Universitet oxuyan gənc təhsil haqqı dərdi çəkir, universiteti bitirən gənclik işsizlik problemi yaşayır, evlənən gənc ev sıxıntısı, ailəsinə bir tikə çörək apara bilməyin sıxıntısını çəkir, reallığımız o qədər acınacaqlıdır ki, bunları sabaha qədər uzatmaq olar. Əfsus ki, bu gün Azərbaycan gəncliyi dövlətin qayğısını arxasında hiss etmir, problemlər bataqlığında boğulur. İntiharların qarşısını almaq üçün, dövlət səviyyəsinə böyük işlər görülməlidir!
Mirbağır Bünyatlı:
– İntiharların bir çox səbəbi var. Cəmiyyət dəyişməlidir və mənim fikrimcə, hər bir ölkədə cəmiyyətin dəyişməsi elmin, təhsilin, maarifçiliyin önə çəkilməsi ilə başlamalıdır. Bugünkü Azərbaycan televiziyalarını götürək. Onlar kütlənin tələbini yaxşı bilir və proqramları da ona uyğunlaşdırırlar. İnformasiya əsrində yaşayırıq, baş verənlərdən hamının xəbəri varsa, deməli yuxarı dairələrin də xəbəri var. Məsələn, elə bir şey yaratmaq olmazmı gənc istedadlar seçilsin, tapılsın, aşkarlansın, onlar diqqətdə saxlansın. Adi bir təşkilat yaratmaqla hll etmək olar bu məsələni. Necə ki, Azərbaycanda təhsil ilə bağlı nə qədər təşkilat var. Təhsil nazirliyi var, təhsil şöbəsi var, dövlət imtahan mərkəzi var. Qoy, gənc istedadları da bir araya toplayan təşkilat olsun. Bəlkə, belə bir işləyən qurum olsaydı Məlik Cahan kimilər intihar etməzdi heç. İndiki halda cəmiyyət istər-istəməz onları sıxışdırıb kənarlaşdırır, hər yerdə biganəlik hökm sürür. Bu gəncləri qorumaq üçün nəsə etmək lazımdır. Məktəblərdə psixologiya müəllimi deyilən bir ştat var. Gedək görək məktəblərdə psixologiya müəllimi deyilən şəxsi tanıyırlar. Psixologiya müəlliminin adı var, özü yoxdur. Ümumiyyətlə, “psixologiya” anlayışı nədir, bilirlərmi… Bu iş sistemli aparılmalı, məktəbdən, ən adi şeylərin öyrədilməsindən başlamalıdır. Çox halda uşaqlar elə məktəbdə mənasını anlamadığı terminlərdən zədələnir. Mən tarix müəllimiyəm. Qonşudakı 1-ci sinif uşağının məsələsini valideyni həll edə bilmirdi, mənə gətirdi. İnanın, mən özüm də çətinlik çəkdim o məsələni həll etməyə. Belə proqramla uşağa elm öyrətmək olmaz. Cəmiyyət üçün açıq gözlü fərdlər yetişdirmək lazımdır. İstək olsa, çox şey etmək olar. Amma bizim deputat deyirsə ki, müəllim dərsdən sonra gedib daş daşısın, o cəmiyyət artıq faciənin dibindədir. Yapona sual verirlər ki, niyə elmə bu qədər maya qoyursunuz. Cavab verir ki, biz müəllimə Tanrı kimi baxırıq…belə bir mühitdə yaşayırıq. Yəni mühitin də adı var, özü yoxdur. Cəmiyyət belə olmamalıdır. Təklənməyin, intihara aparan yolun bir sıra səbəbləri var- sosial, psixoloji amillər, milli adət-ənənələrin rolu, valideyn-övlad münasibətləri, kökləşmiş, daşlamış ənənələrimiz. Bəzən insan bunlara üsyan etmək istəyir, amma görürsən ki, ya cəmiyyət səni “dəli” adlandıracaq, ya da işindən olacaqsan. Məsələn, mən motivasiya olaraq məşğələnin ortasında bir şeir deyirəm. Eşidirəm valideynlər danışır ki, o nə bilir məşğələ keçməyi, məşğələdə şeir deyir. Məsələ budur ki, cəmiyyətin hər pilləsi dibinə qədər problem içindədir. Aşağı ilə yuxarı arasında da dəhşətli uçurum var. İqtisadi uçurum, sosial uçurum, milli-mənəvi uçurum… Adam tanıyıram ki, kənd icra nümayəndəsindən arayış alanda rüşvət verir, sonra 2500 manat ödəyib Həccə şeytana daş atmağa gedir. Həm də bilir ki, qonşu tələbənin 100 manata ehtiyacı var, desən, ona yardım etməz.
Çıxış yolu nədir? İlk növbədə hakim dairələr bu məsələyə ciddi münasibət göstərməlidir. Əli çatan bütün orqanlarda, təşkilatlarda, hətta məktəblərdə maarifləndirmə aparılmalıdır, tədbirlər keçirilməlidir, təşkilatlanma olmalıdır. Dərslikləri məktəbdən xəbəri olan müəllimlər yazmalıdır. Məktəblərdə hələ uşaqlar “kurikulum” sözünü deyə bilmir. Məktəb elə bilik verməlidir ki, orda özünü tanıyan, bilən fərdlər yetişsin və o, asanlıqla cəmiyyətə inteqrasiya olunsun. Çünki təhsilimizlə cəmiyyətin durumu arasında uçurum olanda bu, faciələrə gətirir. Cəmiyyətin yazarı intihar edirsə, o cəmiyyət mənəvi olaraq artıq intihar etmiş cəmiyyətdir. İnsanlar yaşamaq üçün gün boyunca işləmək məcburiyyətindədir. Bəzən qınayırıq ki, kitab niyə oxunmur. Sosial vəziyyəti bərbad olan, 12-14 saat işləmək məcburiyyətində qalan bu gənclik necə oxusun axı. Bütün əsəb, sinir sistemi məhv olur insanın, istirahət edə bilmir o gənc, necə oxusun ki. Əgər Azərbaycan cəmiyyətində insanların sosial həyatında yaxşılığa doğru azacıq dəyişiklik olsa, burdan Viktor Hüqolar da çıxar, Eynşteynlər də. Ölkədə bu işsizlik deyilən bəladan qurtarmaq lazımdır ailələri. Dağıntılar da, ailə faciələrinin kökündə də elə o durur.
Ələsgər Əhməd:
-İntiharın ən böyük səbəbi insanların tənhalığıdır. Gənclər cəmiyyətdən istədiyi münasibəti görmədiyi üçün tənhalaşır. Əgər cəmiyyət məndən istədiyi münasibəti görmürsə, məni uzaqlaşdırır, çünki cəmiyyətin istədiyi münasibət mənim xarakterimə uyğun deyil. Bu gün çevrəmizdəki bütün insanların başqasının həyatına böyük marağı var. İnsanlar öz işi ilə məşğul deyil. Bu məni narahat edir. Ölkənin 90 faizi ancaq başqasının həyatını analiz etməklə məşğuldur. İkinci məsələ. Ölkədə istedadsızları maliyyələşdirirlər, istedadlılar qalır kənarda. İstedadlı insan, sanki kimsəyə lazım deyil. Görünür, ikinci 37 nəslinin yetişməsini istəmirlər. Bir ölkəni məhv etmək üçün onun ədəbiyyatını məhv etmək yetər. Elə insanları şair edirlər, xalq şairi edirlər ki, qalırsan belə. Bunda millətin də günahı var, hansısa yazarın insani keyfiyyəti yoxdursa, onun nəzmi də, nəsri də mənim üçün önəmsizdir, çünki qeyri-səmimidi. Məsələn, bir yetimdən yazar, onu himayəsinə götürməz, bir həyatı məhv olmuş qadından yazar, onu özünə qadın etməz, yaxud da sevgidən yazar, xəyanət edər, digəri yazısında xəyanəti pisləyər, sevgilisi ilə görüşə 3-4 qadına ağzısulu baxa- baxa gələr. Ona görə də, oxucu bu yazarları izləməsin gərək heç. Beləsinin milləti təhqir etdiyi statusa 300-dən artıq “like” gəlirsə, deməli, o təhqirə millət özü şərait yaratmış olur. Bir ölkənin “yazarı” ət məhsulları ilə gündəmə gəlirsə, hansı ədəbiyyatdan danışaq? İstedadsızlar muzdlu düşmən əsgərləridi. İstedadlı gənc yazarların intihar səbəblərindən biri də ədəbi diqqətsizlikdir. Bir adamın ki, çox gözəl yazdığı şeirə olan diqqətsizliyə mən üzülürəmsə, görün indi o nə çəkir. Adam öləndən sonra oxucular, saytlar ayılır, amma nə xeyri? Məlik Cahan da belə laqeydliyin, tənhalığın qurbanı oldu. O mənim ən yaxın dostum idi. Mənim dostumun ölümünü gülüş obyektinə çevirənlər, reklam üçün ona şeir yazanlar, təhqir edənlər, dəniz qırağına, dəfnə gəlməyib də, onun üçün nə vaxtsa tədbir keçirdiyimiz halda gəlmək istəyənləri (gəlməsinlər) biz utandırıb peşman etməmişdən öncə, özləri özlərindən utanıb peşman olsunlar. Bunları görəndə insan özünə rəhm edir. Düşünür ki, intiharın qarşısını almaq mübarizə aparmaqdır, belələrinin acığına…
Sahib Nəbiyev:
-Mən məsələyə geniş prizmadan yanaşmaq istəyirəm. Mən bunu birbaşa psixologiyaya, sosiologiyaya və ya maddi-mənəvi və ya siyasi tərəflərə bağlamaq istəmirəm. Birinci, dünya təcrübəsindən başlayaq. İntihar mənim üçün aksiom deyil, teoremdir. İntiharın ən yaxşı tərifini Hemenquey verib. Ondan bir jurnalist müsahibə götürür, soruşur “intihar nədir”. O da cavab verir –“intihar sondur”. Dünya ədəbiyyatında ən çox intihar hadisəsi yaşamış adamdır Hemenquey. Onun qohumlarından, yaxınlarından əksər vəfat edənlər intihar ediblər. Hemenquey izah edir ki, intihar edən insan psixoloji cəhətdən də intihar edə bilər, maddi və mənəvi cəhətdən də, siyasi basqıya məruz qalaraq da edə bilər, ailə tərəfindən də basqıya məruz qalaraq da. Yəni hər bir halda insan o zaman sonu yaşayır. Jurnalist soruşur ki, “siz intihar etsəniz, hansı səbəbdən edərsiniz”. O deyir ki, “mənim üçün maddi zövq deyilən bir şey yoxdur, mənəvi zövq var, daim fikir axtarışındayam və hazırda yaşamımda cavab tapmadığım 4 əsas sual var, arzu edirəm onlara gec cavab tapım. Onlara tez cavab tapsam həyatın heç bir mənası qalmayacaq mənim üçün.” O müsahibədən bir həftə sonra da Hemenquey özü intihar edir. Statistikaya görə, 21-ci əsrdə Monqolustan kasıblıq səviyyəsinə görə ən çox intiharlar qeydə alınan ölkədir. Bununla ziddiyyət təşkil edən başqa bir məqam. Dünyada ən çox intiharlar qeydə alınan ölkələrdən biri də ən yaxşı həyat şəraiti olan İsveçrədir. Orda da intihardan öncə gənclər yazıb qoyur ki, “həyatda bütün zövqləri dadmışıq, ölümdən başqa”.
Azərbaycan cəmiyyətinə gəldikdə, mən hazırda bir məqalə üzərində işləyirəm “Cəmiyyətimizdə dəhşətli dərəcədə yayılan iki sindrom-tənhalıq və inamsızlıq.” Öz həyatımızdan baxsam, insanı mənəvi cəhətdən sıxan məhdudiyyətlər və ziddiyyətlərdir. Məhdudiyyətlərdən çox ziddiyyətlər. Məsələn, bir dostum var, 3 ildir onu sevdiyi qızla görüşməyə qoymurlar. Qızın ailəsi onu evdən çıxmağa qoymur. Bu insan artıq potensial intihar edəcək şəxsdir. Mənim öz həyat təcrübəmdə də 3 nəfər intihar etmiş şəxs olub ki, onun sonuncusu bu həftə özünü dənizə atan gənc şair Məlik Cahandır. Məlikin təhsil haqqını ödəyə bilmədiyi üçün intihar etməsi doğru deyil, sadəcə, çox həssas insan idi, hər şey çox həssaslıqla yanaşırdı. Profilinə baxsanız, yazdıqları gecə dayanacaqda gecə dayanıb üşüyən qadın, dilənçi uşaq…
Həmişə qeyd edirəm ki, 21-ci əsrin Azərbaycan tarixində ən bədbəxt gənclik bizik. Çünki biz sovet dövrü ilə müstəqillik dövrü arasında körpü rolu oynamışıq. Bir tərəfdən də sovet dövründə böyüyüb tərbiyə almış nəslin bizimlə düşüncə ziddiyyəti var. Məsələn, ata-anam heç bir mövzuda mənimlə razılaşmaq istəmir. O da 3 sahədə oxuyan qırmızı diplomu adamdır. Valideynlər övladlarla dost olmalıdır, cəmiyyətdə sünilik aradan qaldırılmalıdır. Başqa bir məsələ əxlaq məsələsidir. Bizdə əxlaq qaydası yoxdur, əxlaq etiketi var. İnsanlar görünmək üçün əxlaqlıdırlar, olmaq üçün yox. Yəni bizdə olmaq söhbəti yoxdur, görünmək var. Hər şey bir-birinə bağlıdır. Fərdiyyətçilik olmalıdır cəmiyyətdə. Amma Azərbaycan ölkədir, orda cəmiyyət yoxdur, qəbilə var. Burda az sayda, 10-15 faiz fərdi insanlar var ki, onlardan da ya ailələri imtina edir, ya da onlar ailələrindən imtina edirlər, ya da əsl ziyalı ailələrin nümayəndələridir ki, orda valideynlə uzlaşa bilirlər. Problemin maddi tərəfi də odur ki, Azərbaycan gənci valideyndən asılıdır. Bu asılılıq da böyük bəlalar doğurur. Süni etiket qaydaları, psixoloji və mənəvi olaraq etiket qaydaları aradan qaldırılmalıdır. Hər kəs özünə görə əxlaqlı olmalıdır. Heç kim bir-birinin həyatına müdaxilə etməməlidir. Əlbət ki, sosial məsələ də var. İnsan gün ərzində 12 saat işləyirsə, onun durumu necə ola bilər ki…
Başqa bir tərəfdən, 21-ci əsrdə də Azərbaycan cəmiyyəti öz ziyalısını daşlayırsa, daha sözün bitdiyi yerdir. Bir şair dostum vardı, deyirdi mən vətənə xidmət edərəm, amma vətən də mənə xidmət etsin. Deyir “məni daşlayırlar, mən bu vətənə necə xidmət edim.” Mən 2013-cü ildə 40 ölkədə keçirilən beynəlxalq magistr imtahanında 50 min nəfərin içində fəlsəfə üzrə 5-ci yeri tutmuşdum. Hərbi komissarın yanına getdim, dedi ki, sənin əldə etdiyin uğurdan xəbərim var, bizə də magistrant əsgər lazımdır. Yəni mən o vaxt gedib bir Avropa universitetində oxuyub gəlsəm, daha çox xeyir verə bilərdim. Amma əsgər getdim, nəticəm də batdı.
Anar Əlizadə:
-Gənclərin intiharına stimul verən başlıca amil nədir? Hal-hazırda ədəbi mühitdə çox istedadlı nəsr yazan, nəzm yazan gənclər var, adlarını qeyd etmək istəmirəm, çünki o qədər çox istedad var ki, saymaqla bitməz. Mən razıyam ki, sənət qurban tələb edir, amma bu qurban həyatın olmamalıdır. Bu qurban malın, pulun və daha başqa maddiyyat ilə ölçülən “nəsnə”lər olsun, amma ananın sənə verdiyi həyat olmasın..! Günümüzdə yetərli qədər maddi çətinlikdən ötrü yaza bilməyən gənclər var. İndi deyəcəklər ki, yazan hər yerdə yazar.? Yenicə ailə quran gənc ədib ev kirayəsin necə versin? Ailəsinə çörək pulun hardan gətirsin, hansı redaksiyalar ,hansı saytlar var ki, normal əmək haqqı verir , amma o gənc ədib gedib işləmir. Həə, indi mən danışım Cek Londonun “Martin İden”indən. Orda Martin yeməyə çörək tapmır, velosipedini qoymağa yer tapmır. Bəs bizimkilər niyə bu vəziyyətdə yazıb-yaradıb dünyaya açılmırlar? Həqiqətən də, istedadsızdırlarmı? Bu sualıma özüm cavab verim: Əlbəttə xeyr! Sadəcə, mentalitet məsələsi var; bizim gənclər dözə bilməz anası, atası, bacısı , həyat yoldaşı evdə ac olsun, amma o oturub şeir, hekayə yazsın. Bu da psixoloji gərginlik yaradır, çarə tapmayan gənc intihara qaçır. Bu yaxınlarda bir neçə gəncin intiharın eşitdim, biri də tanışım idi. Əsasında nə durur? Belə bir mühitə sığmır. İntiharlar çarəsizlikdən deyil, iradəsizlikdəndir. İntiharlara son deyək.! Yaşayaq, yaradaq, xidmət edək nə qədər çətin də olsa. Gəncləri intihara sürükləyən başlıca amil mühitdir, insanı hər şeydən soyudan kreslo, vəzifə sahibləri. Bu gün çap olunmaq istəyən gəncə elə cavablar gəlir ki, gənc özünə uzun müddət gələ bilmir, bu əsnada o hər şey edər. Əvvəla, gənc yazara dəstək olmaq üçün yetərli qədər kitabxanalar açılmalı, dövlət səviyyəsində bütün yazarların kitabları alınmalı və təbliğ olunmalıdır, oxuculara çatdırılmalıdır, lazımsa pulsuz..! Mənə gəldikdə isə, mən ədəbiyyatla da, müəllimliklə xalqa xidmət edirəm. Amma yenə də müəllimliyi seçərəm. Yenə bilirəm ki, hər gün 15 uşağa biliyimi öyrədirəm. Amma bu gün monopoliya baş alıb gedən ədəbiyyatda bu bir az qəliz məsələdir.! Nə ədəbiyyat,nə də başqa bir şey intihara səbəb olmasın, ola da bilməz. Yaşayaq, xalq adına xalqa xidmət edək
Ziya Fədai:
Gənc şairlərin intihar etməsini düzgün hesab etməsəm də, onlar da insandır və nəzərə almaq lazımdır ki, şairlər çox həssas olurlar. Bəzən dərdlərini şeirləri ilə dilə gətirsələr də, hər kəs bunun sadəcə şeir olduğunu düşünür və əslində onun təsəlliyə, köməyə ehtiyacı olduğunu anlamır. Şair dünyanın yükü ilə yüklənir, hər kəsin dərdini dilə gətirir, amma hər kəsi xatırladıqca özü unudulur. Şairlər unudulmağı qəbul edə bilmir. Digər tərəfdən maddi, mənəvi zərbələr, çətinliklər və çata bilmədiyi arzular, o yerə gətirir ki, şair şeirlərindəki intihar səhnələrinin baş qəhrəmanına çevrilir. Gənc şairlərə sahib çıxmaq, onları önə çəkmək, zəhmətini qiymətləndirmək və heç olmasa mənəvi dəstək olmaq gərəkdir. Bunun üçün hər kəs əlindən gələni etməlidir. dövlət önə çəkməli, ailə, cəmiyyət və çevrə qayğı göstərməlidir. Şair hər kəsi, hər mövzunu qələmə aldığı, xatırladığı kimi, hər kəs də onu yada salmalı, həyat eşqi verməlidir, həyatdan küsməyə qoymamalıdır. Mənim fikrimcə intihar səbəbi yalnız və yalnız maddi və mənəvi sıxıntılardır. Burada dövlət də, cəmiyyət də günahkardır.
Hazırladı: Səadət
Oxunub: 370